İrəvan İran-Rusiya müharibələri dövründə Layihə

İrəvan İran-Rusiya müharibələri dövründə

2-ci yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında bildirilir ki, ruslar XIX əsrin əvvəllərində və İranla müharibə başlanan vaxt erməni Nersis İskova çar Rusiyasının sərhədləri çərçivəsində erməni muxtar vilayətini yaratmağı söz vermişdilər. Bu vəd təkcə İran-rus müharibəsində erməni silahlı qüvvələrini ruslara xidmət işinə səfərbər etmədi, həm də bir çox ölkələrdə, o cümlədən Hindistanda ticarətlə məşğul olan erməni varlılarının maliyyəsinin “səfərbərliyə alınması” ilə nəticələndi.
...1804-cü ildə Zaqafqaziyada şah ordusu rus qoşunları ilə ilk dəfə üz-üzə dayanarkən Qarabağ erməniləri onlarla birləşərək Qarabağı və Şuşanı ruslara təslim etdilər. Ancaq bu zaman müsəlmanlar İrəvanda və Bakıda ruslara ciddi müqavimət göstərir, hətta rus ordusunun komandanı Sisyanov Bakı qalasının ətəyində öldürülmüşdü. İkinci İran-Rusiya müharibəsində, daha dəqiq desək, 1826-cı ildə də erməni silahlı qüvvələri ruslara əsaslı şəkildə kömək etməyə başladılar. Qarabağlı general Mədətyanın və katolikos İskov Nersisin komandanlığı altında ruslar Abbas Mirzəni məğlub edib, İrəvanı, Naxçıvanı və Zaqafqaziyanın digər şəhərlərini işğal etməyə nail oldular.
Bu xəyanətlərə baxmayaraq, İrəvan şəhərinin kəfən geyinmiş müsəlman alimlərinin və adi insanlarının müqaviməti nəticəsində ruslar dəfələrlə məğlubiyyətə uğradılar. Məhəmməd Həsən xan bir məktubunda İrəvanın üləma və ağsaqqalarını bu cür təsvir edir: "...Sizə məlum olduğu kimi, rus kafirləri Gəncə şəhərinin əhalisinə qalib gəlmiş, onları qətlə yetirmiş, əsir almış və həmin şəhərdə möhkəmləniblər. Rusların qoşun hissələri Car və Tələyə gecə hücum edib, həmin yerlərə ciddi ziyan vurublar. Onlar orada ordu saxlamış və sərkərdə Şahbazur İrəvan şəhərinə qarşı döyüşə gedib. Aləmin və xalqın pənahı, düşmənləri məğlub edən... Fətəli şah... onları cəzalandırmağa gəldi. O, düşmənləri tələyə salıb, mühasirəyə alaraq ildırım kimi çaxan qılınclarla ehtiraslı kafirləri yuxudan oyatdı... Eşitmişəm ki, çeçen, kabardin və hüri xalqı məğlub olmuş əsgərlərə yardım aparan kafirlərin yolunu Mazdokda kəsmişlər. Onlarla üzbəüz döyüşə girmiş və heç kim tərəfindən göstəriş almadan Allahın fərmanı və peyğəmbərin buyruğu ilə islamın və müsəlman dövlətinin qeyrətini çəkmişlər (Xudavəndi-təala onların üzlərini ağ etsin və onlardan razı olsun!). İndi onların qarşılarında Dərbənd yolundan başqa bir yol yoxdur. Onları xüsusi diqqətlə izləyin, əgər gəlsələr yollarına sədd çəkin. Necə olursa-olsun, onların Dərbənddən keçmələrinə yol verməyin. Elə ki, Dərbənd istiqamətdən yolu bağladınız, bizdən yardım üçün əsgər istəyin və xudavəndi-təalanın köməyi ilə göndərəcəyik. Biz Dağıstan əmirlərinə də məktub yazmışıq, onlarla da məşvərət keçirə bilərsiniz. Bu xeyirli əmrlə razılaşsanız, Allah-təala da sizdən razı qalacaq. Bu, sizə, başqa əmirlərə, bütün qeyrətli və islam təəssübü çəkən müsəlmanlara vacibdir. Müsəlmana kafirlərlə dostluq etmək və onlardan ənam almaq caiz deyil. Onların müsəlmanlara yaxşılığı müsəlmanlar üzərində qələbə çalmaq üçündür. Qələbə qazanan kimi dostluqlarına əncam çəkmək və islamı məhv etmək, nadanlığı və azğınlığı yaymaq istəyəcəklər. Bu fani dünyadan bir şey əldə etmək olmaz, çünki dünya gedəri, axirət əbədidir. Müsəlman mütləq Allahın və onun rəsulunun xoşuna gələn işlər görməlidir. Müsəlman Allahın əmrinə, peyğəmbərin buyruğuna əməl etmək üçün cihad etməlidir. Sizin üləmalarınız da sizə bunu demişlər".
Hüseyn xan Sərdar öz ixtiyarında olan kiçik qüvvə ilə qələbəyə imkan yarandığını hiss etdi. İrəvan şəhərinin üləmalarını və ruhanilərini dəvət edərək onlardan şəhərin müsəlman əhalisini cihada, döyüşçülərin və müdafiəçilərin sıralarına qoşulmağa vadar etməyi xahiş etdi. İrəvan komandanının xahişi ilə üləmalar və ruhanilər şəhərin müsəlman əhalisini düşmən əleyhinə qaldırmaq, döyüşə təşviq etmək və kəfən geyinib ələ silah götürmək üçün hərəkətə gəlib, xalqın arasına girdilər. Onlar şəhərin küçə və xiyabanlarını dolaşır, camaatı məscidə toplayaraq gurultulu xütbələrlə onları cihada səsləyirdilər.
İrəvan üləmalarının dəvəti nəticəsində qeyrətli müsəlmanların əksəriyyəti ələ silah götürüb, Hüseyn xan Sərdarın rəhbərliyi altında İrəvanın müdafiəsinə qalxırlar. O da döyüşçüləri qarşıdakı istehkamlara doğru apardı. Rusların hücumu güclü top atəşləri ilə müşayiət olunurdu. Qarşı tərəf də bir neçə ədəd topla düşmənə cavab verirdi. Gərgin döyüş gedirdi. Bu qanlı davada rusların həmlələrinin qarşısı xüsusi əzm və şücaətlə döyüşən insanların igidlik və mərdliyi hesabına alındı. Müsəlmanlar tərəfindən belə bir mətanət gözləməyən düşmən qüvvələrinin komandanı qorxuya düşüb geri çəkilməyə məcbur oldu və Hüseyn xan Sərdarın fərmanı ilə çevik süvarilər onları təqib etməyə başladılar. Fərarilərin böyük bir hissəsi geri çəkilərkən məhv edildi. Bu qanlı döyüş meydanında 40 nəfərdən artıq müsəlman döyüşçüsü şəhid oldu, düşmən qüvvələrindən isə 400 nəfər məhv edildi.
Ruslarla üz-üzə dayanan İrəvan müsəlmanları Osmanlılarla əməkdaşlıq etməyə başlasalar da, bu əməkdaşlıq uzun müddət davam etmir. Xanək Eşqi yazır: "İrəvan sərdarı Hüseynqulu xan özü şəxsən çox istəyirdi ki, Ərzurumun qoşun başçısı Əmin paşa ilə görüşsün. Uzun müzakirələrdən sonra iki sərkərdənin Arpaçayın sağ sahilindəki Magizborda qalasında görüşməsi qərara alındı. 1811-ci ilin 30 avqustunda Ərzurumun qoşun başçısı ilə İrəvan sərdarı adı çəkilən yerdə görüşdülər. Onları müşayiət edən pəhləvanlar qədim şərq adətinə uyğun olaraq rəngarəng paltar geyinib, nizamla bir-birlərinin ardınca gedirdilər. Onların ayaqlarının səsi və onları müşayiət edən musiqinin ahəngi Arpaçay boyunca əks-səda verirdi. 150 nəfərlik hərbi süvarinin silahı, geyindikləri paltarlar və bəzəkli atlar bu görüşü xüsusi təmtəraqlı edirdi. Bu zaman at üstündə olan kürdlərdən biri çaparaq qoşun böyüyünün yanına gəlib, əlindəki tapança ilə sərdara tərəf atəş açdı və güllə onun başına dəydi. Əmin paşa atdan yerə yıxıldı. Oradakı adamlar onu götürüb dərhal Qarsa, sərkərdənin öz qoşununun qərargahına apardılar. Əmin paşa çox keçmədən ağır yaradan canını tapşırdı. Onun cansız cəsədini Ərzuruma apardılar. Bu hadisədən sonra İrəvan sərdarı Hüseynqulu xan da öz adamları ilə İrəvana qayıtdı. Magizborda məhəlləsinin nüfuzlu adamlarından olan Qarabəy tərəfindən bu işə təhrik edilmiş qatil kürd çoxdan Əmin paşanı aradan götürmək üçün münasib fürsət gəzirmiş... Əmin paşanın qətli təkcə Qacarların və Osmanlıların Rusiya əleyhinə birgə mübarizə aparmasına mane olmadı, həm də iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb oldu".
İrəvan camaatının bütün bu rəşadət və vətənpərvərliyinə baxmayaraq, bır sıra səbəblərə görə İran-Rusiya müharibələri İran ordusunun məğlubiyyəti ilə başa çatdı. Nəticədə İran üçün biabırçı Türkmənçay müqaviləsi bağlandı və 17 vilayət rusların əlinə keçdi. Lakin İrəvan müsəlmanlarının cəsarətli, qeyrətli hücumları, Hüseyn xanın və onun qardaşı Həsən xan Sarı Aslanın göstərdiyi şücaətlər bu müharibənin şanlı səhifələrindən sayılır. İrəvan rusların əlinə keçəndən sonra, demək olar ki, şəhər başdan-başa xarabalığa çevrildi, küçə və meydanlar əsgər meyidləri ilə doldu. Paskeviçin şəhər məscidlərindən birinin kilsəyə çevrilməsi barədə verdiyi fərman bu işğalın ən təhqiramiz faktlarından biri idi. Abbasabad, Sərdarabad, İrəvan qalalarının işğalı üç ay çəkdi və bu üç qaladakı yüz ədəd top, azuqə, xeyli döyuş sursatı və çoxlu qənimət rusların əlinə keçdi.
1828-ci ildə Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən Türkmənçay sülh müqaviləsi bağlandı. İrəvan şəhərinin işğalı Paskeviç üçün parlaq qələbə idi. Müharibəni başa çatdırmaq üçün daha onun qarşısında ciddi bir maneə qalmamışdı. Buna görə çar sarayı ona ən yüksək hərbi imtiyazı verdi və o, bu dövrün ən məşhur sərkərdəsinə çevrildi. Üstəlik, çar Rusiyasının hərbi ənənəsinə görə, sərkərdə işğal etdiyi şəhərin adını daşımalı idi. Həmin ənənəyə uyğun olaraq Paskeviç də İrəvanski, yəni İrəvani titulunu aldı.
Rus çarı Hüseyn xan və qardaşı Həsən xan Sarı Aslana qarşı öz qəzəb və hiddətini, hətta Türkmənçay müqaviləsinin mətnində belə əks etdirib. Həmin müqavilənin XII maddəsində deyilir: "Müqavilə bağlamış tərəflər öz təəbələrinin xeyrinə olaraq Arazın bu tayında daşınmaz əmlakları olan şəxslərə həmin əmlakı satmaq və ya əvəz etmək üçün üç il müddətində möhlət verilməsinə razılıq verir və bunu bir şərt kimi qəbul edirlər. Bununla bərabər, bütün Rusiyanın əlahəzrət imperatoru onu da bildirir ki, İrəvanın sabiq sərdarı Hüseynxan, qardaşı Həsən xan və Naxçıvanın sabiq hakimi Kərim xan bu müqavilədən sonra tutduqları vəzifədən uzaqlaşdırılır".
İran-rus müharibəsi başa çatanda 88 yaşı olan Hüseyn xan Sərdar iki il sonra, hicri-qəməri tarixi ilə 1245-ci ildə vəfat etdi. Onun hakimliyi dövründə İrəvanda və onun ətrafında xeyli abadlıq işləri görülmüşdü. O dövrün şairləri onun öz xalqının mənafeyi üçün gördüyü işləri, o cümlədən Araz çayından İrəvan şəhərinə və əkin yerlərinə arx çəkməsini, qalalar, əzəmətli imarətlər tikməsini vəsf edən çoxlu şeirlər yazmışlar. Məsələn, Mirzə Həsən Təbəsi bu tarixi faktları ehtiva edən məsnəvisində onun ucaltdığı binanı tərənnüm etməyə çalışmışdır: “Cəmşidə bənzəyən o xaqanın dövründə (Allah ondan razı olsun!) ucaldılan bu bina bizim sərdarımızdan yadigar qalacaq”.
Hüseyn xan Sərdar tərəfindən inşa edilmiş İrəvandakı Sərdarabad binasının tarixi barədə Təbəsi belə deyir:

Özü asiman məqamında olan Sərdar
Hər mərtəbəni ölçüb-biçib tikdi.
Onun zəhməti ilə Sərdarabad yarandı.
Elə ki, tikildi, oxumağa başladı
Mənim ağıllı ağsaqqalım dedi ki,
dünyada Sərdar təzə bir qalanın binasını qoydu.

Fətəli şah dövründə yaşamış İrəvan şairlərindən birinin Hüseyn xan Sərdar tərəfindən tikilmiş İrəvan məscidinin və mədrəsəsinin tarixi barədəki qəsidəsinin də bir neçə beytini də xatırlamaq yerinə düşər:

Cəmşid cəlallı xaqanın hakimiyyəti dövründə
Mülk alan və mülk bağışlayan hökmdar
Gördüyü hər bir işlə tarixə bir naxış vurdu.
O xeyirxahlıqlardan biri də məscidin tikilməsi oldu.

Elçin Qaliboğlu