“Fikir, ifadə və söz azadlığı küçələrdə yox, təfəkkürlərdə inkişaf etdirilməlidir” Layihə

“Fikir, ifadə və söz azadlığı küçələrdə yox, təfəkkürlərdə inkişaf etdirilməlidir”

Politoloq:”Fikir, ifadə azadlıq hüququndan istifadə edən radikallar terrorçuları müdafiə edən, Qərbin ermənipərəst qüvvələrinin mövqeyini ortaya qoyurlar”

Fikir, ifadә və söz azadlığı demokratik cәmiyyәtin vacib tәrkib hissəsi vә bir çox digər әsas hüquqların həyata keçirilmәsi üçün zəruri olan insan hüququdur. Azәrbaycan BMT, Avropa Şurası, ATƏT üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq fikir, ifadә və söz azadlığı hüququna riayәt vә onu mühafizә etmək öhdәliyi daşıyır. Fikir, ifadә və söz azadlığı fərdlәrә öz fikirlərini ifadә etmәk sәlahiyyәti verir.
Fikir, ifadә və söz azadlığı və birləşmək azadlığı ilə birlikdə dinc toplaşmaq azadlığı fəaliyyətdə olan istənilən demokratik sistemin əsasını təşkil edir. Dinc toplaşmaq azadlığı, eləcə də bu azadlığa qoyulan məhdudiyyətlər İnsan hüquqları haqqında Avropa Konvensiyasının 11-ci maddəsində və ATƏT-in 1990-cı il tarixli Kopenhagen Sənədində aydın şəkildə əks olunub.
Milli konstitusiyaların və fundamental qanunların əksəriyyətində bu sənədlərdəki müddəalar təkrarlanır və ya analoji prinsiplər müəyyən edilir. Konstitusiyamızın 47-ci maddəsində də qeyd edilir ki, hər kəsin fikir vә söz azadlığı vardır. Lakin 25 ildir ki, radikal qüvvələr Konstitusiyamızda nəzərdə tutlan məlum müddəadan şəxsi maraqlarını, ambisiyalarını qorumaq, ölkədə ajiotaj, qarşıdurma yaratmaq cəhdindən istifadə ediblər. Fikir, ifadә və söz azadlıqlarını demokratiyanın onlara verdiyi imkanlar çərçivəsindən deyil, icazəsiz aksiyalarda həyata keçirirlər.

***
Qanun çərçivəsində icazəsiz aksiyaların qarşısı alındıqda, öz fikir və söz azadlıqlarını insanların asayişini, təhlükəsizliyini pozmaqla səsləndirənlərə qarşı tədbirlər görüldükdə isə bunu ölkədə fikir plüralizminin, söz və ifadə azadlığının boğulması kimi qələmə verirlər. Azərbaycan qanunlarına tabe olmayan qüvvələr dəfələrlə qanunun icazə vermədiyi ünvanlarda aksiyalar keçirməyə cəhdlər göstəriblər. Xüsusən də strateji əhəmiyyətli ünvanlarda - “Bakı metropoliteni”nin “28 May” stansiyasının önündə. Baxmayaraq ki, Bakı meriyası mitinqin başqa yerdə keçirilməsinə razılıq vermişdi. Lakin AXCP konstitusiyamızın verdiyi hər kəsin fikir vә söz azadlığı hüququnu ictimai asayişi pozmaq, qarşıdurma yaratmaq məqsədilə Bakı metrosunun “28 May” stansiyasının önündə qanunsuz aksiyalar keçirilməyə cəhdlər edib. Bununla da radikal müxalifət göstərdi ki, Azərbaycanı gözü götürməyən bis sıra qüvvələrə qarşıdurma yaratmaq üçün lazımdır. İcazəsiz aksiyalar keçirməklə onlar söz və fikir azadlığından Azərbaycan insanını, Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər.
Qeyd edək ki, “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edilir. Radikal müxalifətin hər belə çağırışları öncəsi DİN və Baş Prokurorluq xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq. Qeyd olunub ki, qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan ən ciddi tədbirlər görüləcək. Lakin radikal müxalifət “mənim söz demək, fikir bildirmək hüququm var” prinsipini istədiyi yerdə həyata keçirə biləcəyi iddiasından əl çəkmir. Buna izn verilmədikdə isə hökuməti insan hüquqlarının, söz və fikir azadlıqlarını pozulmaqda ittiham edir. Dünyanın hər yerində, elə demokratiyanın beşiyi sayılan Avropa ölkələrində icazəsiz aksiyalar polislər tərəfindən dağıdılır. Bu aylarda Barselonada, Kataloniyada, Parisdə, Honkonqda, Yunanıstan, Almaniya, ABŞ, İtaliya, Venesuela, Ekvador, Rusiya, Ukrayna, Gürcüstan və sair ölkələrdə müxalif düşüncəli qüvvələrin radikallaşması nəticəsində yüzlərlə insan həbs edilib. Amma Azərbaycandan “demokratiya” tələb edən Qərb bunu həmin ölkələrdə söz, ifadə azadlığının pozulması kimi göstərməyib.

***
Axı, Universal İnsan Hüquqları Bәyannamәsində (UİHB) yazılıb ki, hәr kәs fikir vә ifadə azadlığı hüququna malikdir. Lakin başqa şәxslәrin hüquqlarına və ya nüfuzlarına hörmәt edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının və mәnəviyyatının qorunması məqsәdlәr üçün qoyula bilәn həmin məhdudiyyәtlər qanunla müəyyən edilmәli və zəruri olmalıdır.
AXCP və Müsavat kimi qüvvələr isə fəaliyyətlərini nə yerli, nə də beynəlxalq qanunlarla deyil, Avropadakı havadarlarının yazdıqları qanunlar üzərində qurublar. Radikalların strateji ünvanlarda fikir, ifadə və söz azadlıqları hüququndan istifadəsi əhalinin rahatlığının, ictimai asayişin pozulmasına xidmət edir. Bu gün radikal müxalifətin Avropadakı dostları mediada aksiya zamanı polislər tərəfindən tutulan insanların fotolarını yayalaraq Azərbaycanda polis şiddətindən, demokratiya və söz azadlığının pozulmasından yazır. Nədən Avropada fəaliyyət göstərən həmin media orqanları orada polislərin insanlara xəsarət yetirdiyini demokratiyaya zidd, insan haqlarının, fikir və ifadə azadlıqlarının pozulduğu kimi ictimailəşdirmirlər, amma Azərbaycanda qanun çərçivəsində polisin həyata keçirdiyi aksiyanı fövqəladə hadisə kimi verirlər.

***
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmmd Əsədullazadə qəzetimizə verdiyi açıqlamasında bildirib ki, 1993-cü ildən etibarən Azərbaycan demokratiya yolunda artıq böyük bir məsafə qət edib. Avroatlantik məkana inteqrasiya kursu seçən və bu istiqamətdə mühüm nailiyyətlərə imza atmağı bacaran Azərbaycanda demokratik dəyərlərin daha möhkəm özüllər üzərində bərqərar olaraq davamlı inkişafı indi də xüsusi diqqət mərkəzində yer alır: “Dövlətçiliyin bütün əsasları tam formalaşıb. İnsan hüquqları, mətbuat və söz azadlığı təmin olunub. Hər kəs cəmiyyətdə öz fikrini açıq şəkildə ifadə edə bilir. Azərbaycanda dediyi sözə görə heç kimə təzyiq yoxdur. Əlbəttə ki, bütün bunlar qanun çərçivəsində olmalıdır. Radikalların icazəsiz aksiyalarının qarşısının alınması heç də fikir, söz və ifadə azadlıqların boğulması demək deyil. Yaxşı olardı ki, küçələrə çıxan qüvvələr bu prinsipləri qanunun tələblərinə uyğun həyata keçirsinlər”.
Azərbaycanda bütün insan haqları, hüquqları qorunur. Heç kimə narazılığını, fikrini bildirmək qadağan edilməyib. Bu gün ölkədə minlərlə QHT, internet resursları, səhifələr, qruplar, şəbəkələr fəaliyyət göstərir. Elə bu şəbəkələrdən radikal müxalifət qüvvələri də yetərincə yararlanırlar – həm daxildə, həm xaricdə. Radikallar öz maddi maraqlarına güc gələ bilmir, xaricdən aldıqları maliyyə hesabına emissarlarının tapşırıqlarını "layiqincə” yerinə yetirirlər, onların icazəsiz aksiyalarla fikirlərini, sözlərini, ifadələrini həyata keçirməyə cəhd edirlər. Bunu da özlərinə "şərəf” və "borc” bilirlər. Radikal müxalifət düşərgəsi, təbii ki, öz qeyri-səmimi əməllərini demokratiya, insan haqları pərdəsi ilə ört-basdır etməyə çalışır. Beyinləri, paslanmış təfəkkürləri Qərb tərəfindən girov götürülən radikal müxalifət Azərbaycanda fikir, söz və ifadə azadllğının boğulmasını iddia edir.

***
YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılovun fikrincə, Azərbaycan müxalifətinin cüzi bir hissəsini təşkil edən və cəmiyyətdə tərəfdarları barmaqla sayılacaq qədər az olan radikal müxalifət ölkədə söz, ifadə və fikir azadlığına yaradılmış şəraiti görmürsə, bu, onların “siyasi korluğundan” irəli gəlir. Ölkəmizdə gedən inkişafı, abadlığı, yenidənqurmanı, islahatları, əhalinin həyat səviyyəsinin getdikcə yüksəldilməsi məqsədilə reallaşdırılan sosial layihələri görməyənlər, həqiqətən də, zəlildirlər. Belə ünsürlər ölkədə yaradılmış demokratik şəraitdən sui-istifadə edərək, Azərbaycanda qarşıdurma yaratmağa çalışır, sabitliyi pozmaq üçün düşmən qüvvələrlə əməkdaşlıq edirlər: “Müxalifətin çox az bir hissəsi olan radikal müxalifət mitinq və digər aksiyalardan qarşıdurma yaratmaq üçün istifadə edir. Onlar söz və fikir azadlığından yalnız xalqı, iqtidarı təhqir etmək üçün istifadə edirlər. Bu yolda anti-Azərbaycan qüvvələr tərəfindən hazırlanmış ən pis ssenarilərdən yararlanırlar”.
Fikir, söz və ifadə azadlığı hüquqlarından küçələrdə “İstefa”, “Azadlıq” deyib qışqırmaqla istifadə edən radikallar nədən bu şüarlarını demokratik prinsiplər çərçivəsində, dinc və ağıllı formada ictimailəşdirmirlər. Təkliflər paketi hazırlayıb hökumətə, mediaya təqdim etmirlər, hansısa problemin həlli ilə bağlı məntiqli fikirlərini ictimaiyyətlə bölüşmürlər...?

***
Politoloq Mirsamir Məmmədov da fikir, söz və ifadə azadlığı altında daxili ictimai-siyasi sabitliyi pozmağa çalışan bir qrup şəxsin anti-Azərbaycan qüvvələrin oyuncağına çevrildiyini qeyd edib. Onun sözlərinə görə, həmişəki ampluasında olan radikal müxalifət dövlətin onlara yaratdığı şəraitdən sui-istifadə edərək, icazəli piketi qanunsuz kütləvi mitinqə çevirməyə cəhd göstərib, müraciətdə nəzərdə tutulmayan şüarlar səsləndirib, bununla da, əsl məkrli niyyətini bir daha ortaya qoyub.
M.Məmmədovun fikirncə, radikallar Azərbaycanda fikir, söz və ifadə azadlıq hüquqlarını bilərəkdən pozurlar. Onlar üçün konstitusiyanın verdiyi hüquqlar önəmli xarakter daşımır, öz “qanunları” ilə fəaliyyət göstərirlər: “Radikal müxalifətə və onların havadarlarına, xüsusilə, xatırlatmaq lazımdır ki, sərbəst toplaşmaq, söz azadlığı anarxiya demək deyil. Fikir, ifadə azadlığı hüququndan dinc şəraitdə, ağılla, təfəkkürlə istifadə etmək lazımdır. Küçələrə çıxıb qışqırıb, bağırmaq fikir və ifadə azadlığını qorumaq demək deyil. Belə üsullardan istifadə etmək, antiAzərbaycan qüvvələrə xidmət etmək dməkdir. Azərbaycanda fikir, söz və ifadə azadlıq hüquqlarından istifadə edən radikllar mitinqlərdə terrorçunu dəstəkləyən, Qərbin ermənipərəst qüvvələrinin fikirlərini ifadə edən şüarlar səsləndirirlər. Azərbaycanın milli, dövlətçilik maraqlarına xidmət edən heç bir fikir, söz, ifadə söyləməyiblər”.

***
…25 ildir radikal düşərgənin nümayəndələri fikir, söz və ifadə azadlığı hüquqlarını təfəkkürlərində yox, icazəsiz aksiyalarda, küçələrdə inkişaf etdiriblər ki, bu da onlara rüsvayçılıq, utanc gətirib. Azərbaycan dövlətinin yaratdığı bütün demokratik imkanlara baxmayaraq, yazıqlar olsun ki, 25 ildir siyasi fəaliyyətlərini küçələrdə qarşıdurma, hay-küy yaratmaqla davam etdirən qüvvələr demokratik və dinc şəraitdə fikirlərini ifadə edə bilməyiblər. Çünki, təfəkkürü paslanan radikallarda bu heç vaxt mümkün olmayacaq. İlk növbədə təfəkkür, düşüncə təmizlənməli, Qərbin “girov”undan xilas olunmalıdır ki, yeni, saf və mümkün olan fikirlər formalaşsın….
Cavid Şahverdiyev
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir