“İrəvanın ümidi onadır ki...” Layihə

“İrəvanın ümidi onadır ki...”

Elxan Şahinoğlu: “KTKMT Ermənistanı dəstəkləsin”

Bölgədə vəziyyət yenidən gərginləşir. Azərbaycanın strateji tərəfdaşı, qardaş ölkə Türkiyə ilə, şimal qonşumuz ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən olan Rusiya İdlibdə qarşı-qarşıyadır.
Bundan başqa Errmənistanın baş naziri Nikol Paşinyan işğal olnumuş ərazilərə səfər edərək, qondarma rejimin rəhbərliyi ilə görüşüb. Onu da əlavə edək ki, martın 31-də qondarma Dağlıq Qarabağ Respublikasında “prezident seçkiləri” keçiriləcək ki, bu da beynəlxalq normalara ziddir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Xalq Cəbhəsi”nə bildirdi ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Suriyada iki dövlətin toqquşma ehtimalının artması fonunda Moskvadan Cənubi Qagfqazdakı forspostu Enmənistana dəstək vədi gəldi. Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbiçləri Ermənistan-Azərbaycan sərhəddində yerləşdirilə bilər: “Aydındır ki, səfir Kremlin təlimatıyla bu açıqlamanı verib.
Rusiya səfiri bunu belə izah edib ki, Ermənistan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışan səfir deyib: “KTMT vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsi, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir”.
Rusiyalı diplomatın bu açıqlaması birbaşa Azərbaycanın əleyhinədir. Belə çıxır ki, Ermənistan müxtəlif istiqamətlərdən atəşkəsi pozaraq Azərbaycan hərbçilərini hədəf götürəcək, biz isə buna qarşılıq verə bilməyəcəyik, çünki sərhəddin o biri tərəfində rusiyalı hərbçilər olacaq”. Ekspert əlavə edib ki, Rusiya Suriyadakı siyasətini eyni ilə Cənubi Qafqazda həyata keçirir: “Rusiya Suriyada Bəşər Əsəd rejimini qoruyur, hərbçilərini əməliyyatlara yönəldir, hərbi aviasiyası İdlibi bombalayır ki, Türkiyə bunun qarşılığını verməsin. Türkiyə Rusiya hərbçiləri ilə Suriyada toqquşmaq istəmir. Ancaq Türkiyə şəhidlərinin intiqamını da yerdə qoymayaraq Əsəd rejiminə zərbələr endirir. Rusiya Cənubi Qafqazda da elə bir siyasət yürütmək istəyir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirsin, istədiyi zaman atəşkəsi pozsun, Azərbaycan isə bunun qarşılığını verə bilməsin.
Bu arada, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroryan İrəvanda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasyaya deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində təşkilatdan dəstək gözləyir. İrəvanın ümidi onadır ki, Azərbaycanla münaqişə olacağı təqdirdə təşkilat Ermənistana əməli şəkildə dəstəkləsin. Təşkilatın Rusiyadan başqa heç bir üzvü Azərbaycanla üz-üzə qalmaq istəmir, Qazaxıstan, Qırğızıstan və Belarusun rəhbərlikləri öz hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərməyəcəklər. Hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərə biləcək tək ölkə Rusiyadır”.
Göründüyü kimi Ermənistan fürsətdən yararlanmaq istəyir. Bu səbəbdən də Rusiya-Türkiyə qarşıdurması daha ciddi fazaya daxil olarsa Ermənistan da cəbhədə təxribatlarını artıracaq.
Ekspert Tahir Rzayev deyib ki, Martın 31-də qondarma Dağlıq Qarabağ Respublikasında keçiriləcək “prezident seçkiləri” beynəlxalq normalara ziddir: “Çünki qondarma DQR heç bir dövlət tərəfindən tanınmır və onun statusu yoxdur. O sadəcə olaraq Azərbaycanın bir parça ərazisidir. Belə ərazilərdə qondarma “prezident seçkiləri”nin keçirilməsi heç bir beynəlxalq normaya sığmır".
"Ancaq təəssüflər olsun ki, Ermənistan, eləcə də qondarma rejim bu prinsipləri daimi olaraq pozurlar. Yaxşı haldır ki, heç bir beynəlxalq təşkilat, qurum indiyədək keçirilən “parlament”, “bələdiyyə” və “prezident” seçkilərinin nəticələrini tanımır və qəbul etmir. Əlbəttə ki, onlar bundan ibrət götürməlidirlər. Yalançı seçkiləri keçirmək, insanları bura cəlb etmək, onların əsəbləri ilə oynamaq, dünyaya bir siyasi şou göstərmək yaramazlıq və siyasi əxlaqsızlıqdır. İstər Dağlıq Qarabağda olan qondarma rejimin rəhbərləri, istərsə də Ermənistanın hakim dairələri başda Paşinyan olmaqla bu cür siyasi əxlaqsızlığı uzun müddətdir davam edirlər. Biz daimi olaraq bu məsələdə öz mövqeyimizi ortaya qoymuşuq. Azərbaycan Prezidenti cənab İlham Əliyev qətiyyətlə bütün çıxışlarında, bütün beynəlxalq tribunalardan deyir ki, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycanın ərazisidir. Heç vaxt Azərbaycan ərazilərində ikinci bir erməni dövlətinin yaranmasına icazə verilməyəcək. Əgər bizim sülh yolu ilə danışıqlarımız baş tutmasa, biz müxtəlif yollarla torpaqlarımızı işğaldan azad edəcəyik”. Azərbaycan Prezidenti hümanistdir, hümanist mövqe tutur və beynəlxalq hüquq normalarına əsaslanır. Ona görə də istəmir ki, insan qırğınına yol verilsin, ölkələr əziyyət çəksin, şəhərlər dağıldılsın. Bu mənada ölkə başçısı hər vəchlə çalışır ki, münaqişə sülh yolu ilə öz həllini tapsın"-deyə, deputat fikrini tamamlayıb.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Paşinyan Cenevrədə "Yenilənmiş Madrid prinsipləri" üzrə aparılan danışıqlardan yayınmağa cəhd edir. Onun sözlərinə görə, Paşinyanın Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək, burada Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejimin birgə "Təhlükəsizlik Şuraları"nın iclasını keçirməsi birbaşa danışıqların pozulmasına xidmət edir: “Fikrimcə, Nikol Paşinyan bununla daxili auditoriyaya, o cümlədən "Qarabağ klanı"na, separatçılara göstərmək istəyir ki, o, heç vaxt Dağlıq Qarabağı Azərbaycana güzəştə getməyəcək və bu, məsələdə prinsipialdır. Lakin pərdəarxası, konfidensial danışıqlarda, "Yenilənmiş Madrid prinsipləri" üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan arasında danışıqlar çərçivəsində bu məsələlər yoxdur. Belə ki, Ermənistan arxa fonda danışıqlara, eyni zamanda cəbhə boyunca atəşkəsə riayət olunmasına razılıq verib. Qeyd edim ki, Paşinyan İlham Əliyevlə görüşündə də şifahi şəkildə buna razılığını ifadə edib. Amma publika qarşısına çıxdıqda, Azərbaycanın işğal olunmuş ərazilərinə gəldikdə qeyri-konstruktiv və danışıqlar prosesinin əleyhinə olan bəyanatlar verir". O hesab edir ki, Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində səsləndirdiyi son bəyanatı, yəni Dağlıq Qarabağdakı separatçı rejimə demokratik don geydirməsi Nikol Paşinyanın növbəti dəfə sərsəmlədiyini göstərir: “Ümumiyyətlə, Paşinyanın Dağlıq Qarabağdakı qondarma rejimi müstəqil tərəf kimi təqdim etməsi və Azərbaycanın tərkibində olmamasını bəyan etməsi yenidən tarixin təhrifidir. Əgər Paşinyan keçmiş SSRİ-nin müvafiq qətnamələrinə fikir versə, onda görəcək ki, onun dedikləri tamamilə yanlışdır. Hesab edirəm ki, Paşinyan belə bir açıqlaması ilə bir daha başladılan danışıqlar prosesindən çıxacaq. Düşünürəm ki, rəsmi Bakı mütləq şəkildə Nikol Paşinyanın bu çıxışları ilə bağlı Minsk Qrupu həmsədrlərinə öz mövqeyini bildirməli və onların Ermənistandan bu şəkildə bəyanatlar verməsinə görə izahat verməsini tələb etməlidir. Çünki Ermənistanın bu şəkildə siyasət aparması aprel ayından sonra gözlənilən yeni danışıqlar raundunda ciddi nəticələrin əldə olunmasını indidən şübhə altına alır. Aydın şəkildə görünür ki, Paşinyan Dağlıq Qarabağ məsələsində manipulyasiya edir. Hesab edirəm ki, Azərbaycan Ermənistana belə bir güzəşti tanımamalıdır və həm diplomatik, həm də hərbi təqyiq yolu ilə rəsmi İrəvanı danışıqlar masası arxasında əyləşdirməlidir. Çünki Nikol Paşinyanın konfidensial danışıqlarda bir söz, publika qarşısında isə tamam başqa söz deməsi, yəni bu cür qeyri-konstruktiv bəyanatlar verməsi danışıqlar prosesinin perspektivinə zərbə vurur...”.

Əli