Şuşasız 28 il Layihə

Şuşasız 28 il

Qarabağ xanlığının tarixi paytaxtı Şuşa hələ də işğal altındadır

Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.
İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
8 may 1992-ci il tarixdə Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən–Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi.
Bu, Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərəargah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcədə «Ümumdünya xristian həmrəyliyi» və "Daşnaksütun” terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi.
Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.
Bütün bu qeyri-bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi "qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir "qəhrəman” kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununlada Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar.
Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə cox az sayda Azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.
İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi və onların görkəminin süni şəkildə dəyişdirilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır.
İşğalçı Ermənistan tərəfi beynəlxalq humanitar hüququnun tələblərinə zidd olaraq Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönəldilən cəhdləri etməkdədir. Belə ki, Şuşada qeyri-qanuni məskunlaşma aparılmaqla, təqribən 4 min nəfər yerləşdirilib. Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən “bərpa” olunaraq fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir.
Lakin bütün bu cəhdlərin perspektivi yoxdur. Ermənistan tərəfi anlamalıdır ki, ərazilərin işğalı yalnız müvəqqəti xarakter daşıyır, Dağlıq Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır.
Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma “qələbə günü”nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatı olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir. Ermənistan rəhbərliyinin bu addımı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında qeyd edildiyi kimi, Ermənistanın ölkəmizin işğal edilmiş ərazilərində effektiv nəzarəti həyata keçirdiyini növbəti dəfə sübut edir.
Beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi birmənalıdır: BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edilir.
Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır.

Cavid