Üzeyir Hacıbəyli publisistikasının özünəməxsus cəhətləri Layihə

Üzeyir Hacıbəyli publisistikasının özünəməxsus cəhətləri

Açıq tendensiya, kəskin satira, bədii keyfiyyət, müqəddiməsiz başlanğıc...

II yazı

Çağdaş Azərbaycan publisistikasının təməl sütunlarından biri XX yüzilin əvvəllərində meydana çıxmış ictimai fikir daşıyıcılarıdır. Bu şəxslər sırasında Üzeyir Hacıbəyli yaradıcılığının ayrıca yeri var. Üzeyir bəyin publisistikasının araşdırıcısı Mirabbas Aslanovun fikrincə, bədii və publisist tarazlığı saxlamaq etibarilə onun felyetonları, pamflet, qaravəlli və parodiyaları da dəyərli sənət əsərləridir. Sənətkarın felyetonları, satirik hekayə, pamflet, qaravəlli və miniatürləri şəkilcə rəngarəngdir. Açıq məktub, hesab məsələləri, nağıl, elan, səhnəcik, coğrafi məlumat, lüğət, dialoq, monoloq, intibahnamə, xəbər, sual-cavab və s. şəkillərdə yazılmış bu əsərlərdə ədib məharət göstərib, hər janrın səciyyəsindən irəli gələrək yazılarını müxtəlif priyomlarla başlayır. "Ordan-burdan"ların bir çoxu öz əlamət və keyfiyyətlərinə görə pamflet hesab edilə bilər. Məsələn, "Molla Nəsrəddin" əsəri ("İrşad", 12 iyul. 1907) pamfletin ən gözəl nümunəsidir. Açıq tendensiya, kəskin satira, şəksiz bədii keyfiyyətlə bərabər publisist üslubun nisbi üstünlüyü, müqəddiməsiz başlanğıc Ü.Hacıbəylinin pamfletlərini felyetonlarından fərqləndirməyə imkan verir. Pamfletlərin bədii keyfiyyətləri sırasında müqayisə üsulu xüsusilə diqqəti cəlb edir. Paralellər bir tərəfdən pamfletin mənimsənilməsini asanlaşdırırsa, digər tərəfdən publisist və bədii üslubun nisbətini tarazlayır; kinayə, işarə və eyhamlar isə həmin əsərlərə bir şirinlik gətirir, onların kəsərini artırır.
Araşdırmaçı Ü.Hacıbəylinin zamanında mətbuatda çap olunmuş əsərlərinə diqqət çəkərək bildirir: "Tənqid hədəfinin seçilməsi, açılan atəşin sərrastlığı, dilin şirinliyi, üslubun dadı-duzu ilə bu pamfletlər içərisində "Dayaq" mühüm yer tutur; hadisələrə gizli saxlanılmayan münasibət, ictimai eyiblərə nümayişkaranə etiraz bu əsər üçün səciyyəvidir. Ötən yüzilin əvvəllərində yazılmış "Dayaq" pamfleti Ü.Hacıbəylinin yaradıcılığındakı mübarizliyə, əqidə sahəsində müəllifin heç kəslə kompromisə girmədiyinə yaxşı nümunə sayıla bilər. Müəllif Bakı şəhər Dumasının deputatlarını rüsvay edir, fəaliyyətsiz "qlasnıları" barsız ağaclara bənzədir. Ü.Hacıbəylinin sənətinin xəlqiliyini bariz nümayiş etdirən qaravəlliçilik həm kəmiyyət və keyfiyyətinə, həm də idraki-tərbiyəvi əhəmiyyətinə görə ədibin bədii publisistikasında xüsusi yer tutur. "Bir intelligentin xəyalı", "Müalicə", "Qafqazda müsəlman kəndlisinin halı", "Moizə", "Stolıpinin xəyalı", "Müsəlman kəndlisinin siyasi söhbəti", "Hilal və Şiri-Xurşid", "Kimdən nə soruşdular", "Ramazan ayında ibadət" qaravəlli səpkisində yazılıb. Bir aktyorun iştirak etdiyi qaravəllidə meydangir aparıcı və ya aşıq kimi nağıl söyləyir, yeri düşəndə bayatı da çağırır ("İrana dair aşıq nağılı"); ya da xalq arasında geniş yayılmış məsəldə deyildiyi kimi, "Ağılı kimdən öyrəndin-ağılsızdan" qaydasında camaata müəyyən sualla müraciət edib, tamaşaçıları da oyuna qoşur. İki və daha artıq "aktyorun iştirak etdiyi qaravəlli ("Müalicə", "Moizə", "Müsəlman kəndlisinin siyasi söhbəti" və s.) dialoq şəklində olur və buraya bəzən sual-cavablar da daxil etmək mümkündür. Həmin suallar elə qoyulur ki, həm camaat (ya tək-tək, ya da xorla) onlara çavab verməkdə işirak edə bilir, həm də meydangir aktyorun hazırcavablığı gülüş bolluğu yaradır. Sualın tapmaca səciyyəsi, tamaşaçıların hadisələrin iştirakçısına çevrilməsi, gülüşün doğurduğu şuxluq qaravəllinin emosionallığını artırdığı kimi, tənqid hədəfinə nifrəti də şiddətləndirir".
Araşdırmaçı qeyd edir ki, irticanın başlanmasına üç gün qalmış Ü.Hacıbəylinin meydan tamaşası formasına müraciət edib, Stolıpinin özünü məsxərəyə qoyması ədibin təkcə yüksək sənətkarlığını deyil, eyni zamanda böyük hünərini də nümayiş etdirir: "Ü.Hacıbəylinin zəngin yumoristik söz yaradıcılığı xəzinəsində vaxtilə dövri mətbuat səhifələrində "Ordan-burdan" ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. Satirik hekayə, satirik oçerk, felyeton, pamflet və başqa publisistik janrlar arasında mövcud olan sədləri nəzəri cəhcətdən müəyyənləşdirməyi qarşıya məqsəd qoymasaq da, deyə bilərik ki, Ü.Hacıbəylinin "Ordan-burdan"larını ucdantutma felyeton adlandırmaq olmaz. Nəinki təkcə Ü.Hacıbəylinin bədii-publisistik əsərləri, habelə müxtəlif müəlliflərin "Molla Nəsrəddin" jurnalında dərc olunmuş yazıları arasında da dəqiq sədd qoymaq, hansıların satirik hekayə, satirik oçerk və ya felyeton olduğunu dürüst göstərmək çətindir. Bununla belə tam inamla deyərik ki, Ü.Hacıbəylinin "Bazar söhbəti", "Məzhəkə", "Təhsil" kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; "Rəfiqimdən məktub", "Üçüncü dəllək", "Məclisimizin duzu" "Tərəqqi və gerilik", "Ha fikir edirəm başa düşmürəm!" kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur".
Üzeyirin publisistik özünəməxsusluğu onun milli musiqi sahəsindəki yazılarında da özünü göstərir. Onun "Maarif və mədəniyyət" jurnalının 1926-cı il 4-cü nömrəsində çap olunmuş fikirləri bu mənada diqqətçəkəndir. Böyük bəstəkar Sovet dönəmində də müstəqil düşüncəsini heç olmasa, musiqi yönündən ifadə etməyə çalışır, açıqfikirliliyindən qalmır.
O deməkdir ki, Üzeyir bəy ulusal düşüncələrini çətin də olsa, musiqinin dili ilə ifadə etməyə çalışır və bunu publisistikası vasitəsilə ağıllarda təsdiqləyirdi: "Vətəndaş Samit möhtərəm "Kommunist" qəzetinin 203-cü nömrəsində türk opera və operettalarına dair yazdığı tənqidin səbəbini bildirmək üçün bizim "opera və operettalarımız bədii və musiqi gözəlliyindən aridir" - deyir. Hərgah məzkur vətəndaş bunu deyib buradaca sükut etsəydi, məsələnin üstünü bir az örtülü qoyub özü üçün mənfəət yetirmiş olurdu. Fəqət vətəndaş Samit "çılpaq sözlü" olmaq istəməyib "dəlil" götürmək dəxi istəyir...
Türk opera və operettalarının bir "güngahı" da bu imiş ki, "gənc səhnə xadimləri lotu Cabbar oyunu göstərmək və intihasız şarja düşməklə və camaat dəxi "çırtma" çalmağa müğayir "ədəb" işlər əmələ gəlirmiş, məntiqə müğayir olan bu nəzər digər tərəfdən dəxi yanlışdır; operalarda camaatın çırtıq çaldığı heç bir diqqət müşahidə edilməmişdir. O ki qaldı operettalara, yüngül musiqisi və duzluca (məzhəkə) ilə xalqın özünə öz eybini güldürmək qəsdilə yazıldığından oyun vaxtı tamaşaçıların - hər kəsin öz tərbiyəsinə görə ənva surətlə izhar həyat etməsi heç də qərib deyildir. Bu hal avropalıların teatrlarında dəxi görünən adi bir haldır. 1907-ci ildən bəri Azərbaycan səhnəsində və o səhnə vasitəsilə Azərbaycan türklərinin tərəqqi və tərbiyəsi işində az rollar oynamayan türk opera və operettalarını bu gün vətəndaş Samitin istədiyi kimi səhnədən qaldırmaq Azərbaycan teatr və musiqi tarixinin mühüm səhifələrini cırıb atmaq deməkdir. Halbuki bu səhifələr göstərir ki, Türk opera və operettalarına qədər həvəskarlar vasitəsilə hərdən bir əsər - həyat göstərən türk səhnəsi opera və operettalardan sonra təzə həyata girib qanuni bir hala gəldi. Bunun sayəsində idi ki, həvəskarlıq aradan götürülüb, onun əvəzinə professional artistlik meydana çıxıb, bir tərəfdən dram və digər tərəfdən isə opera artistləri ittifaqı yaradılmış oldu. Opera və operettalar türklər arasında gizli qalmış olan bir çox talantları, gözəl səs sahiblərini meydana çıxarıb, türk sənaye-nəfisiyəsi yolunda böyük addımlar atıldı, dram və opera yazıçıları arasına bədii bir rəqabət salıb, bir çox ciddi dram əsərlərinin meydana çıxmasına səbəb oldu. Yalnız toyxanalara və lehviləbə münhəsir qalmış olan şərq musiqisi teatr səhnəsinə köçürülməklə bu zərif və incə sənəti alçaq və zəlil bir mövqedən qaldırıb ali bir məqamə vəz etdi. Bu surətlə musiqi sənətinin qiymətini artırıb xalq nəzərində böyük bir rəğbət qazandı. Bir çox el mahnılarını nalayiq göftələrdən azad edib, səhnəyə köçürməklə guşəyi-nisyana atılmaq təhlükəsindən qurtardı. Opera və operettalardan sonra idi ki, Şərq musiqisinin gələcək tərəqqi məsələsi meydana çıxıb, bu yolda əlləşib çalışmağa məcburiyyət hiss edildi. Bu gün:
1) Şərq musiqisinin Avropa aləti-musiqiyyəsi və bilümum "orkestr" vasitəsilə icrası;
2) Şərq musiqisinə, Avropada olduğu kimi, ahəng (harmoniya) qoşmaq.
3) Şərq musiqisini kəsirüləsvat (poloqoniya) etmək,
4) Şərq musiqisinin üsul, vəzn və bəhrini müsbət surətdə təyin etmək.
5) Dəstgahları eynilə nota sala bilmək kimi mühüm suallara cavab aramaq və bu yolda kamal ciddiyyətlə çalışmaq arzusu ancaq opera və operettalar zühuri ilə əlaqədar olub, bu yolda kamal kərəmi ilə işlədilməkdədir.
Opera və operettaların musiqini "həram" ikən "həlal" etməsini hər bir insaf əhli təsdiq etməlidir. Əvvəla, Bakı şəhəri sanki daimi bir yas içində idi: heç kəs öz evində, azad surətdə çalğı çalmaq və ya hava oxumaqla məşğul ola bilməzdi; çünki qonşusundakı hacı, molla və ya axund filankəs eşidər - deyə çəkinirdi. Opera və operettalardan sonra havalar camaatın ağzına düşüb, hər bir yerə yayılmağa və hətta mollaların evlərinin içinə qədər icrayi-hökm etməyə başladı. Bu gün bu musiqiyə olan rəğbət nəticəsidir ki, hökumət tərəfindən açılmış olan Azərbaycan türk musiqi texnikumuna elə şəxslər uşaqlarını qeyd etdirirlər ki, əvvəllərdə musiqi səsi eşidəndə qulaqlarını yumardılar. Opera və operettalar tamaşası - musiqi ilə şeirin bahəm təsiri camaatın əxlaq və təbiətində də təsirsiz qalmadı. Qanı qəlblərin boşalmasına; qaba adətlərin tərk edilməsinə dəxi xidmətlər göstərmiş olduğunu bitərəf şəxslər təsdiq edirlər.
Arvadlarımızın və qızlarımızın teatrlara daha sərbəst gəlməsi və gördükləri opera və operetta tamaşalarından aldıqları dərsi - ibarət kor-korana evlənmək və mal kimi satılmaq və nəhayət, evlənərkən sevmək və sevilmək kimi təbii ehtiyacat qəlbiyyədən məhrum qalmaq bollu məzmun adətlərin kökündən sarsılmasına səbəblər törətməyə başladı.
Opera və operettaların tamaşasından hasil olan müdaxildən bir çox tələbələrin, məktəblilərin bəhrəmənd
olduğunu dəxi yada salmaq, burasını dəxi qeyd etməyə məcburam ki, türk opera və operettalarından "Arşın mal alan" hər yerdə rəğbət qazanıb, dildən-dilə tərcümə edilib, Rusiyanı, Türkiyəni, İranı, Fransanı, Amerikanı, İspaniyanı, İtaliyanı və Misiri müvəffəqiyyətlə dolaşıb... Vətəndaş Samitin bu əsərin səhnədən qaldırılmasını və qadağan edilməsini tələb etməsinə heç bir məna verməyirik".

Uğur