Məşədi Sicimqulu, deyək, ya deməyək? Layihə

Məşədi Sicimqulu, deyək, ya deməyək?

Əli Nəzmi mətbuatda cap etdirdiyi şeirlərində azadlıq ideyalarını təbliğ edirdi

"Dil" var ikən, gəlin "lisan" deməyək,
Döndərib farscaya "zəban" deməyək.
Ərəbi göndərək öz evlərinə,
Farsa da - qal bizdə "mehman" deməyək.

Bu sətirlərin müəllifi Əli Nəzmi "Molla Nəsrəddin" jurnalının ən layiqli davamçılarından biri, dövrünün ən istedadlı yazarlarından idi. 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul bir ailədə doğulub. Ibtidai təhsilini mollaxanada alan Əli təhsilini sonradan rus-tatar məktəbində davam etdirib.Atasının vəfatından sonra güzəran üzündən doğma yurdunu tərk edərək Orta Asiyaya gedir. Buxara və Səmərqənd şəhərlərində iki il tacir dükanında şagird durur. Işləməklə bərabər, mütaliə yolu ilə təhsilini artırır, klassik Şərq ədəbiyyatını dərindən öyrənir. "Bikəs" təxəllüsü ilə şeirlər də yazdığı da məlumdur.
Əli Nəzmi ədəbi fəaliyyətə 1904-cü ildə "Şərqi-Rus" qəzetində dərc etdirdiyi "Kənddə ibtida" adlı ilk şeri ilə başlayıb. Bu dövrdə 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaradır. "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınan şair satirik şeirlərini "Məşədi Sicimqulu", "Kefsiz" və başqa gizli imzalarla çap etdirir. Şairin felyeton və satirik şerləri satirik-yumoristik jurnallarda, xüsusən "Molla Nəsrəddin"in səhifələrində müntəzəm çap edilib. "Istibdad", "Qorxuram", "Olacaqmı", "Sizə nə", "Ey fuqəra", "Od tutub odlandı vətən" və başqa şeirlərində azadlıq ideyalarını təbliğ edir. Şair sonralar doğma kəndində təqib olunduğuna görə ailəsi ilə Gəncəyə köçmüş, burada kiçik ticarətlə məşğul olmuşdur. O, eyni zamanda öz satirik şeirlərini gizli imzalarla (A.S.Əlidəyənəkli, "Həcamətverdi", "Sərsəri", "Qanacaqsız", "Şəmşir", "Şəmşirək", "Peşiman qoca", "Gəncə Cavanları", "Müt-şair", "Şallax", "Kav-mahi", "Qoca zığ-zığ", "Papiros-çəkən" və s.) çap etdirməyi də dayandırmır.
Dövrü mətbuatda daim satiric yazılarla çıxış edən Əli Nəzmi "Keçmiş günlər" adlı xatirəsində yazırdı: "Əgər "Molla Nəsrəddin" məcmuəsi olmasaydı, əziz şairimiz Sabir də bu qədər məşhur ola bilməzdi. Mən isə ya heç şair ola bilməzdim, ya şair olsam da, bir növhə və mərsiyə şairi olmaqdan irəli gedə bilməzdim. "Molla Nəsrəddin"in bizim boynumuzda böyük haqqı var".
"Molla Nəsrəddin"də ilk dəfə nəsr ilə, felyetonları ilə iştirak edir. Jurnalın 11-ci nömrəsində Əli Nəzminin "Əlidəyənəkli" imzası ilə bir kiçik məktubu dərc olunub. Burada gəncəli quşbaz Hacı Hüseynin oğlu ilə rəftarından bəhs edilir. Hacının oğlu ağacdan dolaşa tutmaq istəyəndə yıxılır, ayağı sınır. Atası bu əhvalatdan xəbər tutub gəlir, oğlundan ilk soruşduğu bu olur: "Oğul, necəsən? - Quş cibində ölməyib ki? Sağdırmı?"
Cəlil Məmmədquluzadə Əli Nəzminin "Molla Nəsrəddin" fəaliyyəti haqqında yazırdı: "O vaxt biz məcmuəmizin 12-ci nömrəsində "Quli-biyabani" sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin "Təmeyi-nahar"ı bizim səsimizə səs vərdi. Burada Məşədi Sicimqulu kefsiz də meydana çıxdı və "pənah Allaha" - deyib, Sabirin "Tömeyi-nahar"ma cavab olaraq "Çayda çapan qardaşım, ağlama, ağları gör" mətləli şeirini göndərdi. Məşədi Sicimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi şeirini büruzə vərən haman "Tömeyi-nahar" olubdur... Haman M.Sicimqulu ki, öz dediyinə görə "Molla Nəsrəddin"in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçirməyibdir. Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, - nə qədər ki, "Tömeyi-nahar"ına olub, ona bir neçə aydan sonra cavab verməyi özünə borc bilibdir. Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzusudur".
Satirik şair jurnaldakı fəaliyyəti ilə şeirdə də məharət sahibi olduğunu isbat etdi. Onun müraciət etdiyi mövzular demək olar ki, Sabirdən seçilmirdi. Onun xurafatçı hacıları, kərbalayıları, istismarçıları, nadan valideynləri, xalqı aldadan falçı, cindar və dərvişləri, Məhəmmədəli kimi şahları, xəsis və mənfəətpərəst "millət xadimləri"ni, "intelli-gentləri" həcv edən şeirlərində tam olaraq Sabir ruhu var. Sabir ilə Əli Nəzminin şerlərini biri-birindən yalnız imzaları ayırırmış.
M.Ə.Sabirin vəfatından sonra istər "Molla Nəsrəddin"də, istərsə də "Məzəli", "Zənbur", "Tuti" və başqa mətbu orqanlarda ən yaxşı satirik şeirlər yazan Əli Nəzmi olub.
Onun poeziyasında olduğu kimi, mənsur əsərlərində də mövzu rəngarəng, həyat materialı zəngin, müşahidə dərindir. Köhnə adət ənənələrin tənqidi, zəmanəyə, çar üsul- idarəsinə mənfi münasibət, ruhanilik, dini təəssübkeşlik əleyhinə çıxışlar, ərəb əlifbasının çətinliyini nəzərə çapdırmaq səyi, yeni təlim qaydaları və mədəniyyətin təbliği, ağır kənd məişətinin realist planda əks etdtrtlməsi və başqa mövzular onun felyetonlarında əsas yer tutur.
Əli Nəzmi, eyni zamanda, mollaxanalardakı falaqqa cəzasını, sxolostik tədris üsulunu da tənqid edir. Ümumiyyətlə, onun mənsur əsərləri ideya və sənətkarlıq cəhətdən C.Məmmədquluzadənin felyetonlarına yaxınlaşır. Əli Nəzminin 1906-20-ci illər arasında yazdığı nəsr əsərləri içərisində "Moizə", "Mərsiyəxanalar", "Söhbət", "Daş", "Tərbiyə, yaxud zavallı Məmiş", "Məni sayanı qurd yesin", "Şərab içmək", "Kəndlilərin məişətindən", "Maşallah", "Ay Molla Nəsrəddin əmi", "Hörmətli Molla Nəsrəddin əmi", "Üzüm var", "Arvad məsələsi", "Daha düzəldi", "Vəsvəsə", "Ata və oğul", "Ölü tutmaq" kimi felyetonlar diqqəti daha artıq cəlb edir. Əli Nəzminin felyetonları toxunduğu məsələ və tənqid etdiyi obyekt cəhətdən də müxtəlifdir. Onun mənsur əsərləri falçılıq və quşbazlıq kimi xırda hadisələrdən tutmuş, ictimai-inqilabi hadisələrə qədər geniş mövzu dairəsini əhatə edir. Yazıçı həcmcə kiçik olan felyetonlarının hər birində, əsasən, bir məsələdən bəhs edir, əlavə epizod və haşiyələrlə hadisəni genişləndirir, həcmi böyütmək, fikri dolaşdırmaq istəmir. Belə konkretlik onun felyetonlarını sadə və maraqlı edir, onların yadda qalmasını xeyli asanlaşdırır. O, felyetonlarında əsas hadisəni çox zaman tiplərin qarşılıqlı münasibətində, onların öz dili ilə verir.
"Dəyişilir" sərlövhəli müxəmməsində Əli Nəzmi yazırdı: "Deməli, ömrünü yatmaqda keçirən və bunu həyat bilən adamların hamısı olmasa da, az bir qismi iyirminci əsrin təbəddülatını duymuşdur". "Müftahülfərəc" şeirində səbrə ümid bağlayanları, "Ədəbiyyat, yaxud minacat" satirasında qəzetlərdən qorxub küyə düşən köhnəpərəstləri, "Məzəli" şeirində Məhəmmədəli şahı tənqid atəşinə tutan şair, kütlələri sayıq salmaq üçün bu mənfur simaların bütün çirkin əməllərini açıb göstərir, camaatda onlara qarşı nifrət oyatmağa cəhd edirdi. Onun şeir dili sadə, səlis, üslubu rəvan, ilhamı qüvvətlidir. Şair öz şeirlərində həmişə sadəliyi saxlamağa çalışır. Onda kitab dilinin təsirləri azdır. Bu təsir olsa-olsa ciddi, lirik ruhlu şeirlərdədir. Satirasında danışıq dili və canlı ifadə nümunələri daha çoxdur. Əli Nəzminin təsvirləri yığcam və əhatəlidir. O, vəziyyəti, xasiyyət və lövhəni bir və ya bir neçə söz ilə təsvir etməyi bacarır.
Əli Nəzminin "Sicimqulunamə"sində toplanmış əsərlərindən başqa jurnal və qəzet səhifələrində də bir çox şeirləri var. Azərbaycanda kapitalizmin inkişafı əsrin ilk on illərində Bakıda sənayenin artması, kapitalın nəinki iqtisadi aləmdə, həm də məfkurə aləmində hakimlik etməsi Əli Nəzmiyə təsirsiz qala bilməzdi. Bu zaman pul hər şey idi! İstismar dünyasında pula "bütün müşkül işlərin açan" deyirdilər. Əli Nəzmi bu həqiqəti "Pul" adlı müsəddəsində çox parlaq bir şəkildə ifadə edir. Əgər böyük Sabir bir pulpərəst, köhnə görüşlü kişinin pula necə sitayiş etdiyini göstərmişsə, Əli Nəzminin şeirində pul hökmranlığının özü, bir ictimai azar kimi təsvir olunur. Şair göstərir ki, "hər quru cismə can", "sahibu-hök-mi-rəvan", "zindeyi-cavidan", "amirü-şahu", "amiru-xan", "cinu, ləqəb, nişan"... hamısı ancaq, ancaq puldur. Müəllifın satirası burada müstəsna şiddət kəsb etmişdir. Gülüş ilə yanaşı göz yaşı, istehza ilə yanaşı təəssüf, tənqid ilə yanaşı məyusluq! ("Ay zəhrimar pul! Ay gidi pul!") Əli Nəzminin şerində pul, "məğlubedilməz" bir qüvvə kimi göstərilir. Bu acınacaqlı vəziyyətin səbəbləri şair üçün aydın olmasa da, fəlakətli nəticələri aydındır. Sabirin "Yat qal dala laylay" ruhunda yazılmış "Yat!" sərlövhəli şeirində şair müsəlman ətalətini satiraya tutur: "Dünya və axirət səadətinin yatmaqda" olduğunu düşünən və ömrünü yatmaqla keçirən, əsrin ən böyük ictimai hadisələrinə arı vızıltısı kimi baxan, dünyanı sarsıdıb kökündən dəyişən inqilablar ilə belə ayılmayan müsəlman Oblomovlarına qarşı bundan kəskin nə söz ola bilər? Şair cəhalət və qəflət yuxusuna dalmış həmvətənlərinə qəzəblənir. Bu qəzəb şairin ruhunda da, məntiqi silsilə təşkil edən məcazlarında da eyni şiddətdədir. Şair o qədər təsirlənmiş, o qədər həyəcanlanmışdır ki, sözünü sakit, soyuqluqla deyə bilmir; tənqid qəzəb ilə, gülüş kədər ilə qarışmış olur. Bu daxili həyəcan nəticəsində, bəzən özü hiss etmədən şəxsi kədərini bildirən misralar da yazır. Birinci beyt ilə ikinci beyti müqayisə edək:

Axşam namazını tələsik qıl, yubanma, yat!
Sol böyrün üstünə uzanıb, qurdalanma, yat!

Bu beyt nadan bir müsəlman mömünü haqqında təsəvvür verir. Bu mömün yeyən, yatan, bir də kor-koranə ibadət edən qafil adamdır. Ancaq ikinci beyt tamam başqa təsəvvür verir:

Çoxdur məşəqqəti gözü açıqlığın, inan,
Açsan gözünü, qəm görəcəksən, oyanma, yat!


Bu sözü, bu xitab avam möminə deyil, dərin düşünən, baxdığı, gördüyü hadisələri duya bilən, o zamanın bütün mütəfəkkirləri kimi kədərlənən, cəmiyyətin dərdini anlayan adama deyilir. "Gözü açıqlıqda əzab duyan", "Gözünü açıb qəm görən" mömün deyildir. Burada şairin öz kədəri təzahürünü tapmışdır. Bu da yuxarıda dediyimiz kimi təsirdən, öz mövzusunu daxilən yaşamaqdan, ilhamın hərarətindən irəli gəlir. Ə.Nəzminin Sabiri xatırladan bir sıra şeirində bu hərarət açıq duyulur. "İrsi-pədər", "Gülürəm", "Yorğun bir baxış" şeirlərində də cəhalət və nadanlığın ibrətli mənzərələri vərilmişdir. Ancaq bu şeirlərin hər biri şəkil, əda və ümumən sənətkarlıq cəhətindən bir-birindən çox fərqlidir.

Ülviyyə Tahirqızı