Cümhuriyyət dövrünün mətbuatında azadlıq ideyaları Layihə

Cümhuriyyət dövrünün mətbuatında azadlıq ideyaları

Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat mövzusu həmişə aktuallığını qoruyub saxlayır. Bunun əsas səbəbi artıq çağımızdan 100 ilə yaxın dönəmdə bizdən uzaqda olan AXC-nin insana, ulusa, bəşəriliyə düşüncəyə, özgürlüyə münasibəti məsələsidir. Bu kimi məsələlərin təhlili bizə daha düzgün qənaətlərə gəlməyə imkan verir. Azərbaycan mətbuatının tanınmış araşdırıcılarından olan Akif Aşırlı bildirir ki, XX əsrin əvvəlində başlayan istiqlal hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji-siyasi mübarizələr meydanında yarandı: "Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az idi. 1918-ci ilin 31 mart hadisələrinədək Azərbaycanda 15-ə yaxın ana dilində qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb keçmişdi. Partiyalaşma prosesinin sürətləndiyi bu illərdə demək olar ki, müxtəlif istiqaməti, siyasi-ideoloji dünyagörüşü özündə əks etdirən qəzetlərin əksəriyyəti partiyalı mətbuat ömrünün yeni inkişaf mərhələsini və çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçıları və biblioqraflarının apardıqları araşdırma və tədqiqatların nəticəsində maraqlı bir mənzərə yaranıb. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, AXC-nin 23 aylıq hakimiyyət dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdu. Dövri mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri, hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və disskusiyalara verilən meydanla bağlı idi. Burada əsas faktlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyətinin jurnalist olmalarındadır. Demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maarifçilik işi aparırdı. Türk-Ədəmi-Mərkəziyyət "Müsavat" firqəsinin siyasi nöqteyi-nəzərini özündə əks etdirən "Açıq söz" qəzeti 1918-ci ilin 4 yanvar tarixli sayında ilk dəfə olaraq cümhuriyyətçilik fikrini ortaya qoyaraq, qurulacaq dövlətin ideoloji təməl prinsiplərini açıqladı: "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını müdafiə edirik...
Xalq Cümhuriyyəti yaratmaq, hakimiyyət və torpağı xalqa qaytarmaq istəyi ilə mübarizə aparanların qarşısında çox ciddi, çətin vəzifələr dururdu. Bolşevik mətbuat orqanlarında hürriyyət və cümhuriyyət arzularının əleyhinə məqalələr çap olunur, bu istəyin real olmadığı fikri təbliğ edilirdi. Qafqaz canişinin missiyasını Bakıda həyata keçirməyə çalışan, Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan hələ mart ayında "Bakinskiy raboçi" qəzetində yazırdı: "Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə bir xarabazar alacaqlar". Daşnak və bolşeviklərin ruporu kimi çıxış edən "Bakinskiy raboçi", "Bakı və onun ətrafı Şurasının əxbarı", "İzvestiya raboçix deputatov sovetov", sol eserlərin mətbu orqanı "Naşe znamya", "Naş trud" qəzetləri milli qüvvələrə qarşı çıxışlar edirdilər.
Cümhuriyyətin qurulmasınadək olan dövrdə çıxan qə zetlərin qayəsini təhlil edən araşdırmaçı Akif Aşırlı bu qənaıətə gəlir: "1918-ci ilin mart ayının əvvəlində vətənin bütövlüyü, müstəqilliyi, xalq hakimiyyəti yaratmaq uğrunda çağırışlar müxtəlif partiyaların mətbu orqanlarının əsas mövzularına çevrilmişdi. Manşetlərdən, məqalələrin başlıqlarından hər şey aydın görünürdü: "Birlik tələb olunur", "Birləşəlim", "İttifaq edəlim", "İttihad gərək".
Görkəmli Azərbaycan jurnalisti, dramaturqu, Mirzə Bala Məhəmmədzadə "Açıq söz"ün 1918-ci il mart ayının 15-dəki sayında "Azərbaycan çağırıyor" məqaləsində yazırdı: "Ey gənc türklər! Bu gün Kəbeyi-müqəddəsiniz olan vətənimizi azad ediniz... Vətənin yolunda can verməyən, milli muxtariyyəti yolunda can verməyən, milli muxtariyyəti yolunda varından keçməyən bir millət yaşamaq istəmir deməkdir".
Bakı Xalq Komissarları Sovetinin mətbuat bürosunun qərarı ilə "mart hadisələrinə düzgün qiymət vermədiyi, açıqdan-açığa qərəzli məqalələr çap etdirdiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına görə "Kaspi", "Baku", "Bakinets", "Vesti Baku" və menşeviklərin "Naş qolos" qəzetləri bağlanıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu. Ermənilərin törətdikləri qətliamda dinc və silahsız əhalinin qurbanları sırasında Azərbaycanın qüdrətli qələm sahibləri Məhəmməd Hadi, Abbas Səhhət və Cəfər Bünyadzadənin də adları var.
"Azərbaycan" qəzetinin 13 noyabr 1918-ci il sayında M.Hadi və A.Səhhətin vəfatı ilə bağlı yazıda qeyd edilir ki, A.Səhhət bolşeviklərin Şamaxıya hücumu zamanı Gəncəyə getmək istəmiş, onu yolda erməni-bolşevik quldurları qarət etmişlər. Ağır sarsıntı keçirən şair Gəncəyə gələn zaman, aldığı xəsarətlərdən dünyasını dəyişmişdi. M.Hadinin isə Gəncədə erməni-bolşevik birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlar zamanı vəfat etməsi də tarixi faktlardandır. Mətbuat tariximizə bir sıra sol yönümlü qəzetlərin fəal əməkdaşı, həmçinin "Tuti" jurnalının
redaktoru olmuş Cəfər Bünyadzadə də martın 31-də Bakıda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olub. Bu barədə "Füqəra-kasibəsi" qəzetində C.Bünyadzadənin qardaşı Dadaş Bünyadzadə ona ünvanlanan baş sağlıqlarına etdiyi minnətdarlıq elanında bildirirdi: "Bir il bundan əqdəm "Tuti" məzhəkə jurnalının müdiri, bəradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşlarım Həştərxandan qayıdandan sonra təəssüf məktubları almaqdayam"".
Ü.Hacıbəyli "Azərbaycan" qəzetinin 31 mart 1919-cu il tarixli sayında qırğınlarla bağlı yazmışdı: "Mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işğal edib Azəri türklərinin istiqlal yolunda can verib qan tökdüklərini gələcək nəslə oxutduracaqdır. Bugünkü vəzifəmiz isə o qara günləri yaddan çıxartmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr bir də təkrar edərsə, müdafiəsinə hazır olalım, bunun üçün həm hökumətimizin, həm də millətimizin yaşaması lazımdır".
A.Aşırlı Türkiyədən Azərbaycana gələn Əhməd bəy Ağaoğlunun Gəncədə "Türk yurdu" adlı qəzet nəşr etməsindən yazır: "Azərbaycan uğrunda gedən hərbi savaş və mətbə imkansızlığı ucbatından qəzetin cəmi üç sayı işıq üzü gördü. Tiflisdən Gəncəyə köçən milli Azərbaycan hökuməti Azərbaycanın bütövlüyü savaşında mətbu imkanların yoxluğunu hiss etdi və bir sıra tədbirlər görməyə başladı. "Azərbaycan"ın ilk sayında Bakının azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində yazılar, informasiyalar kifayət qədər maraq doğurur".
Fətəli Xan Xoyskinin Nuru Paşaya təşəkkürü: "Qafqaz İslam Ordusu komandanı səadətli Nuru Paşa həzrətlərinə, təhti komandanıza olan cəsur türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən azad edildiyi münasibətilə millətin zati ali həmiyyətpərvərənlərinizi dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə ixtiyar edirəm, əfəndim. Heyəti vüsəla rəisi Fətəli xan".
"Azərbaycan"ın ilk sayında Nuru Paşanın sentyabrın 15-də Gəncəyə göndərdiyi teleqram da dərc olunub: "Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti - Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti - Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.9.34. Yavərani-həzrəti-şəhriyaridən Fərik-Nuru". "Azərbaycan" qəzetinin verdiyi məlumata əsasən, hökumət üzvləri həqiqətən "yarın", yəni sentyabrın 17-də qatarla Bakıya yola düşmüş, şəhərin azad olunması münasibətilə keçirilən hərbi paradda iştirak etmişlər"".
M.Ə.Rəsulzadənin "Azərbaycan" qəzetində çap olunmuş ("Azərbaycan" qəzeti, 1918, kanuni-əvvəlin, № 3, 6,19,31) yazısına diqqət çəkən araşdırmaçı bildirir: "Onun Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdə qələmə aldığı "Azərbaycan paytaxtı" adlı tarixi-publisist məqaləsi öz ictimai-siyasi əhəmiyyətinə görə, tariximizin və istiqlal savaşımızın tədqiqi baxımından əhəmiyyətini bu gün də qoruyub saxlayır. Bakı erməni-daşnak, ingilis hərbi birləşmələrindən azad olunub, Azərbaycana qovuşandan sonra cümhuriyyətin paytaxtının tarixi barədə kifayət qədər materialların olmamasından təəssüf hissi keçirən M.Ə.Rəsulzadə bu barədə yazırdı: "Mən mətbuatı çox aradım. Lakin Bakı barədə bir yazıya rast gəlmədim. Bu həvəs mənə cəsarət verdi: müxtəsər də olsa, Bakının tarixi haqqında bir kaç yarpaq qaralayalım. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycanın paytaxtının şan və heysiyyatı və hüciyyəti ilə olmayacaq... Düşündüm ki, nəqis də olsa, bir şey olsun. Biz nəqisini başlarıq, mütəşəbbüs gənclərimiz də çalışar, vətən eşqi, məmləkət məhəbbəti ilə səy edər, bu başlancığı təkmil edərlər..."
Yusif Vəzir Çəmənzəminli (1887-1943) Azərbaycan muxtariyyəti" kitabçasının "Ayıl, toplaşın" adlı müqəddiməsində ("Açıq söz" qəzeti, 20 noyabr 1917-ci il) yazırdı: "Ey nəcib türk milləti, ayıl! Bir rəşadətli balalarını yad et. Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında tapdandığı kifayət edər. Ayılın, toplaşın! Rusiyanın siyasi həyatı yeni bir dairəyə girir. Rusiyada yaşayan millətlər üçün tarix yeni bir səhifə hazırlayır".
Araşdırmaçı yazır: ""Azərbaycan" qəzetinin 1919-cu il 31 iyul, 1-i və 4-ü avqust saylarında çap olunan məruzələrində Yusif Vəzir Çəmənzəminli səfiri olduğu Ukrayna ilə Azərbaycanın vəziyyətini müqayisə edir, ölkəmizin maraq və mənafeləri üçün bir sıra tədbirlərin görülməsinin vacibliyinə diqqətə gətirirdi. Onun milli müstəqilliyimizin uğurlu təmini üçün üstünlük verdiyi zəruri məsələlərdən biri, bəlkə də birincisi milli ordu hissələrinin təşkili ilə bağlı idi. Siyasi hesabat mahiyyəti daşıyan bu məruzə məqalələrində o, ordu quruculuğuna böyük önəm verərək yazırdı: "İndidən ölkələrimizin idarəsini öz əlimizə almalıyıq və camaatın rahat yaşamasını təmin etməliyik. Bu işlərdə də ümdə iş görən qoşun olacaq".

Uğur