2014-cü il mətbuat üçün nə ilə yadda qaldı? Layihə

2014-cü il mətbuat üçün nə ilə yadda qaldı?

Jurnalistlər nə düşünürlər?

2014-cü il başa çatır. Mətbuatın bugünkü durumu jurnalistləri qane edirmi? Daha hansı işlər görülməlidir, media nümayəndələri bu barədə nə düşünürlər?
"Gündəlik Teleqraf" qəzetinin redaktoru Aqil Lətifovun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövləti tərəfindən bütün sahələrə olduğu kimi, kütləvi informasiya vasitələrinə də xüsusi diqqət və qayğı göstərilir: "İlham Əliyev 2003-cü ildə Azərbaycan prezidenti seçildikdən sonrakı dövrdə bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələrinə də xüsusi diqqət göstərməyə başladı. Müstəqil medianın inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, hər beş ildən bir milli mətbuatın, televiziya və radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, media əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa maliyyə yardımının göstərilməsi, habelə fərdi yazə müsabiqələrinin keçirilməsi məhz bu sahədə aparılan məqsədyönlü siyasətin bariz nümunəsidir. Sözün həqiqi mənasında Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirib və şəffaflaşdırıb. Bu dəstək bütün xarici ölkələr üçün örnək sayıla bilər". O deyib ki, İ.Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olub: "Məhz Azərbaycan prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Prezident sərəncamı ilə 2009-cu ildə yaradılmış Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu medianın maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin həcmi 20 milyon manatı yaxındır". A.Lətifov deyib ki, dövlətimiz tərəfindən media sahəsində atılan ən böyük addımlardan biri də jurnalistlərin mənzillə təmin edilməsidir: "Həqiqətən də Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Məlum olduğu kimi, Azərbaycan prezidentinin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bina inşa edilib. 2013-cü il iyulun 22-də Azərbaycan prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilib və tam təmirli mənzillər jurnalistlərə paylanıb. Elə həmin gün prezidentin iştirakı ilə media əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoyub. Bu bir faktdır ki, Prezident İlham Əliyev daim medianın problemləri ilə maraqlanır, jurnalistlərlə görüşür, KİV-in hərtərəfli inkişafı üçün zəruri addımlar atır. Hesab edirəm ki, mətbuat nümayəndələrinin İlham Əliyevi iki dəfə - 2010 və 2013-cü illərdə "Jurnalistlərin dostu" seçməsi dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir".
Oxucu.info saytının baş redaktoru Məhərrəm Ağalaroğlu dedi ki, əvvəlki illərdə olduğu kimi bu il də dövlət kütləvi informasiya vasitələrinə öz dəstəyini göstərdi: "Bu müsbət addımdır və gələcəkdə də davam etdirilməsi lazımdır. Dövlətin istər jurnalistləri fərdi yazı müsabiqələri vasitəsiylə, istərsə də redaksiyalara müxtəlif layihələrlə bağlı maliyyə ayırması qəzetçiliyin ayaqda qalmasına dəstək olur. Bununla belə təəssüf hissi ilə qeyd etmək lazımdır ki, maliyyələşmə məsələsində yalnız qəzet redaksiyaları nəzərə alınır. Hansı ki, bu gün internet media çap mətbuatını geridə qoyub. Cəbhədə baş verən məlum hadisəələr zamanı bir daha şahid olduq ki, informasiya savaşında çap mətbuatı piyada rolunu oynayırsa, internet media artileriya funksiyasını icra edir. Bu səbəbdən də hesab edirəm ki, dövlət internet mediya da qayğı göstərsə daha yaxşı olar".
"Palitra" qəzetinin redaktoru İlkin Ağayev - "dövlət dəstəyi məni bir media işçisi kimi qane edir",- deyə bildirdi: "Həmçinin, jurnalistlərin ixtisaslaşması və özlərini təkmilləşdirmələri, xaricdə seminarlara qatılmaları üçün layihələr həyata keçirilsə, çox məqsədəuyğun olardı. Xüsusən online media standartlarının oturuşması üçün bu sahədə təcrübəsi olan ölkələrdə jurnalistlərimizin təcrübə keçməsi və vərdişlərini təkmilləşdirmələri, standartları mənimsəmələri lazımdır".
Jurnalist Bəxtiyar Məmmədli vurğuladı ki, dövlət bu il də jurnalistlərə dəstək oldu: "Daha yaxşı olar ki, mediada reklamla yaranmış problem öz həllini tezliklə tapsın. Çünki reklam bazarının formalaşması mətbuata dövlət tərəfindən göstərilən yardımın minimuma endirilməsinə gətirib çıxara bilər. Belə ola halda həmin pul digər problemlərin həllinə sərf olunar. O cümlədən hesab edirəm ki, xarici dil kursları təşkil edilməlidir. Çünki bu gün ölkədə daha çox Azərbaycan dilli media üstünlük təşkil edir və bizim beynəlxalq aləmə çıxmaq imkanlarımız azalır. Eyni zamanda kifayət qədər peşəkar jurnalistlər var ki, başqa xarici dil bimədiyi üçün Avropanın, Amerikanın mediasına çıxmaq imkanından məhrum olub və ilk mənbədən məlumat ala bilmir. Bütövlükdə qeyd etdiyim problemblər isə jurnalistlərin sosial vəziyyətinin yaxşı olmamasından qaynaqlanır".
Salamnnews.az saytının əməkdaşı Rövşən Ziya hesab edir ki, dövlətin 2014-cü il ərzində milli mətbuatın inkişafına verdiyi dəstəyi müsbət dəyərləndirir: "Düzdür, problemlər də oldu. Metro keçidlərindən və şəhərin bəzi mərkəzi küçələrindən qəzet satışının yığışdırılımasını buna misal göstərə bilərik. 2014-cü il həm də onlayn medianın inkişafı ilə yadda qaldı. Əvvəlki illərə nisbətən, bu il bu sahədə müəyyən inkişaf hiss olundu. Bu da dövlətimizin Kütləvi İnformasiya Vasitələrinin inkişafı üçün nümayiş etdirdiyi liberal münasibətin nəticəsində baş tutdu.
Bu inkişafdan istifadə edən bəzi media orqanları isə Azərbaycanın 4-cü hakimiyyətinin adına ləkə gətirəcək bəzi addımlar atdılar. Bu addımlardan biri də avqust ayında cəbhə xəttində baş verən hərbi əməliyyatlarla bağlı oldu.
Belə ki, həmin qurumlar müharibə ilə bağlı vəziyyəti ifrat şəkildə şişirdərək, cəmiyyətə çatdırdılar və ölkədə yeni müharibənin başlanması ajiotajını yaratdılar. Bir çox media orqanları isə reketçilik fəaliyyətlərini daha da artıraraq, bu sahəyə vurulan ləkəni daha da genişləndirdilər. Onların həyata keçirdikləri şantaj siyasəti məmurla jurnalist arasındakı uçurumu daha da dərinləşdirdi. Bunlarla yanaşı, müsbət haldır ki, dövlət KİV-ə dəstəyini artırmaqda davam edir".
"Kaaspi" qəzetinin əməkdaşı Azər Nuriyev - "ümid edirəm ki, 2015-ci ildə Azərbaycan mediası daha obyektiv mövqe tutaraq, ölkəmizin mənafeyi naminə fəaliyyət göstərəcək. Mən də jurnalistəm və dövlətdən bizə dah şox qayğının göstərilməsini istəyirəm",- deyə əlavə etdi: "Ümid edirəm ki, KİV-ə Dövlət Dəstəyi Fondu Mətbuat Şurası ilə birlikdə jurnalistlərin probleminin həll olunması istiqamətində yeni lahiyələr hazırlayaraq, hökumətə təqdim edəcəklər. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda yüksək dövlət qayğısı mətbuatın hərtərəfli inkişafına böyük təkan verir. Və jurnalistlər bu gün dövlətin tam qayğısı ilə əhatə edilib. Neçə illərdir kirayədə yaşayan həmkarlarımızın evlə təminatı, qəzetlərə maliyyə yardımının ayrılması, müxtəlif müsabiqələrin keçirilməsini bu qayğının nəticəsi hesab etmək olar. Problemlərə gəldikdə, jurnalistlərin sosial, tibbi sığortası ilə bağlı ürəkaçan bir şey yoxdur, bu sahədə problemlər yaşanmaqdadır. Azərbaycan mətbuatının 140 illiyi ərəfəsinə müvafiq jurnalist qurumları bu məsələni qaldırsaydılar yaxşı olardı. Eləcə də, KİVDF xətti ilə gənc jurnalistlərin xarici ölkələrdə təcrübə keçmələrinə şərait yaradılması da yaxşı olardı".
Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov "düşünürəm ki, geridə qalan bir il Azərbaycan mətbuatı üçün müsbət yeniliklərlə yadda qaldı",- deyə vurğuladı: "Yeni internet media resurslarının fəaliyyətə başlaması, internet mediyanın ictimai rəyə təsir edə bilmə mexanizminin güclənməsi, internet istifadəçilərinin sayının durmadan artaraq xəbər portallarına olan zərurəti artırması uğur sayıla bilər. Təbii ki, bütün bunlar ölkədə birbaşa internet azadlığının olması ilə bağlıdır. Sözsüz ki, mətbuatın başlıca problemləri hələ də qalmaqdadır. Bu problemlər arasında ilk növbədə jurnalistlərin informasiya əldə edə bilmə hüquqlarının müxtəlif subyektlər tərəfindən məhdudlaşdırılması və nəticə olaraq mediada balanslaşdırılmış informasiyaların azlıq təşkil etməsidir. Digər önəmli problem isə jurnalist peşəkarlığı məsələsidir ki, hər gün bu sferaya qeyri-peşəkar jurnalistlərin axını davam edir. Yaxşı olardı ki, Mətbuat Şurası bu sahə üzrə etalon statusu daşıyan ölkələrin praktikasını təbliğ etsin. Məsələn, şura qeydiyyatdan keçmiş KİV-lərdə çalışan jurnalistlərə media kartları verməklə bu prosesə başlaya bilər".

Əli