Azərbaycan milli mətbuatının ideya istiqamətləri Layihə

Azərbaycan milli mətbuatının ideya istiqamətləri

Firudin bəy Köçərli: "... "Kəşkül"dən… on il gəlib keçdi və … biz ruznaməsiz qaldıq"

Bu yazıda XIX əsrin 90-cı illərindən sonrakı Azərbaycan milli mətbuatının ideya istiqamətləri haqqında danışılacaq. Azərbaycan mətbuatının tanınmış araşdırıcılarından olan Akif Aşırlı bildirir ki, "Kəşkül" qəzeti bağlandıqdan sonra "Şərqi-rus"un çapına qədərki 14 il müddətində Azərbaycan dilində heç bir qəzet və jurnalın nəşrinə icazə verilmədi. Bu, çar Rusiyasının müsəlmanlara, məxsusi olaraq Azərbaycan türklərinə qarşı apardığı müstəmləkəçilik, ruslaşdırma siyasətindən doğurdu: "Azərbaycan dilində qəzet nəşr etmək istəyənlərə çar III Aleksandrın Qafqaz müsəlmanları üçün söylədiyi "qoy onlar rusca oxusunlar" kəlamını xatırladır, təşəbbüslərin qarşısını alırdılar. Çarizmin yeritdiyi bu siyasətə qarşı mübarizə aparan ziyalılar milli mətbu orqanların çapı üçün bütün vasitələrdən istifadə edirdilər. Çünki onlar gözəl anlayırdılar ki, ictimai fikrin inkişafında, siyasi və ictimai ideyaların mənimsənilməsində, milli şüurun oyanışında anadilli mətbuatın əvəzsiz rolu var. Böyük pedoqoq və ədəbiyyatşünas - alim Firudin bəy Köçərli "Şərqi-rus" qəzetinin 1903-cü il tarixli 17-ci sayında yazırdı: "... Axırıncı qəzetənin ki, "Kəşkül"dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz qaldıq".
"Kəşkül" bağlandıqdan iki ay sonra, yəni 1891-ci ilin dekabrında Ünsizadə qardaşlarından Kamal bəy "Azərbaycan" adında qəzetin nəşrinə icazə istəsə də, çar orqanları buna imkan vermədilər. Avropa təhsili alaraq ölkəyə qayıdan, milli məfkurəli ziyalı Əhməd bəy Ağaoğlu 1893-cü ildə mətbu orqan yaratmağa cəhd etdi. 1893-cü il 6 dekabr tarixində Baş Mətbuat Idarəsinə və əhli Əhməd bəy Ağayev" müraciət edərək "Məşriq" adlı qəzetin nəşrinə icazə istədi. Rusiya daxli işlər nazirinin Bakı polismeystrinə göndərdiyi cavab məktubunda isə bunun yolverilməzliyi göstərilirdi: "Azərbaycan dilində qəzet və jurnalların nəşri tamamilə arzuedilməzdir. Baş Mətbuat İşləri İdarəsi belə hesab edir ki, cənab Ağayevin xahişi rədd edilsin. "Məşriq"in çapına icazə verilməməsinin səbəbi Ə.Ağaoğlunun çar rejimi nümayəndələrinə panislamist, pantürkist kimi təqdim olunması idi".
"Azərbaycan"ın çapına icazə ala bilməyən Kamal Ünsizadə 1896-cı ildə
yeni mətbu orqanı yaratmaq üçün müraciət edir: "Senzura idarələrinin bəhanələrini kəsmək, qəzet nəşrinə nail olmaq üçün K.Ünsizadə "Letuçiya listok"u mülki müşavir Georgi Klimovski ilə birlikdə nəşr etmək istəsə də, onun bu cəhdi də alınmadı. K.Ünsizadənin az savadlı, mətbəəçilik işində səriştəsi olmaması" əsas gətirələrək qəzeti qeydiyyata almaqdan imtina etdilər.
Yeni mətbuat yaratmaq istəyi K.Ünsizadəni təkrarən Qafqaz mülki işlər üzrə baş hakiminə müraciətə sövq edir. 1896-cı ildə o, "Daniş" adlı qəzet nəşrinə ilkin hazırlıq görür. Həftədə iki dəfə nəşr olunacaq qəzetin yığcam proqramı və məramnaməsi tərtib olunur. 13 şöbədən ibarət olacaq "Daniş"in nəşrinə hökumət icazə vermir".
A.Aşırlının tədqiqatından məlum olur ki, illərlə azərbaycandilli mətbuatın çıxmasına icazə verilmədiyinə baxmayaraq Azərbaycan aydınları qətiyyən ruhdan düşmür, milli yönlü mətbuat uğrunda mübarixə aparırlar: "Azərbaycan mətbuatı tarixində və milli jurnalistikamızın formalaşmasında böyük xidmətləri olan Məhəmmədağa Şahtaxtlı da milli mətbuatın yoxluğunu duyaraq, bu boşluğu doldurmaq üçün fəaliyyətə başladı. O, 1896-cı ilin sonunda həftəlik "Tiflis" adında qəzet nəşrinə hökumətdən icazə istədi. Şahtaxtlı məqsədini izah edərək yazırdı ki, rus təbəsi olan azərbaycanlıların bir dənə də olsa qəzet və jurnalı yoxdur. Onlar Baxçasarayda çıxan "Tərcüman" ilə yanaşı, fars, ərəb və türk dillərində xarici ölkələrdən gətirilən dövri mətbuatı oxumaq məcburiyyətindədirlər. Savadlı olub rus dilini başa düşməyənlər isə rus qəzetlərindən istifadə edə bilmir. Bu səbəbdən onların rus həyatı, ədəbiyyatı, incəsənəti, ümumiyyətlə, mədəniyyəti və ölkə daxilində baş verənlərdən xəbəri olmur. Ana dilində olan qəzet bu baxımdan onlara kömək edər, nəticədə bu zümrənin üzvləri Rusiyaya yaxınlaşar. İcazə üçün M.Şahtaxtlı sənədləri Baş Mətbuat İşləri İdarəsinə göndərir. Baş idarə "Tiflis"in nəşri ilə bağlı Qafqaz Senzura Komitəsinin rəyini tələb edir. Şahtaxtlının qəzet nəşr etmək təşəbbüsünü "xeyirxah niyyət" adlandıran, onun bu sahədəki səylərini "hər cür təqdirə və mükafata layiq görən" Simirnov arayışında yazırdı: "Cənab Şahtaxtinski həm qəzetin istiqamətini, həmçinin də gələcək qəzetin məzmununu özü lazımınca dərk etmir. Qəzetin səhifələrini müxləlif Şərq bağırtıları ilə doldurmaqla məşğul olmaq istəyir. Başa düşmək çətin deyil ki, bu qafqazlılar üçün də ümumi dövlət dili olan rus dilinin kənar edilməsinə və eyni zamanda hətta ərəb dilinin saxlanılmasına səbəb olar və buna rus mənafeyinə xidmət kimi baxıla bilməz"…
Araşdırmaçı vurğulayır ki, sonralar M.Şahtaxtlı "Tiflisskiy listok" qəzetindəki məqaləsində Şahtaxtlı rus şovinisti Smirnovla olan görüşünü təsvir edərək yazırdı: "Var qüvvəmlə ona dil töküb xahiş etdim, lakin bundan bir şey çıxmadı. O dedi: tatar dilində heç bir qəzetə icazə verə bilmərəm. İstəyirsinizsə, rusca qəzet çıxarmanıza icazə verim. Qoy tatarlar sizdən nümunə götürüb rusca oxusunlar. Siz rus dilində əla danışırsınız, tatar qəzeti nəyinizə lazımdır?" "Mən öz həmvətəndaşlarımın hamısının tərəqqisinə kömək etmək istəyirəm. Tatarlar hamısı rus dilində təhsil ala bilməzlər. Bu ancaq varlı ailələrə müyəssər olan bir nemətdir" dedim. O isə dedi: Qəzet xalqın nəyinə lazımdır? Ziyalılar qoy rus dilində oxusunlar, adi tatarlar isə qoy gedib sürülərini otarsınlar". Smirnovun bu cavabı rus imperiyasının tərkibində olduğu xalqlara qarşı apardığı milli ayrıseçkilikdən, rus millətçiliyindən doğurdu".
Nəriman Nərimanovun milli mətbuatla bağlı çabalarını dəyərləndirən araşdırmaçı yazır: " O, 1896-cı ilin mart ayında müəllim dostu S.M.Qənizadə ilə birlikdə "Sovqat" adında uşaq jurnalı nəşr etmək üçün çalışır. Azərbaycan məktəbləri üçün nəzərdə tutulan "Sovqat" ayda bir dəfə, şəkilli çıxmalı idi. "Sovqat"ın nəşrinə icazə ala bilməyən N.Nərimanov bir neçə ildən sonar yenidən qəzet çıxarmağa təşəbbüs edir. Müvafiq idarələrə müraciət edərək Azərbaycan və rus dillərində çapı nəzərdə tutulan "Təzə xəbərlər" adlı qəzetin nəşrinə icazə istəyir. Ancaq bu dəfə də Nərimanovun arzusu reallaşmır. Bakı şəhər məktəblərinin müəllimləri S.M.Qənizadə və "Həbibullabəy Mahmudbəyov 1896-cı ilin mayında "Nübar" adlı ədəbi-pedoqoji jurnal nəşr etməyə qərar verirlər. Hər iki müəllimin imzaladığı ərizədə deyilir: "Bizdə, Rusiyada rus müsəlmanları üçün bir dənə də olsun ədəbi jurnalın olmaması üzündən Zaqafqaziya müsəlmanları hələ də məişətdə fars kitablarını oxumaqda davam edirlər". Lakin çar orqanları "Nübar"ın çapına icazə vermədi. Bu dəfə isə S.M.Qənizadə "Çıraq" adlı qəzetin nəşrinə razılıq almaq istəyir, ancaq yenə də onun istəyi baş tutmur. Azərbaycan ziyalılarının göstərdikləri fədakarlığa, təşəbbüslərə baxmayaraq XIX əsrin son on illiyində anadilli mətbu orqan yaratmaq mümkün olmadı. Ancaq bu dövrdə Qafqazda rus dilində 20-dən artıq mətbuat fəaliyyət göstərirdi. Bu mətbu orqanların bir neçəsi isə Bakıda nəşr olunurdu".
A.Aşırlı qeyd edir ki, bu dövrdə Bakıda rus dilində nəşr olunan qəzetlərin içərisində "Kaspi" uzunömürlüyü, öz dövriliyini qoruyub saxlaması ilə seçilir. Qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzminin mətbuat işləri üzrə baş idarəyə göndərdiyi məktubda "Kaspi"nin proqramı geniş şəkildə belə təsvir olunurdu: 1. Yerli həyatdan və ümumdövlət həyatından bəhs edən baş məqalələr. 2. Məlumatlar və eskizlər. 3. Gündəlik hadisələrin xülasəsi. 4. Orijinal və tərcümə olunmuş elmi məqalələr. 5. Rusiyada və xarici ölkələrdə neft işi, neftə aid yeniliklər. 6. Son poçt. 7. Nəsr əsərləri. 8. Məlumat xarakterli xəbərlər. 9. Elanlar.
Redaksiya bu proqram haqqında ilk məlumatı qəzetin 1881-ci ildə çıxan
ilk sayında dərc edib. Qəzetin ilk 28 sayı həftədə iki dəfə, sonra isə həftədə 3 dəfə çıxırdı. "Kaspi" 1884-cü ilin yanvarından gündəlik nəşrə çevrildi. Əvvəllər qəzet 400-420 nüsxə ilə çıxırdısa, 1887-ci ildən sonra tirajda artım müşahidə olundu. Artıq 1887-ci ildən etibarən qəzetin tirajı 1000 nüsxəyə qalxdı. "Kaspi" nəşrə başlayandan 1897-ci ilə qədər rus millətindən olan şəxslər onun redaktoru olmuşdu. V.V.Kuzmin, E.İ.Starsev, V.P.Luçkuskomotov, Qordyeyevski, Sokolinski müxtəlif vaxtlarda "Kaspi"nin məzmununu müəyyənləşdirmiş, redaktor vəzifəsini icra etmişlər. 1897-ci ildə N.Sokolinskinin ölümündən sonra "Kaspi"də dəyişikliklər baş verdi. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürdü və Əlimərdan bəy Topçubaşov qəzetə redaktorluq etməyə başladı. Qəzetin bu dövründən başlayan tarixini "müsəlman kaspi"si adlandırırlar".
Araşdırmaçının fikrincə, "Kaspi"nin yayım arealı olduqca böyük idi: "Nəşrinin ilk illərində qarşılaşdığı çətinliklərə baxmayaraq "Kaspi" öz ətrafına milliyyətcə və əqidəcə müxtəlif olan publisistləri topladı "Teleqramlar", "Xarici xəbərlər", "Mətbuat xülasəsi" rubrikası altında dərc olunan xəbərlərdə təkcə Rusiyada deyil, dünyada baş verən hadisələr, yeniliklər oxuculara çatdırıldı. Qəzetin səhifələrində Ə.Ağaoğlu, Ə.Hüseynzadə, S.M.Qənizadə, H.Zərdabi, N.Nərimanov, M.A.Şahtaxtlı kimi Azərbaycan ziyalıları, publisistləri çıxış edirdilər. H.Zərdabi qəzetin nəşrinin ilk ilindən başlayaraq onun fəal əməkdaşı olub. Onun "Bizim kənd məktəbimiz", "Bədii sənaye məktəbxanaları", "Amerikada əqli inkişafla əl əməyini birləşdirən yeni məktəb sistemi" adlı təhsillə bağlı məqalələrində elmin yeni inkişaf mərhələlərindən bəhs olunurdu. Hətta Zərdabi bir müddət "Kaspi"nin redaktoru oldu. Bu dövrdə Hüseyn Minasazov, Eynəlibəy Sultanov, Rəhim bəy Məlikov müxtəlif səpkili yazılarını "Kaspi"də dərc etdirirdilər. M.Şahtaxtlı da "Kaspi"də ictimai-siyasi mövzuda publisist məqalələri ilə çıxış edirdi. Müəllif öz yazılarında qadın hüquqlarının qorunması, mühafizəkarlıq, elmsizlik kimi dövrün ciddi problemlərini gündəmə gətirirdi. Qəzetin nəşrinin müxtəlif dövrlərində Azərbaycanın məşhur maarifçi və ədəbiyyatşünas alimi Firudin bəy Köçərli də "Kaspi"nin çap imkanlarından yararlanıb. Cəlil Məmmədquluzadə Dəlmə bağları haqqındakı ilk məqaləsini "Kaspi"yə göndərmişdi. Məşhur pedaqoq və ictimai xadim M.Sidqi də qəzetlə əlaqə saxlayırdı. Rus dilində nəşr olunmasına baxmayaraq "Kaspi" Azərbaycanda mətbuatın formalaşmasında, jurnalistikamızın inkişafında pozitiv rol oynayıb".

Uğur