Ermənistanın işğalçılıq siyasəti xarici mətbuatda Layihə

Ermənistanın işğalçılıq siyasəti xarici mətbuatda

II yazı

Pakistanda və xarici ölkələrdə yaşayan Pakistan icmaları arasında böyük nüfuza malik olan ingilisdilli "Daily Times", həmçinin urdu dillində çap edilən "Daily Pardez" qəzetlərində və "Pakistan in the World" İnformasiya Agentliyində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun "Xocalı soyqırımı. Dünya ölkələri Pakistandan örnək götürməlidirlər" sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyü, 1988-ci ildən başlayaraq yüz minlərlə azərbaycanlının öz torpaqlarından didərgin salındığı bildirilmişdir. Qeyd edilmişdir ki, müstəqilliyinin ilk illərində Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalmış, hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər 7 rayonu işğal olunmuş, on minlərlə insan öldürülüb, yaralanıb və ya itkin düşüb.
Münaqişənin hüquqi tərəfinə diqqəti cəlb edən səfir, işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 və BMT-nin Baş Məclisinin 3 qətnaməsinə, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına, habelə digər müraciətlərə məhəl qoymadığını bildirib.
D.Şikarov məqalədə Xocalıda törədilmiş soyqırımının Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifələrindən olduğunu bildirmiş, Xocalı şəhərinin 1991-ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanıldığını və fevral ayının 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə hücuma məruz qalaraq tamamilə məhv edildiyini vurğulamışdır. Materiallarda deyilir ki, o gecə qocalar, qadınlar, uşaqlar, bir sözlə yüzlərlə günahsız mülki insan xüsusi qəddarlıqla öldürülüb, minlərlə insan yaralanıb, əsir götürülmüş və ya itkin düşüb.
Səfir Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Ermənistanın indiki prezidenti Serj Sarkisyan və terrorçu M.Melkonyandan sitatlar gətirərək bu kütləvi qırğının ermənilər tərəfindən düşünülmüş və əvvəlcədən hazırlanmış bir soyqırımı olduğunu sübuta yetirmişdir.
Məqalədə qeyd olunmuşdur ki, 2010-cu il aprelin 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Xocalıda törədilmiş qırğını "Hərbi cinayət və ya insanlığa qarşı cinayət" adlandırıb.
Böyük Britaniyanın Birmingem Universitetinin dövlət idarəçiliyi fakültəsində təhsil alan azərbaycanlı tələbə Savalan Süleymanlının "Münaqişələr mədəni irsə necə təhlükə yaradır: Dağlıq Qarabağ münaqişəsinin acı gerçəkləri" adlı məqaləsi bu nüfuzlu ali təhsil ocağının 11 dildə yayımlanan internet jurnalında yerləşdirilib.
Müəllif Dağlıq Qarabağ probleminə beynəlxalq hüquq, ümumbəşəri dəyərlər və insan haqları kontekstində yanaşmışdır. S.Süleymanlı ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və beynəlxalq birliyin bunu belə qəbul etdiyini diqqətə çatdırmışdır. Məqalə Birmingem Universitetinin tarixində ilk dəfə olaraq Dağlıq Qarabağın işğalı və mədəni dəyərlərin məhv edilməsi faktına belə realist münasibətin bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
ABŞ-ın nüfuzlu "The National Interest" "Miili maraqlar" saytında "Hə, Kerri Qarabağla məşğul ol!" "Kerry, Go Fix Karabakh!" sərlövhəli məqalə dərc olunub. Geosiyasət üzrə tanınmış mütəxəssis Aleksandros Petersenin müəllifliyi ilə yazılmış məqalədə bildirilmişdir ki, bu il iyunun sonunda Azərbaycan qətiyyətli addım ataraq təbii qazını Avropaya ixrac etmək üçün Transadriatik qaz kəməri marşrutunu seçib. Bu marşrutun müəyyənləşməsi üçün Azərbaycan on il səy göstərmiş və rəsmi Vaşinqtonun dəstəyini qazanmağa müvəffəq olmuşdur. Bu işdə ABŞ Dövlət Departamentinin və onun rəhbəri Con Kerrinin təsisçisi olduğu Enerji Resursları Bürosunun da az rolu olmayıb.
Məqalədə bildirilib ki, ABŞ-ın NATO üzrə Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliklərinin təmin olunması həmişə rəsmi Vaşinqtonun prioritet siyasi xətti hesab edilmişdir. Həm demokratlardan, həm də respublikaçılardan seçilən prezidentlərin hamısı çalışmışlar ki, Avropa enerji asılılığından azad olsun. Azərbaycanın ABŞ ilə birlikdə mürəkkəb siyasi şəraiti nəzərə alaraq həyata keçirdikləri diplomatiya Avropanın enerji problemini həll etmişdir. Azərbaycandan Avropaya uzanan qaz kəməri Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistandan yan keçir. Soyuq müharibənin başa çatmasından sonra meydana çıxmış bu millətlərarası problemi bir çoxları dondurulmuş münaqişə hesab edirlər. Lakin Amerikanın ciddi şəkildə baş qoşmaq istəmədiyi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması, heç bir tərəfə fayda verməyərək davam etməsi ABŞ-ın regiondakı milli maraqlarına təhlükə törədir. Əgər ABŞ münaqişənin həlli istiqamətində kifayət qədər səy göstərməsə onda bu problem "qara ruh" kimi daim rəsmi Vaşinqtonu izləyəcəkdir.
Müəllif dünyada cərəyan edən geosiyasi proseslərə nəzər salaraq yazır ki, Misir və Suriyada baş verən hadisələrin nə ilə başa çatacağı bəllidir. Lakin ABŞ-ın dövlət katibi C.Kerrinin İsrail-Fələstin münaqişəsinin həlli olunması istiqamətində reallaşdırdığı siyasət dalama dirənmişdir. Ona görə də Dövlət Departamentinin əlinə uğurlu tarix yazmaq üçün çox yaxşı imkan düşmüşdür. Dağlıq Qarabağ münaqişəsindən ABŞ-ın regiondan sıxışdırılıb çıxarılması üçün hər an istifadə oluna bilər. Bu baxımdan münaqişənin həlli Birləşmiş Ştatlara imkan verər ki, sülhməramlı hərbi hissələrini məhz bu region vasitəsilə asanlıqla Əfqanıstandan çıxarsın. Azərbaycan ABŞ-ın İraq və Əfqanıstanda həyata keçirdiyi beynəlxalq terror şəbəkəsi əleyhinə mübarizəni dəstəkləməklə rəsmi Vaşinqtonun sadiq müttəfiqinə çevrilib.
İsveçrənin nüfuzlu "Die Wochenzeitung" qəzetində jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi dərc olunub. Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumata görə, məqalədə xüsusən qoşunların təmas xəttində yerləşən Füzuli rayonunun Alxanlı və Aşağı Əbdürrəhmanlı, eləcə də Tərtər rayonunun Həsənqaya kəndlərində hazırkı vəziyyət, kənd sakinlərinin gündəlik həyat tərzi, atəşkəs rejiminin daim pozulması nəticəsində əhalinin üzləşdiyi təhlükələr, Ermənistanın işğalçılıq siyasətinin fəsadları, infrastrukturun tamamilə dağıdılması, ərazilərin talan edilməsi barədə məlumat verilir.
Yazının "Düşmən nəzarətində olan rayon mərkəzləri" bölümündə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Füzuli rayonunun 62 yaşayış məntəqəsinin işğal edilməsi, rayon mərkəzinin hazırda düşmən tərəfindən nəzarət olunan ərazidə yerləşməsi faktı diqqətə çatdırılır. Cəbhə xəttində yerləşən Azərbaycanın kəndləri barədə yazan jurnalist burada 2011-ci ildə doğma evinin həyətində oynayan doqquz yaşlı Fariz Bədəlovun düşmən gülləsi ilə öldürüldüyünü xatırlatmışdır.
Məqalənin "Unudulmuş münaqişə" adlı digər bölümündə isə isveçrəli jurnalist qaçqın düşmüş insanların yaşadıqları anları və çəkdiyi əziyyəti məharətlə göstərmişdir. Yazının müəllifi, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik rolunun bu günədək heç bir nəticə vermədiyini, münaqişənin yenidən alovlanması ilə bağlı ekspertlərin ehtimallarını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonunun hələ də işğal altında saxlanılması faktını diqqətə çatdırmışdır.
ABŞ-ın paytaxtı Vaşinqtonda nəşr edilən "The Hill" qəzetində bu ölkədə yaşayan həmyerlimiz, ABŞ Azərbaycanlılar Şəbəkəsinin Direktorlar Şurasının həmtəsisçisi və üzvü Adil Bağırovun Xocalı soyqırımına həsr olunmuş geniş məqaləsi dərc olunub.
Diasporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, yazı "Xocalı faciəsi tanınmağa layiqdir" adı ilə qəzetin "Konqres" bölməsində yer alıb. Məqalədə amerikalı oxucuya Ermənistan silahlı qüvvələrinin 613 nəfəri bir gecədə qətlə yetirdiyi soyqırım haqda ətraflı məlumat verilir və qətliam Avropada ən böyük müharibə cinayəti adlandırılır. Müəllif beynəlxalq media və insan haqları qruplarının müharibə cinayətində hadisələrin detallarını təfərrüatı ilə söyləməsinə baxmayaraq, günahkarların hələ də cəzasız qalmasından narahatlığını bildirir.
A.Bağırov daha sonra yanvarın 26-da Ağ Evin "Biz Xalqıq " veb səhifəsində yerləşdirilmiş və qısa vaxtda 125,000 imza toplamış petisiyaya diqqət çəkərək Obama Administrasiyasını Xocalı müharibə cinayətini anmağa çağırır. Müəllifin fikrincə, bir çox amillər prezident Obamanı bu addımı atmağa sövq etməlidir: Azərbaycan uzun müddətdir Kosovo, İraq və Əfqanıstanda ABŞ-la çiyin-çiyinə xidmət edir və bu ölkə strateji, eləcə də coğrafi-iqtisadi əhəmiyyətli ərazidir. Bundan başqa, Çex Respublikası, Almaniya, Pakistan, Kolumbiya və Meksika rəsmi olaraq Xocalı faciəsini anıb və qəbul edib. ABŞ-in 8 ştatı da 2010-cu ildən bəri Xocalı soyqrımını tanıyıb və ildönümünü qeyd edib.
Məqalə müəllifi hesab edir ki, bütün bunlar Xocalını uzaq torpaqda qaranlıq hadisə kimi deyil, məhz böyük bir müharibə cinayətinin ədalət, tədqiqat və yekun nəticə tələb etdiyini göstərir. Qeyd edək ki, "The Hill" qəzeti Kapitolidə ən çox tirajla yayılan qəzet kimi tanınır. Qəzetin internet səhifəsi və konkret siyası, strateji məsələlərə həsr olunan 11 bloqu var.
Misirin aparıcı qəzetlərindən olan "Youm7" qəzetinin 18 fevral tarixli sayında jurnalist Yusif Əyyubun Xocalı soyqırımı haqqında yazısı dərc olunub.
Müəllif Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı əsrin ən dəhşətli faciələrindən biri adlandırıb və azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında oxuculara ətraflı məlumat verib. Məqalədə həmçinin, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işin aparıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırıma hüquqi və siyasi qiymətin verildiyi bildirilib. Yazıda XXI əsrdə BMT və ATƏT üzvü olan bir dövlətin digər üzv dövlətə qarşı BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq təcavüz, etnik təmizləmə və insanlıq əleyhinə cinayət siyasəti yürütməsinin qəbuledilməz olduğu qeyd edilib. Müəllif onu da bildirib ki, bu kimi əməllər törədən Ermənistanın tarixi saxtalaşdıraraq "erməni soyqırımı"nın tanınmasına çalışması ikrah hissi doğurur.

Cavid