İngilis jurnalisti Skotland – Liddell nə yazırdı? Layihə

İngilis jurnalisti Skotland – Liddell nə yazırdı?

Yalan ayaq açar, amma yeriməz deyib başbilənlərimiz. Amma iki əsr boyudur erməni yalanı nəinki yeriyib, hətta milyonlarla insanın qanı üzərində dövlət də qurub. Bütün dünya da onun yalanını ayaq üstə alqışlayıb, arxasında durub, başını sığallayıb, axıtdığı yalançı göz yaşlarını silib, törətdiyi qəddarlığa göz yumub. Əsrlər boyu erməni yalanı sadə, saf insanların, qadın və körpələrin qanını axıdaraq mücərrəd bir "ədaləti" bərpa edib. Erməni yalanı həm də ona görə baş tutub ki, təcavüzə məruz qalan tərəf səsini çıxarmayıb və bunu necə etmək lazım gəldiyi haqda heç düşünməyib də. Amma dünya ölkələrində yaşayan vicdanlı insanlar var ki, onlar yalnız deyilənə inanmayıb, həqiqəti öyrənmək üçün susmuş ikinci tərəfi ziyarətə gəliblər. Birinci dünya müharibəsi illərində Şərq ölkələrində, xüsusilə Güney Qafqazda fəaliyyət göstərmiş ingilis hərbi müxbiri Skotland-Liddell həqiqət axtarışında olan insanlardan olub. O, 1919-1920-ci illərdə Bakıda və Tiflisdə yaşamış, hərbi müxbir kimi Şuşaya, Zəngəzura getmiş, qaynar nöqtələrdən reportajlar hazırlayıb, məlumatlar verib. Azərbaycan Respublikasının Dövlət Arxivində Cümhuriyyət hökuməti Xarici İşlər Nazirliyinin sənədləri arasında Skotland-Liddellin həmin illərdə yazdığı məqalələrin ingilis və rus dillərində çoxlu surətləri saxlanılır. Zaqafqaziyada siyasi və millətlərarası münasibətlərə həsr edilmiş məqalələrində o, azərbaycanlılarla ermənilər arasında əlaqələr məsələlərinə geniş yer verib.
Tarix elmləri doktoru Ataxan Paşayevin yazdığına görə, arxivdə Skotland-Liddellin "Erməni-tatar (azərbaycanlı) razılaşması - Qafqazda sülhün bərqərar olunması", "Qarabağ erməniləri", "Müsəlmanlarla müharibə... ermənilər yenə də hücum edirlər", "Müstəqil Ermənistana müttəfiqlərin mərhəməti lazım deyil", "Sovet Rusiyası və Zaqafqaziya bolşeviklərinin Gürcüstan və Azərbaycana notaları", "Tiflisdə bolşevik bombaları", "Azərbaycan sərbəst buraxıldı. Bakıdan ingilis orduları çıxarıldı", "Bakıda faciə", "Siyasət lazımdır" və başqa məqalələri mühafizə olunur.
Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında aparılmış uzunmüddətli danışıqlar nəticəsində 1919-cu il noyabr ayının 23-də Tiflisdə Azərbaycan hökuməti adından baş nazir Nəsib bəy Yusifbəyov və Ermənistan hökuməti adından A.Xatisov tərəfindən imzalanmış müqaviləyə görə, hər iki tərəf döyüşləri dayandırmaq və gələcəkdə bir daha silaha əl atmadan mübahisəli ərazi və digər məsələləri danışıqlar yolu ilə həll etmək barədə razılığa gəlirlər.
"Erməni-tatar razılaşması - Qarabağda sülhün yaranması" adlı məqaləsində S.Liddell bu hadisəni ürəkdən alqışlayır. O, yazırdı ki, belə müqavilələr üç Zaqafqaziya respublikası - Azərbaycan, Gürcüstan və Ermənistanda tezliklə qayda yaratmağa imkan verəcəkdir. Hazırda Azərbaycan şəhərlərinin çoxunda xeyli erməni əhalisi yaşayır və onlar yalnız erməni hakimiyyətinə tabe olmaq istədiklərini bildirirlər. Ermənistanda isə əhalinin çoxu müsəlmanlardı. Onlar da Ermənistanın qanunlarına tabe olmaq istəmirlər. Belə olarsa, Qafqazda çoxlu kiçik dövlətlər yarana bilər. Bu isə çox çətin və mümkün olmayan məsələdi.
Daha sonra o yazırdı: "Bu məsələlərdən ən çətini Yelizavetpol quberniyasına daxil olan Qarabağ məsələsi idi. Bu yaxınlarda o məsələ də həll olundu. Bakıda yığılan həm müsəlman, həm də erməni nümayəndələri qərara gəldilər ki, qılıncı qınına qoysunlar. Hazırda Qarabağda sülh hökm sürür. Sakinlərin dediyinə görə, əvvəllər Qarabağda heç vaxt belə sakitlik olmamışdır".
S.Liddell yazırdı ki, "öz coğrafi mövqeyinə görə Qarabağ, həqiqətən də, ona iddia edən Azərbaycana məxsus olmalıdır. Lakin Şuşada ermənilər müsəlmanlara tabe olmaqdansa, ölümü üstün tutduqlarını bildirirlər". Erməni liderlərinə Paris Sülh Konfransının Qarabağda idarə formasını müəyyən edəcəyi vaxta qədər gözləməyi məsləhət gördükdə onlarda bəyan edirlər ki, "müvəqqəti də olsa Azərbaycana tabe olmaqdansa, ölmək daha yaxşıdır".
S.Liddell yazırdı: "Ermənilər dünyanın ən yaxşı təbliğatçılarıdı". Onların bu qabiliyyəti son ayların işi olmayıb, uzun illər apardıqları təbliğatın nəticəsidir. "Ermənilərin bu ərazilərdəki "nüfuzundan" bəhs edən S.Liddellin sözlərinə görə, "nə Rusiyada, nə də Qafqazda elə bir adam tapa bilməzsiniz ki, o, ermənilər haqqında hər hansı yaxşı bir söz desin. Ruslar, tatarlar (azərbaycanlılar), gürcülər ermənilərə nifrət edirlər və onları görən gözləri yoxdur. Bu belədir ya yox, bunu mənim deməyim lazım deyil, çünki burada ermənilər nifrət edilən irqdi. Ancaq xaricdə onların təbliğatı elə qurulmuşdur ki, Avropa və bütün dünya onların tərəfindədir".
Qafqazda və Şərqi Anadoluda ermənilərə münasibətdən bəhs edən S.Liddell yazırdı ki, "əlbəttə, onlara çox əzab çəkmək lazım gəlib. Ancaq minlərlə müsəlman kişi, qadın və uşaqları da onlardan daha çox əzab görüblər". Öz məqalələrində o, "azərbaycanlıların ermənilərlə müqayisədə çox mərd və yüksəkdə dayanan bir millət" olduğunu qeyd edirdi. O yazırdı ki, Qarabağ barəsindəki məsələni dərindən öyrənərək mən belə qərara gəlmişəm və tam qətiyyətlə deyə bilərəm ki, bu qanunsuzluqların başlıca səbəbi qərəzli erməni təbliğatıdır.
Skotland-Liddell yazırdı ki, əgər erməni təbliğatçıları bu işə qarışmasaydılar, hər iki xalq öz həyat yollarını sülh şəraitində davam etdirməyə hazır idilər. "Erməni təbliğatçıları öz vəzifələrini "vicdanla" yerinə yetirirlər. Zaqafqaziyada onların fəaliyyəti, sadəcə olaraq, təxribatdan ibarətdir və erməni mətbuatı isə təbliğatçılar üçün yüksək tribunadır. Məsələn, Tiflisdə erməni dilində iki gündəlik qəzet çıxır. İki-üç ay əvvəl erməni qəzetlərindən birində Qarabağda, İranın şimalında, Azərbaycanla sərhəddə erməni qırğını törədildiyi və üç mindən yuxarı adamın öldürüldüyü barədə məlumat verilmişdi".
Skotland-Liddell yazırdı, bu məsələ ilə əlaqədar mən arayış hazırlamağa başladım və həmin qəzetin erməni naşiri ilə görüşərək məlumatı haradan götürdüyünü soruşdum. O bildirdi: bir neçə gün əvvəl bir nəfər erməni redaksiyamıza gələrək bu haqda məlumat vermişdi. Həmin qırğının harada və nə vaxt baş verdiyini soruşduqda o, cavab verə bilmədi. Nəhayət, uzun müddətli, gərgin axtarışdan sonra müəyyən edə bildim ki, bu hadisə 1918-ci ilin noyabrında hələ türklər Azərbaycanda olarkən baş veribmiş. Hadisəyə səbəb isə ermənilərin özləri olmuşlar. Ermənilər türklərə qarşı partizan müharibəsi elan ediblər, nəticədə də layiqli cavablarını alıblar. Ancaq erməni qəzetinin yazdığı kimi, ermənilər 3 min deyil, ən çoxu 300-ə yaxın itki vermişlər.
İngilis jurnalisti yazır ki, "elə həmin həftə digər erməni qəzeti məlumatlarının birində bildirirdi ki, ingilislər Qafqazı tərk edir və Britaniya hökuməti ilə müqaviləyə əsasən 50 min türk britaniyalı əsgərləri əvəz edəcək. Mən yenə də həmin qəzetin naşirləri ilə görüşərək sual verdim: "Siz bu ağlasığmaz məlumata inanırsınızmı?". Onlar "yox" cavabını verdilər. "Bəs onda nəyə görə dərc etmisiniz?". Onlar cavab verdilər ki, xəbərlər az olduğu üçün müxbirlərimizdən aldığımız bütün məlumatları dərc etməyə məcburuq, əgər məlumat həqiqətə uyğun olmursa, növbəti nömrəmizdə təkzib veririk.
Təxminən elə həmin vaxt qəzet guya, Gürcüstanın baş naziri N.Jordaniya və general V.Tomsonla aparılmış müsahibəni dərc etmişdi. Həmin müsahibədə deyilirdi: "General V.Tomson N.Jordaniyaya deyir ki, Sülh Konfransı Gürcüstanı Rusiyaya qaytaracaq və yalnız Ermənistan müstəqil dövlət olacaq". Güya, bir neçə dəqiqə nitqi tutulan N.Jordaniya heç bir söz deyə bilməyib. Sonra isə o, V.Tomsona yalvarmağa başlayıb ki, əhali arasında ciddi qarışıqlıq yaranmaması üçün bu məlumatı elan etməsin. Guya, general V.Tomson da söz verir ki, bu xəbəri gizli saxlayacaq".
S.Liddell yazırdı ki, bu müsahibə başdan-ayağa uydurma idi və növbəti nömrədə təkzib verilmişdi. Ancaq ermənilər istədiklərinə nail olmuş, lazımi zərbəni artıq vurmuşdular. Onun sözlərinə görə erməni mətbuatının uydurduqları belə yalanlardan çox gətirmək olar. Erməni mətbuatı qırğın, qətl və antitatar (azərbaycanlı) təbliğatları ilə doludur. Həmin qəzetlərdə dərc olunan çoxlu təxribatlara görə, erməni mətbuatı hazırda Qafqazda və Ermənistanda baş verən bir çox millətlərarası mübahisələr üçün tam məsuliyyət daşıyır.
Skotland-Liddell S.Liddell yazırdı: "Mən yanvarda (1919-cu il) Şuşada olarkən bir nəfər ingilis zabitinə Zəngəzur dairəsinə getməyə hazırlaşdığımı bildirdim. Orada ermənilər tərəfindən zərər görmüş 40 minə yaxın müsəlman qaçqınlarının vəziyyəti ilə tanış olmaq istədiyimi dedim. Həm də bildirdim ki, eşitmişəm bu vaxta qədər həmin yerlərdə bir nəfər də olsun ingilis olmayıb... Mənim Zəngəzura getməyimə bir gün qalmış zabit mənə məsləhət gördü ki, ora getməyim. O, mənə dedi: "Heç bir ingilis zabiti ora tək gedə bilməz. Əgər yaxşı silahlanmış mühafizə dəstəsi yoxdursa, bu, olduqca təhlükəlidir. Deyirlər ki, Zəngəzurda müsəlmanlar ingilislərin əleyhinədirlər..." Həmin zabitin erməni tərcüməçisi onu belə başa salmışdı. Mən qərara gəldim ki, gedəcəyəm və getdim də. "Heç vaxt və heç yerdə mən Zəngəzur müsəlmanlarının mənə göstərdiyi qonaqpərvərliyi görməmişəm. Onlar məni ingilis səfiri kimi qarşılayırdılar".
Zəngəzura səfəri zamanı dərc etdirdiyi yazısında o, erməni təbliğatı nəticəsində bir-birinə düşmən kəsilmiş sadə erməni və müsəlman əhalisinin münasibətlərini də təsvir etmişdi. Onu müşayət edən və əvvəlcə bir-birindən qorxan sadə azərbaycanlılar və ermənilər sonradan qısa bir vaxtda köhnə dostlar kimi mehribanlaşırlar. Bununla o, əyani şəkildə sübut edirdi ki, bu iki xalq arasında gərgin münasibətlərin əsl səbəbkarı erməni rəhbərləri, Daşnaksütyun liderləri və Andranik kimi başkəsənlərdir.
Skotland - Liddell yazırdı ki, Zəngəzurdakı müsəlmanlarla görüşəndən sonra, Şuşaya qayıtdıqda yenidən eşitdim ki, ermənilər deyirlər "yaxşısı budur ölək, amma tatarlara tabe olmayaq".

Ülviyyə Tahirqızı