Erməniləşdirmə siyasəti Layihə

Erməniləşdirmə siyasəti

Tarixi faktlar ermənilərin Qafqaza gəlmə olduğunu isbatlayır

III yazı

Bu illərdə Ermənistanda yaşayan azərbaycanlılara qarşı münasibətdə müəyyən sabitlik baş verdi. Həmin dövrdə respublikanın stalinçi rəhbərlərinə qarşı həyata keçirilən kəskin və ədalətli tədbirlər yerlərdə məsuliyyət hissini artırır, hər hansı bir ekstremist hərəkətin qarşısı alınırdı. Lakin ermənilərin "Mets yeğerni" ("Böyük qırğın") adlandırdıqları 1915-ci il hadisələrinin 50-ci ildönümü yaxınlaşdıqca ərazi tələbləri, türklərə qarşı ögey münasibətlər baş qaldırmağa başlamışdı. Xüsusilə, Krımın Ukrayna SSR-yə verilməsindən sonra ekstremist tələblər geniş vüsət almışdı. 1962-1963-cü illərdə Ermənistan KP MK bürosunda Azərbaycan və Türkiyəyə torpaq iddiaları haqqında Moskvaya göndərilən ərizələrlə əlaqədar məsələlər müzakirə olunan zaman gizli söhbətlərdə belə bir fakt aşkarlandı ki, SSRİ Ali Sovetin Rəyasət Heyətinin sədri A.İ.Mikoyan Dağlıq Qarabağ Muxtar Vilayət Ermənistan SSR tərkibinə verilməsi məsələsini N.S.Xruşşovun qarşısında qaldırmış, Xruşşov isə cavabında demişdir ki, kifayət qədər hərbi avtomaşınlar ayırıb ermənilərin bir gecə ərzində Dağlıq Qarabağdan Ermənistana köçürülməsi barədə tapşırıq verə bilər. Təbiidir ki, belə kəskin reaksiya da öz təsirini göstərdi.
Lakin 1964-cü ildə N.S.Xruşşovun hakimiyyətdən kənarlaşdırılması müvəqqəti sakitliyi pozdu. Ermənistanda "mets yeğerni" adlandırılan hadisəsinin 50-ci ildönümünü qeyd etməyə hazırlıq işləri genişləndi. Bu tədbirin keçirilməsində xarici ölkələrdə fəaliyyət göstərən daşnaq partiyasının və digər irticaçı-millətçi partiya və qrupların məqsədi Ermənistan SSR-in rəhbərliyinin fəaliyyəti ilə üst-üstə düşür, hər iki tərəfdə aparılan təbliğat işi də bu məqsədə yönəldilmişdi. Belə ki, iddia edilir ki, "qırğın" üçün Türkiyə hökuməti və xalqı məsuliyyət daşıyır, əzəli Ermənistan torpaqları yenidən birləşdirilməli və "Böyük Ermənistan" dövləti yaradılmalıdır.
Gürcüstan SSR-in Boqdanovka rayonunun, habelə ona həmsərhəd olan bölgələrin, Azərbaycan SSR Naxçıvan Muxtar Respublikasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin, Türkiyə Cümhuriyyətinin böyük bir hissəsinin - Ərdəhan, Trabzon, Qars, Bitlis, Van vilayətlərinin Ermənistana birləşdirmək məsələsi həm rəsmi dairələrdə, həm də kütlə tərəfindən irəli sürülür, qətnamələr, müraciətlər qəbul edilirdi. Bütün əmək kollektivlərində, kolxoz və sovxozlarda, ali və orta məktəblərdə, hətta ibtidai siniflərdə belə kompaniyalar aparılır, "Mets yeğerni"nin 50-ci ildönümü erməni xalqının yekdilliyi və birliyi naminə yüksək səviyyədə keçirmək çağırışı səslənir, türklərə qarşı nifrət hissi təlqin edən kinofilmlər nümayiş etdirilir, kitablar çap olunurdu. Kütləvi mətbuat orqanlarında erməni xalqının müdrikliyi, qonşu xalqların köçəri və gəlmə olduqları barədə iri məqalələr çap edilir, radio və televiziyada verilişlər təşkil olunurdu.
Artıq 1965-ci ildə gizli erməni terror ordusu "ASALA" da formalaşmışdı. Hətta təşkilatın komandanlığı "Mets yeğerni"nin 50 illiyi və "xalq qəhrəmanı" Ozanyan Andronikin anadan olmasının 100 illiyini eyni günə (24 aprel 1965-ci il) salaraq türk qırğınları törətmək planını cızmışdılar. Planın proqramına görə, 24 aprel günü silahlı dəstələr Ermənistandakı azərbaycanlı kəndlərinə hücum etməli, dinc əhalini kütləvi surətdə qırmalı idi. Eyni vaxtda Türkiyə sərhədlərində pozuculuq edib, hücumlar etmək, qırğınlar törətmək planlaşdırılırdı. Həmin vaxt radio və televiziya ilə bütün dünyaya elan etməli idilər ki, guya gizli silahlanmış azərbaycanlılar erməni kəndlərinə hücum etmişlər və bunlara kömək məqsədilə türk ordusu sərhəddi pozub sovet sərhədçilərinə hücuma keçmişlər. Planda "ASALA" ümid edirdi ki, Sovet Ordusu münaqişəyə qoşulacaq, bu məqamdan istifadə edib Türkiyədən müəyyən torpaqlarını - Qars, Ərdəhan, İqdır və s. vilayətlərini tutmaq mümkün olacaq.
Bu məqamda plandan duyuq düşən insanlar Gürcüstandan və Azərbaycandan Moskvaya teleqramlar vurdular. Dövlət təcili tədbir görmək məcburiyyətində qaldı. Bütün erməni və Azərbaycan kəndlərinə milis və hərbçi keşikçilər qoyuldu, orduya sayıq olmaq tapşırığı verildi. Ermənilər məcbur olub bu mənfur plandan əl çəkdilər. Lakin yuxarıda deyilən kimi, İrəvanda Lenin Meydanında mitinq keçirildi. Hərbi hissədən mitinqçilərə dağılmaq əmri gələndə, başda keşiş Vazgen olmaqla nümayişçilər ayaqqabılarını əllərinə alıb, Eçmiədzin kilsəsinə yürüş etdilər (30 km-dən artıq yoldur). Sonrakı günlər isə xüsusən, 1965-ci ilin 23-24-25-ci aprel günlərində keçirilən tədbirlər kulminasiya nöqtəsinə çatdı. İrəvan şəhərinin erməni əhalisi küçələrə çıxaraq "genosid" qurbanlarının xatirəsinə ucaldılmış memorial tikinti yerinə doğru axışırdı. Nümayişçilərin önündə katolikosla birlikdə respublikanın rəhbərləri addımlayırdı. Kütlənin başı üzərində qara parça ilə örtülmüş rəmzi tabut və "Böyük Ermənistan", "Qoparılmış ərazilər Ermənistana qaytarılmalıdır!", "İntiqam!", sözləri yazılmış şüarlar aparılırdı. Bu hadisədən sonra Ermənistan SSR-nin azərbaycanlı əhalisi sıxışdırılmağa başlanıldı, xüsusən İrəvanda, Leninakanda, Kirovakanda, Qafanda avtobuslarda, bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü.
Azərbaycanlılar Moskvaya (xüsusən Quqark rayonundan) həm ərizə, teleqramlar vasitəsi ilə xəbərdarlıq etmiş, həm də nümayəndə göndərmişdilər. Beləliklə, azərbaycanlıların şikayəti Sovet İKP MK siyasi bürosunun iclasında müzakirə olundu; Quqark rayonunda "beynəlmiləl
tərbiyənin vəziyyəti" mövzusunda məsələyə baxıldı və beynəlmiləl tərbiyəni yaxşılaşdırmaq üçün tövsiyələr edildi. Respublika miqyasında isə heç kim cəzalandırılmadı. Yalnız Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Y.Zarobyan vəzifədən azad edilərək 1966-cı il fevral ayında SSRİ Elektrotexnika Sənayesi nazirinin müavini vəzifəsinə təyin olundu. Ermənistanda yaşayan azərbaycanlıların məşəqqətli həyatı olduğu kimi qaldı. Təəssüf ki, uzun illər çar Rusiyasının və SSRİ-nin avantürist siyasəti sayəsində ermənilərin Qərbi Azərbaycan türklərinə qarşı tətbiq etdikləri 9 deportasiya və soyqırım siyasəti öz siyasi qiymətini dünya miqyasında ala bilmədi.
Türkiyədən və Azərbaycandan torpaq qoparmaq uğrundakı çarpışmalarda məğlub olan ermənilər mübarizə taktikasını dəyişdilər. Bu mübarizə yolunun biri köhnə taktikaları olan terrorçuluq, digəri isə "Böyük Ermənistan" uğrunda pul toplamaq oldu. Onu da qeyd etmək lazımdır ki, ermənilərin daşnaq partiyası Yer kürəsində yeganə partiyadır ki, öz nizamnaməsində terrorçuluğa yer verir. Bu terrorçuluqla da müəyyən niyyətlərinə çatırlar.
"Əzabkeş erməni xalqı"nın üçün yığılan ianə həm xarici erməni diasporu tərəfindən, həm də SSRİ-də yaşayan erməni əhalisi tərəfindən toplanırdı. Həmçinin SSRİ-də pul müxtəlif ictimai təşkilatlar (tarixi abidələrin qorunması, təbiətin qorunması və s.) adından da toplanırdı. "Böyük Ermənistan" adına pul verməyən erməniləri hətta cəzalandırırdılar.
Toplanan pullar Eçmiəzdin kilsəsinin adı ilə xarici banklara daxil edilirdi. 1965-ci ildə yalançı "erməni soyqırımı"nın 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, "Böyük Ermənistan" uğrunda 40 milyard ABŞ dolları dəyərində pul toplamışlar. Onlar etiraf edirdilər ki pul toplamaqda məqsəd Türkiyədən və İrandan (Cənubi Azərbaycan nəzərdə tutulurdu) "erməni" torpaqlarını almaqdır. Məhz bu pulla daşnaqlar terrorçu erməni ordusu "ASALA"-nı yaratdılar.
Sovet İttifaqında "ASALA"-nın ilk fəaliyyətləri Moskvada metronun partladılması, Ermənistanda hərbi silah anbarlarından silahların oğurlanması, Sumqayıt və Bakıda erməni talanları, Özbəkistanda SSRİ prokurorluğunun məsul işçisi Qdlyanın rəhbərliyi ilə Ahıska türklərinin talanı, Masis və Quqark soyqırımları və sair faktları qeyd etmək olar.
Faktlar əsasında sübut edilir ki, Cənubi Azərbaycanda da törədilmiş erməni-aysor vəhşilikləri ermənilərin müsəlmanlara qarşı yeritdikləri soyqırımı siyasətinin tərkib hissəsi idi. Birinci Dünya müharibəsi İrandakı ziddiyyətləri daha da kəskinləşdirmişdi. Antanta ittifaqına daxil olan İngiltərə ilə Rusiyanın, Almaniya ilə Türkiyənin İran barəsində xüsusi planları mövcud idi. ABŞ da öz növbəsində İranda nüfuzunu artırmağa çalışır və bu məqsədlə İrana göndərdiyi amerikalı missionerlərin fəaliyyətindən geniş istifadə edirdi. Müharibə ərəfəsində adı çəkilən dövlətlərin hər biri öz xeyrinə Cənubi Azərbaycanın qərb bölgələrində kürdlər, aysorlar və ermənilər arasında milli zəmində toqquşma və qırğınlar törədirdilər.
I Dünya müharibəsinin Cənubi Azərbaycanda yaratdığı mürəkkəb şəraitdən və qarışıqlıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy, Salmas, Soyuqbulaq və bu şəhərlərin ətraf kəndlərinə hücum edərək bazar və evləri çapıb-talamağa, günahsız və silahsız Azərbaycan türklərini böyükdən-kiçiyə görünməyən vəhşiliklə məhv etməyə başladılar. Belə qırğınlar Urmiyada xüsusi qəddarlıqla həyata keçirilirdi. Yalnız türk ordu hissələrinin həmin bölgəyə daxil olması buradakı kəndlərin, Urmiya və b. şəhərlərin əhalisinin kütləvi şəkildə soyqırımının qarşısını aldı. Lakin türk qoşunları bu yerlərdən getdikdən sonra Cənubi Azərbaycanın Türkiyə və İraqla həmsərhəd bölgələrində ermənilər, aysorlar və kürdlər azərbaycanlıları yenidən qırmağa başladılar. Bu qırğınlar bolşevik hökuməti tərəfindən rus hərbi hissələrinin çox pərakəndə şəkildə 1918-ci ilin əvvəlində İrandan çıxarıldığı vaxt daha faciəli
şəkil almışdı. Aydındır ki, Birinci Dünya müharibəsinin iştirakçısı olan böyük dövlətlər Şərq ölkələrini yenidən nüfuz dairələrinə bölmək məsələsində vəhşi erməni quldurlarını əllərində alətə çevirmişdilər və onlardan istədikləri kimi istifadə edirdilər. Rus hərbi hissələri Cənubi Azərbaycanı tərk etdikdən sonra ingilislər bu yerlərə öz xüsusi hərbi dəstələrini göndərdilər. 1918-ci ilin baharınadək onlar Zəncan, Miyanə, Xoy və Urmiyanı ələ keçirdilər. Eyni zamanda Cənubi Azərbaycanın şimal-qərbində bu dövlətlərin təhrikilə aysorlar, kürdlər və ermənilər azərbaycanlılara qarşı əsl mənada soyqırımı həyata keçirirdilər. Yalnız Urmiya bölgəsində ermənilər 150 min, Xoy bölgəsində isə 50 min Azərbaycan əhalisini qətlə yetirmişlər. Türkiyə ərazisinin Şərqi Anadolu bölgəsində isə 200 min azəri türkü qətlə yetirildi. Beləliklə Rusiya ərazisinə daxil olmayan Yaxın Şərq bölgəsində 400 min azəri türkü ermənilər tərəfindən vəhşicəsinə öldürülmüşdür.

Cavid