Şuşanın işğalından 23 il ötür... Layihə

Şuşanın işğalından 23 il ötür...

Şəhərə 3 istiqamətdə hücum edildi: 155 nəfər həlak oldu, 167 nəfər isə yaralandı

Mayın 8-də Azərbaycanın tarixi şəhəri Şuşanın işğalından 23 il ötür. Şuşalı çağlardan ömrü boyu, nəsillikcə o yerlərdə yaşayan soydaşlarımızın böyük bir nisgillə danışması istər-istəməz ürək parçalayır. Problem isə beynəlxalqlaşıb. 23 il qabaq - 1992-ci ildə Şuşaya 3 istiqamətdə hücum oldu. 155 nəfər həlak oldu, 167 nəfər isə yaralandı. Bununla da Şuşa şəhəri və onun 30 ətraf kəndlərində yaşayan 24165 nəfər Azərbaycan türkü erməni-daşnak faşistlərinin etnik təmizləmə siyasətinin qurbanlarına çevrildilər. Şuşa bölgəsi bu savaşda 193 nəfər şəhid verdi. 17 mayda isə ermənilər iki istiqamətdə Laçın rayonuna hücum etdilər. Laçın şəhəri və onun 125 kəndi işğala məruz qaldı. Rayonun 71 min əhalisi didərgin düşdü. 328 nəfər şəhid, 36 nəfər girov oldu, 100 nəfər isə itkin düşdü.
Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağın ilk xanı Pənah xan tərəfindən qoyulub. Pənah xanın qala üçün seçdiyi yer əvvəllər tamamilə meşə ilə örtülü bir sahə olub, üç tərəfdən sıldırım qayaların əhatəsində idi. Pənah xan tərəfindən salınan şəhər əvvəllər "Pənahabad", sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adıyla Şuşa qalası adlanıb. Xalq əfsanəsinə görə bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün, onu "Şuşa" (şüşə) adlandırıblar.
XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunub. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının - Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranıb və inkişaf edib. Şuşa şəhəri Pənahəli xanın oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.
Araşdırmaçıların fikrincə, Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar. Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam edib, tikinti işləri bir qədər tələsik aparılıb. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.
İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olub. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllənin" yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub, sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.
XIX əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınıb və əslində bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatıb. Şəhərin dağlıq ərazidə salınmış "Qazançalı" adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.
XVIII əsrdə Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar, burada "Pənahabad" adlanan gümüş sikkə zərb edilirdi. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrilib və 1756-ci ildən 1823-ci ilədək Qarabağ xanlığının paytaxtı olub. Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilib. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən ediblər.
"Qədim" və "Yeni Şuşa"dan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar (türklər) yaşamışlar. Tarixçi Baharlı şəhərin məhəllələri haqqında "Əhvalati-Qarabağ" adlı əsərində bilgi verir. Müəllif yazır: "Belə ki, əvvəlinci məhəllə yuxarı və məhəllədən Xanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. O cəhətə görə Xanlıq ara deyilir ki, İbrahim хanın imarətinin yanıdır. İkinci məhəllə Saatlı məhəlləsidir. Üçüncü məhəllə Köçərli məhəlləsidir. Dördüncü məhəllə Mamayı məhəlləsidir. Beşinci məhəllə Xoca Mərcanlı məhəlləsidir. Altıncı məhəllə Dəmirçi məhəlləsidir. Yeddinci məhəllə Hamam qabağıdır. Səkkizinci məhəllə Təzə məhəllədir. Və aşağı məhəllələrin adları bunlardır: Birinci məhəllə Qurdlar. İkinci məhəllə Seyidli. Üçüncü məhəllə Culfalar. Dördüncü məhəllə Toyluq. (Quyuluq) Beşinci məhəllə Çuxur. Altıncı məhəllə Dördlər qurdu. Yeddinci məhəllə Hacı Yusifli. Səkkizinci məhəllə Dörd çinar. Doqquzuncu məhəllə Çöl-qala".
Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazır: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlib. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur".
Mərhum publisist Telman Mehdixanlı yazılarında təəssüflə bildirirdi ki, sovet dövründə Şuşamızda on küçə var idisə, onun 5-nə erməni adı verilmişdi. Şuşa rayon partiya komitəsinin ikinci katibi mütləq erməni olmalıydı. Ata-baba yurd yerimizin adı dəyişdirilmişdi - Xankəndi yox, Stepanakert kimi tanınmışdı. Respublikamızın ərazisində cəllad, türkçülüyün düşməni, minlərlə soydaşlarımızı qətlə yetirən Şaumyanın adını daşıyan küçələr, müəssisələr, hətta rayonlar mövcud idi... Bütün bunlar bəs necə rəsmiləşirdi? Sualın cavabı birmənalıdır: erməni hiyləsi və bizim unutqanlığımız sayəsində! 1988-ci il fevralın 22-də Qarabağ uğrunda ilk iki şəhid balamız niyə tez-tez xatırlanmır? Axı onlar torpaq, Vətən uğrunda canlarını qurban verənlərdir! Şuşanın sinəsinə dağ çəkən, şuşalılara quyu qazdırıb, yüzlərlə şuşalını diri-diri ora töküb, üstlərini örtən Mkırtıçyanın qızı Varsenik Bayrama (ad şərtidir) ərə verilmişdi. Bayram Şuşanın mərkəzində böyük bir mağazanın müdiri idi. Varsenik isə çörək zavodunda işləyirdi. Şuşamız sonuncu dəfə işğala məruz qalan günlərdə Bayram nə qədər haraylasa da, "arvadı" gizləndiyi zirzəmidən çıxmayıb. Orada əyləşib, "ərinin" illər boyu topladığı var-dövləti, sərvəti "qoruyub"... Hə biləydik, hardan duyaydıq ki, başı bəlalar çəkən qədim Şuşamızın, ermənilərin törətdiyi neçə-neçə terrorların şahidi olmuş şuşalıların bugünkü övladlarını nələr gözləyir? Şuşa sözün həqiqi mənasında alınmaz qala idi. Ora yalnız iki səmtdən giriş vardı: Ağa körpüsü və Zarıslı kəndi tərəfdən. İşğal ərəfəsində oradan ermənilər baş götürüb qaçmışdılar. Qalan üç-beş nəfər də üzə çıxmır, zirzəmilərdə gizlənirdilər. Bəs indi onun içini oyan qüvvələr kimlər, nələr idi? Axı Şuşada barmaqla sayılası mümkün olmayan vətənsevər, igid, ölümündən qorxmayan oğullar gecə-gündüz oyaq qalırdılar ki, birdən düşmən qapılarını döyər. Bəs niyə bu gün göynəyə-göynəyə, yana-yanan həsrətini çəkdiyimiz, üzüyün qaşına bənzətdiyimiz müqəddəs torpağımız - qala şəhərimiz Şuşa düşmən tapdağı altında zarıyır, inildəyir, dağılır, uçulub-sökülür? Sakinləri isə ağızlarının dadını, süfrələrinin bərəkətini itiriblər.
Bu diyar tarixi abidlərlə zəngin olduğu üçün 1977-ci ildə qoruq-şəhər statusu alıb. Şuşa dəniz səviyyəsindən təxminən 1800 metr hündürlükdə yerləşir. Orada təkrarsız coğrafi görünüş və bənzərsiz iqlim şəraiti mövcuddur. Havası neçə-neçə xəstəliyə dərmandır. Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağları xeyli aralıda olsalar da, oradan aşkar görünür. Şəhərin ərazisi təxminən 400 hektara yaxındır. Şəhərdə və kəndlərdə çeşid-çeşid ipək, pambıq parçalar toxunardı. Orada çox dəyərli sənətkarlar çalışardı. Əhalinin suya olan ehtiyacının ödənilməsi üçün Xan qızı Hatəvan 1873-cü ildə Şuşaya Sarıbaba dağından su kəməri çəkdirmişdi. Bütün Zaqafqaziyada yeraltı kanalizasiya sistemi ilk dəfə Şamaxıdan sonra Şuşada quraşdırılmışdı. Şəhərdə 17 məhəllə var idi. Əhalisi təxminən 40 min nəfərə çatırdı. Bu yurd yerimiz həm də unikal istirahət guşələri ilə tanınmışdı. Turşsuyun, Səkili bulağının, İsa bulağının, Fındıqlı gölünün sorağı çox yerə yayılmışdı. Şuşa həm də musiqi konservatoriyası kimi ad açmışdı. Ta qədimdən son vaxtlara qədər burada fəaliyyət göstərən 100 nəfərə qədər bənzərsiz ifaçılarımızın adları milli tariximizə yazılıb. Onlardan Sadıqcanın, Hacı Hüsünün, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan əminin, Bülbülün, Zülfü Adıgözəlovun adları daha populyar olub. Sakinlər boş vaxtlarını "Bazarbaşı" deyilən yerdə - Mədəniyyət evi ilə Xan qızı Hatəvanın imarəti arasındakı bulvar kimi tanınan ünvanda keçirərdilər...
1992-ci il mayın 8-də Şuşamız son azadlıq gününü yaşadı. Görənlər danışırlar ki, elə o vaxtdan da onun başının üstündən çiskin, qar, duman əskik olmur. Yalnız bircə təskinliyi var: yaranışı boyu çox amansızlıqlar görsə də, yenə Azərbaycanın tərkibində qalıb, Azərbaycan Türklərinin sevimli şəhəri, yurd yeri olub, yenə olacaq".

Uğur