“Ermənilər onun başına vuraraq əzdilər və bütün bədən üzvlərini kəsdilər”... Layihə

“Ermənilər onun başına vuraraq əzdilər və bütün bədən üzvlərini kəsdilər”...

"Davadan əvvəl Şuşanın erməni tayfası hər yerə kağızlar yazıb göndərərək kömək istəmişdilər. Həmin kağızların birini də Tifilis şəhərinə yazıblarmış. Tiflisdə neçə yüz erməni və gürcü gəlib Şuşada müsəlmanlara qarşı vuruşmuş və əksəriyyəti burada həlak olmuşdular. Belə ki, davadan sonra Tiflisə ancaq 60 nəfər qayıdır. Əhvalatdan xəbərdar olan gürcülər istəyirlər ki, toplaşıb həlak olanların əvəzinə oradakı İran müsəlmanlarını qırsınlar. Lakin gürcülərin bir parası buna razı olmayıb mane olmuşdular".
Bu barədə M.M.Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında yazır ki, ikinci səngərin cavanları ermənilərə güc gəlib onları geri oturtduqdan sonra gördülər ki, erməni övrəti və bir erməni kişisi "Ya həzrəti-Abbas!" deyə-deyə müsəlmanlara tərəf gəlirlər. Kənd yerindən gəlmiş müsəlmanlardan biri onların üstünə bir neçə güllə atdısa da, onların heç biri dəymədi. Buna kimi onlar səngərlərə çatdılar və ağlaya-ağlaya "ya həzrəti-Abbas, bizə kömək ol!"- deyə müsəlmanlardan aman istədilər. Bu üç erməni əsgərini gətirib bizim evə qoydular. Ermənilərlə müsəlmanlar arasında barışıq olduqdan neçə gün sonra həmin ermənilər öz yerlərinə getdilər. Erməni kişisinin adı Baxış, övrətdən birinin adı Bənövşə, o birinin adı isə Zəri idi.
Müsəlmanlar hər ləhzə "Ya Əli!" narəsi çəkə-çəkə səngərdən-səngərə irəli gedib, hər saat qələbələr əldə edirdilər. Abbas bəyin dəstəsi yürüşünü davam etdirərkən yolunda evləri odlaya-odlaya Manas Muğdusi oğlunun evinə kimi çatdılar. Mir İbrahim və Ağa Şəmilin dəstələri isə litoqrafiya çapxanasına çatmışdılar. Dördüncü və beşinci səngərlərə rəhbərlik edən Əfrasiyab və Məşədi Abış bəy öz dəstələri ilə südxana istiqamətində hücuma keçərək gəlib oraya çatdılar".
Nəvvab yazır ki, bu dəstələrin igidləri ermənilərin üzərinə yürüş edərkən cənab qubernator durbinlə vuruşa baxırmış: "Müsəlmanlar əllərində tüfəng əyilə-əyilə gedib ermənilərin səngərlərinə daxil olaraq onları gülləbaran etdiyini görən qubernator əl-ələ vurub təəcüblə demişdi:
- Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin belə bir hünər göstərərək səngər tutması çox qəribədir.
Kəndistan yerindən gəlmiş igidlər və yerli cəngavərlər bir-birinin ardınca küçələri və səngərləri tutduqca şur və fəğan, "Ya Əli!" sədası, "Ura-ura!" səsləri və tüfəng gurultusu fələyə qalxırdı. Odlanan dükanlar və evlər hər tərəfdə alışıb yanırdı. Xüsusən taxtalarla dolu olan bir neçə dükanın alovu fələyin yanına qalxmışdı. Belə ki, həmin dükanların alovu dörd ağac məsafədən görünürmüş. Kərkicahan kəndinin adamları deyirdi ki, həmin gün yanğın vaxtında saysız-hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə tökülürdü.
Üçüncü səngərin adamları kilsənin qiblə tərəfindən basmaxanaya qədər evlərə və dükanlara od vurmuşdular. Təzə kilsənin ətrafındakı evlər də yandırılmışdı. Dördüncü səngərin əhalisi Cəmşid bəyin evinin dövrəsinidə olan imarətlərə vurduqları alovdan Cəmşid bəyin və Şahnəzərovların mülklərinə, üzbəüzdə olan evlərə, o cümlədən Ümrüd bəyin, Xandəmir oğlunun, Cavad bəyin və Ümrüd bəyin oğlanlarının evlərinə də od vurub yandırmışdılar. Bundan əlavə, südxana və Duma divanxanası, xülasə bu qəbildən böyük evlər və ətrafında da olan imarətlər, dükanlar tamam alışıb yanırdı.
Kilsələr məbədgah olduğuna görə onlara toxunmayıb od vurmadılar. Buna baxmayaraq, bir neçə tərəkəmə darvazaya od qoyub kilsəni yandırmaq istəyərkən şuşalılar onu söndürüb onlara acıqlanaraq demişlər:
- Kilsə və məscidlərə hörmət etmək lazımdır".
Nəvvab ayrıca vurğulayır ki, ermənilər Xəlfəli qapısının müsəlman evlərini, o cümlədən köçərlilərin, kazakların, Süleymanın, Allahverdinin, Məşədi İsmayılın evlərini, sud (məhkəmə) və Duma divanxanalarını yandırmışlar. Davadan əvvəl ermənilər sud (məhkəmə) və Duma divanxanalarını yandırıb günahı müsəlmanların üstünə yıxmaq istəyirdilər. Məhz dava başlanarkən həmin imarətləri yandırdılar ki, müsəlmanlar müqəssir hesab olunsun: "Elə ki bu evlər yanmağa başladı, onların alovları və qığılcımları qərb tərəfə erməni məhəlləsi tərəfə yönəldi. Vahid Allahın iradəsi ilə od alovun hər tərəfə yayılmasının nəticəsi olaraq erməni məhəllələrinin əksər evləri, imarətləri və dükanların içində olan əşyaları və malları tamam yanıb, divarlardan başqa bir şey qalmadı.
Kərbalayı İsgəndər adlı bir şəxs mənə danışdı ki, dava günü üç nəfər yuxarı erməni bazarına çıxmışdıq. Bir də gördük ki, ermənilər bir-birinə qarışaraq dükanları bağlayır, əllərində tüfəng və tapança küçələrə çıxır, harada müsəlman görürdülərsə, gülləyə basırdılar. Heç nədən xəbərləri olmayan silahsız müsəlmanlar isə bu hücumun qarşısında hərəsi bir tərəfə qaçırdı. Bəzisi qaçıb qurtarır, bəzisi yaralı canını qurtarmağa cəhd göstərirdi. Bir qismi isə yaralı yıxılıb qalırdı. Biz üç nəfər də bu vəziyyəti görüb dəhşətə gəldik və qaçmaq istədik. Lakin gördük ki, bütün dükanların qarşısında silahlı ermənilər dayanıblar. Əgər qaçsaydıq, bizi hər tərəfdən gülləbaran edəcəkdilər. Əlacsız qalıb orada olan bir müsəlman papaqçı dükanına girdik. Dükanın sahibi Aslan adlı bir nəfər idi. Aslan durub tez dükanın qapısını çəkib içəridən bağladı və arxasına böyük şeylər qoydu ki, açılmasın. Bunu görən ermənilər tez qaçıb dükanı gülləyə tutdular. Güllələr qapını deşib içəri keçirdi. Biz isə içəridə hərəmiz bir divar dibinə qısılıb qalmışdıq. Mən bir təhər qalxaraq dükanın arxasındakı taxtanı çıxartdıqdan sonra ona bitişik olan ikinci dükana keçdik. Həmin dükanın sahibi də dükanı bağlayıb getmişdi. Gördüm ki, dükanda bir dəstə lavaş və yanında da dolu bir qab su var. Sudan bir az içdik. Sonra fikirləşdik ki, nə edək. Axşam düşəndən sonra lavaşdan bir qədər yeyib sudan içdikdən sonra həmin dükanda gecəməli olduq. Lakin yata bilmədik. Sübh olan kimi mən qalxıb o dükanın bir tərəfinin divarının üstünü açdım. Mənimlə orada olanlardan birisi dəmirçi Süleyman, o birisi isə Cəmil adlı bir şəxs idi. Mən divarın üstündən aşdığım yerdən gördüm ki, bazar-dükan, ev-eçik tamam od tutub yanır. Alov artıq biz olan dükana yetişirdi. Amma bazarda bir nəfər də olsun, erməni görünmürdü. Onların hamısı böyük meydana yığılıbmış. Müsəlmanların da "Ya Əli!" sədası eşidilirdi. Mən alovun yaxınlaşdığını görüb özümü birtəhər açdığım yerdən bayıra atdım. Yoldaşlarıma da xəbər verdim ki, od-alov artıq dükana çatır. Onlar hərəkət edib divara çıxana kimi od-alov dükanı bürüdü. Onlar karıxaraq iksi də divarın üstündən dükanın içəri tərəfinə yıxıldılar. Mən böyük çətinliklə divarların dalı ilə evimizə çatdım. Gördüm külfətim hamısı ağlaşırlar. Bir qızım özünü saçından asıb Allaha dua edirdi. Elə ki, məni gördülər, hamısı ayağıma düşdülər".
Başqa bir hadisə: "Yuxarıda deyilənlərdən daha qəribə bir əhvalat qalalı Şükür Kərbəlayi Allahverdi oğlunun başına gəlmişdi. Bu haqda o belə danışır:
- Mən və qardaşım Həsənin yuxarı erməni meydanında baqqal dükanımız var idi. Dükanlarımız quru meyvə ilə dolu idi. Alış-verişimiz də yaxşı gedirdi. Günlərin bir günündə (yəni dava başlanan günü) bir də gördük ki, nə qədər dükanlarda alış-veriş edən vardısa, hamısı bir-birinə qarışıb hay-küy yarandı. Sonra isə dəstə-dəstə olub müxtəlif səmtlərə getdilər. Ermənilərdən sual etdik ki, nə hadisə baş verib? Onların heç biri cavab vermədi. Bu vaxt mən gördüm ki, atlı qımdatlardan birisi tələsik gəlib erməni dükan sahiblərinə nə dedisə, onlar o dəqiqə dükanları şaraqqaşaraqla bağlayıb, dəstə-dəstə olub əllərində tüfəng və tapança hər tərəfə yayıldılar. Gənclər meydanına və bazara doluşan əli silahlı ermənilər harada müsəlmanlara rast gəlirdilərsə, gülləyə tuturdular.
Burada dükanı olan Əli Molla Məcid oğlu adlı bir cavan vəziyyəti belə görüb qaçıb mənim dükanıma gəldi. Mən isə bağlamağa fürsət tapmayıb Əli ilə birlikdə dükanın arxasında yerləşən zirzəmiyə girdik. Bizim buraya girməyimizi görən ermənilər zirzəminin mühasirəyə alıb atəşə tutdular. Mənim də içəridə bir tapançam və on beş gülləm var idi. Mən də başladım onlara cavab atəşi açmağa. Çartaz əhlindən bir erməni cəsarətlə istəyirdi ki, zirzəmiyə tərəf gəlsin. Həmin dəm tapança ilə onun sinəsindən vurdum. Erməni çığırıb yıxıldı. Cavab atəşini və çartazlının öldürülməsini görən ermənilər qorxudan geri çəkilib uzaqdan atəş açmağa başladılar. Mənim yanımda çoxlu tüfəng gilizləri var idi. Hər dəfə tapançadan atəş açarkən həmin gilizlərdən birini dərhal bayıra atırdım. Onlar tüfəng gilizlərini görüb xəyal edirdilər ki, məndə tüfəng var. O gecə oğlanla birlikdə bu qərar ilə zirzəmidə qaldıq. Zirzəminin bir tərəfində dəmirdən bir pəncərə var idi. Həmin pəncərəni çox böyük zəhmətlə sökərək çıxartdıq. Həmin pəncərə ilə üzbəüz bir anbar var idi. Həmin pəncərədən anbarın taxtapuşuna çıxaraq oradan içəri endik. Böyük həcmli olan anbarın içərisi müxtəlif əşyalarla dolu idi. Dəmir sac və aftafalar daha çox idi. Oğlan yalvardı ki, mən bir küncdə gizlənim, sən isə sacları mənim ətrafıma düz ki, güllə dəyməsin. Sonra oğlan bir bucağa qısıldı, mən isə sacları onun ətrafına düzdüm. Başqa səmtə gələrək gördüm ki, bir zirzəmi var. Onun qapısına böyük bir qıfıl vurulub. Yerdən daş parçası götürüb onunla qıfıla bir neçə zərbə endirərək sındırdıqdan sonra zirzəmiyə girdim. Zirzəmidə çoxlu və böyük parça tayları var idi. Həmin parça taylarından bir neçəsini götürüb qapını örtüb onun arxasına qoydum. Bundan sonra bir az sakitləşdim. Zirzəmidə o yan-bu yana baxaraq içərini axtardıqdan sonra gördüm ki, ağzı örtülü bir küpə var. Küpəni açanda onun içərisində qatıq olduğunu gördüm. Şükür edib qatıqdan bir az içdikdən sonra özümə gəldim. Üç gün idi ki, ermənilər hər tərəfdə müsəlman axtara-axtara gəlib həmin anbara doluşdular. Anbarın hər tərəfini yoxladıqdan sonra oğlanın orada olduğunu hiss etdilər. Sonra sacları o tərəf-bu tərəfə atıb Əlinin orada gizləndiyini gördülər. O dəmdə hər tərəfdən atəş atıb onu öldürdülər. Ermənilər oğlanı öldürdükdən sonra oradakı aftafalardan bir neçəsini götürüb onun başına vuraraq əzdilər və bütün bədən üzvlərini kəsdilər"...

Uğur