Ermənilərin hiyləsi Layihə

Ermənilərin hiyləsi

"Keşişlər ağlaya-ağlaya: "Bizi əfv edin, bağışlayın" – dedilər"

Ermənilərin hələ 1905-ci ildə Şuşada tərətdikləri soyqırımlarla bağlı M.M.Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında yazır ki, "ermənilər oğlanın cəsədinə olmazın işgəncələr verdikdən sonra mən gizləndiyim yerə tərəf gəldilər. Qıfılın sındırıldığını görüb içəridə adam olduğunu bildilər. Onlar zirzəminin qapısını açmaq istəyərkən mən pəncərədən bir güllə atdım. Güllə bir erməninin dodağına dəyib dişlərini tökdü. Həmin erməni çığırıb qaçdı. O biriləri də tez qapıdan uzaqlaşdılar. Ondan sonra Mesrop adlı tanıdığım bir erməni gəlib divarın dalından məni dilə tutaraq dedi ki, ağa Şükür, sən çölə çıx, mən səni ermənilərdən qoruyaram, qoymaram ki, sənə əl vursunlar. Mən müsəlmanların çörəyini yemişəm, sənə xəyanət etmərəm. Mən ona cavab verdim:
- Siz erməni tayfasına inanmaq olmaz. Sən deyirsən ki, artıq müsəlmanlarla barışıq etmişik. Əgər doğru deyirsənsə, get qazını və ya Xosrov bəyi gətir, ondan sonra mən buradan çıxaram.
Bunu eşitcək Masrop acıqlanıb qazı və Xosrov bəyin ünvanına söyüşlər yağdırdı. Mən də cavab olaraq Masropun özünü və keşişlərini söydüm. Bu minvalla qatıqdan az-az içib vaxtımı keçirirdim. Beşinci gün bir də gördüm ki, qardaşımın səsi gəlir, musiqi səsi də eşidilirdi. Eşiyə çıxıb qardaşımla evə gəldim. O insafsız erməni tayfası dükanda olan nəqd pulu və malları, o cümlədən çuval-çuval quru meyvələri və digər satış mallarının hamısını talan və qarət etmişdilər.
... Xülasə, sözümüz həmin yerdə qaldı ki, müsəlman igidləri irəliləyərək ermənilərin evlərinə od qoydular. Od-alov yuxarı qalxdıqca ermənilər geri qaçırdı, səngərləri isə boş qalırdı. Müsəlmanlar isə onların səngərlərini ələ keçirib, darmadağın edir və yandırırdılar. Müsəlmanlar hər tərəfdən irəliləyərək ermənilərin mövqeyini ələ keçirirdilər. Onlar Böyük kilsəni, Aşağı meydanı və Qalanı da tutdular. Ermənilərin kişi, övrət və uşaqları üz qoydular qaçmağa. Onların bir parası Üçmıxdan Daşaltı tərəfə qaçdılar. Bir qismi isə əlacsız qalıb övrət-uşağını götürüb rus qazarmasına qaçıb doluşdular. Qazarma dolduğundan rusların böyüyü əsgərlərə əmr etdi ki, daha oraya heç kimi buraxmasınlar.
Bu halda qımdatlardan biri olan Baxış bəyin oğlu Kolya bir neçə övrət-uşaqla əlində tüfəng, üstündə patrondaşlar dolu halda qazarmaya gəldi. Ermənilərin dediyinə görə, Kolya dünyaya gələndən onldan mərdümazarlıqdan başqa yaxşı iş görməyiblər. O rəngi qaçmış, titrəyə-titrəyə qazarmaya girib gizləndi. Davanın dördüncü günü bütün səngərlərin igidləri birdən "Ya Əli" narəsi çəkib, hər tərəfdən ermənilərin üzərinə hücuma keçib, onların axırıncı qüvvəsini darmadağın edib, bütün mülklərini yandırıb qələbə bayrağını kilsənin üstünə və Xəlifəli qapısına sancdılar. Həmin gün isə erməni məhəlləsinin sakinləri həyəcanlı kədər və məlal içərisində teleqraf vurub rus dövlətindən xahiş etdilər ki, bu fəsadı söndürmək üçün cənabi-müstətab, sərkari-baiqtidar şəriətmədar Şeyxülislam cənablarını oraya (Qalaya) göndərsinlər".
Əsərdə Nəvvab məğlub olan ermənilərin yaltaqlaşdığına diqqətə çəkir: "Xəlifə elə ki gördü ermənilərin arvad-uşağı ağlaşa-ağlaşa töküldülər onun qapısına, tez durub kilsə paltarını geyib böyük xaçı, kilsələrin böyük keşişlərindən hər biri bir İncili əlinə alıb, kilsə paltarları əyinlərində, keşişlərin əllərində qiymətli bayraq, neçə ruslar qabaqda papaqları ağacın başında, naçalnik onların dalında və ermənilərin nümayəndələri bunların dalınca musiqi çala-çala gəldilər meydana doldular. Xəlifə qabaqca, keşişlər əllərində xac və İncil və bayraqlar bir parası ağlaya-ağlaya məscid həyətinə daxil oldular ki, bizi əfv edin, bağışlayın.
Həmin gün müsəlmanların əyan-əşrəfləri və böyük alimləri müəyyən bi işlə bağlı məscidə gəlmişdilər. Mən də (Mir Möhsün Nəvvab) bir vacib işlə əlaqədar oraya gəlmişdim. Məscidin həyətinə çatanda qonşuluqdakı qapı açıldı. Əvvəl oradan naçalnik çıxdı və mənə yaxınlaşıb əlimdən tutaraq "izvinite" sözünü deyib daxil oldu. Onun arxasınca gələn erməni xəlifəsi də mənim əlimi sıxaraq "bağışlayın" deyib içəri daxil oldular. Bu zaman cənab Hacı Molla Hüseyn qazı təşrif gətirdi. Onların ardınca müsəlmanlar da məscidə daxil olub xəlifə və keşişlərlə görüşdülər. Bundan sonra xəlifə barışıq nitqinə başladı. Bir qədər sonra məsciddən çıxdılar. Cənab qazı və müsəlmanların əyanları da onlarla erməni meydanına tərəf yollandılar. Yenə qabaqda naçalnik və ruslar müsiqi sədası altında erməni məhəlləsinə doğru hərəkət edirdilər.
Aman (sülh) bayraqlarından birini mən (Həvvab) alıb iki ay məsciddə saxladım. Sonra keşişlər gəlib həmin bayrağı geri istədilər. Cənab Nəcəfqulu ağanın vasitəsilə həmin keşişlərdən bir qəbz almaqla bərabər, həm də bayraqla birlikdə məscidin qarşısında Əfrasiyabın şəklini çəkdirdim. Bunu mən ermənilərin üstümüzə böhtan atmaması üçün əyani dəlil kimi çəkdirdim".
Ermənilərin vədinə xilaf çıxması dəfələrlə təkrar olunur: "Ermənilərin bu növ siyasətinə və hiyləsinə inanmaq, eləcə də sülh məramına bel bağlamaq olmazdı. Çünki neçə dəfə bu qərar ilə məsciddə, kilsədə və qazının evində bütün keşişlər, xəlifənin özü və erməni əyanları toplaşaraq çoxlu nitqlər söyləmiş, xütbələr oxumuş və dostluqdan danışmışlar. Amma axırı yenə mənasız olub. Belə ki, onlar, yəni ermənilər öz fitnə-fəsadlarından əl çəkməyərək xalqın rahatlığını kəsib onları qırğına düçar etmişlər.
Üç gün bundan sonra cənab Şeyxülislam Şuşa şəhərinə təşrif gətirdi. Şəhər əhalisi onu böyük ehtiramla qaşıladı. Şeyxülislamı üç yüz atlı, hörmətli şəxslər, alimlər, erməni keşişləri və xəlifəsi, eləcə də erməni böyükləri faytonlarda, otuz nəfər atlı kazaklar sursatları ilə birlikdə müşayiət edirdilər. Onlar şəhərə daxil olaraq cənab qazının evində qərar tutdular.
Elə ki sabah oldu, yenə alimlər, seyidlər, əyan-əşraflar, ermənilərin xəlifəsi, keşişləri və əyanları cənab Şeyxülislamın hüzuruna gələrək, xoş gəldin etdilər. Bundan sonra Şeyxülislam buyurdu ki, ey erməni və müsəlman camaatı! Bir para başqa vilayətlərdə fitnə-fəsad işləri vəba xəstəliyi kimi yayılarkən məscidlərdə və yığıncaqlarda mərifət əhli Şuşa qalasının erməni və müsəlman əhalisinin mehriban dolanmağını misal gətirərək, iğtişaş salanları məzəmmət edirdilər. Onlar Avropanın Paris şəhərində olan xoş davranışı Qafqaz şəhəri içərisində Şuşa əhalisinin mehriban münasibətləri ilə müqayisə edirdilər.
Mənə məlumdur ki, siz iki tayfa, yəni erməni və müsəlmanlar keçmiş zamanlarda qardaş kimi dolanmısınız. Hətta Məlik Şəhnəzərin qızı Hurizad xanımı mərhum İbrahim xan özünə halal övrət edib, qohum olublar. Indi sizdən sual edirəm: bu fitnə-fəsada nə bais olur? Aramızda din-məzhəb davası, namus məsələsi yoxdur. Bəs nə üçün bir neçə şeytan cildinə girmiş insanların fitnə-fəsadına uyaraq bu qədər qanların tökülməsinə, malların tələf olub, mülklərin dağılmasına və yanmasına bais olursunuz? Qiyamət günü Allah-təalanın qarşısında bu bəd əməlləriniz üçün cavab verəcəyinizi unudursunuz? O, tezliklə zalım ilə məzlum arasında ədalətlə divan edəndir. Tövbə edib Allah yoluna qayıdın. Bir də belə fitnə-fəsadlar törətməyin. Fitnə-fəsad törətməyə çalışan bir para adamların sözünə qulaq asmayın. Onlar öz cahillikləri ilə sizin rahatlığınızı əlinizdən alıb, öz fitnələri ilə sizi qırğına verirlər. Bununla bir məqsədə və ali mərtəbəyə nail olmaq qeyri-mümkündür.
Xülasə, o biri gün səhər tezdən cənab Şeyxülislam məscidə təşrif gətirdi. Yenə də erməni və müsəlmanlar məscidin ətrafına toplaşdılar. Şeyx həzrətləri burada da çıxış edərək, onların bütün fitnə-fəsadlara son qoymalarını və mehriban dolanmalarını nəsihət etdi. Hərbi qubernator da camaata elan etdi ki, aranızda gedən vuruşlara son qoymaq və hər iki tayfa (erməni və müsəlman) arasında sülhü bərqərar etmək üçün dövlət məni buraya qubernator təyin etmişdir. Hər hansı bir fitnə-fəsada görə mən məzlumun tərəfində olub zalımı tənbeh edəcəyəm. Buna mənim səlahiyyətim var.
Buradakı çıxışlardan sonra onların hamısı erməni kilsəsinin yanına gəldilər. Burada da erməni xəlifəsi və qubernator çıxış edib, hamını fitnə-fəsadlardan əl çəkib əmin-amanlığı qorumağa çağırdılar. Din xadimləri və qubernator bu iki tayfa arasında sülh yaratmağa çalışdıqları vaxt xəbər gəldi ki, Bəng tərəfdə ermənilər toplaşıb müsəlman köçərilərinin yolunu kəsiblər. Belə ki, min nəfərəçən əlsiz-ayaqsız övrət-uşaq, qoca kişilər və onların heyvanları yığılıb o tərəfdə meşədə qalıblar.
Bu xəbər şəhərə çatan kimi, dərhal Ağdama və Bağlar əhlinə müxtəlif kağızlar yazıb göndərdilər. Dərhal altı yüzə qədər silahlı atlılar cəm oldular və üz qoydular Bəng tərəfə. Ermənilərin səngərlərinə bir güllə atımlıq məsafədə düşüb dəstələr təşkil etdilər. Ermənilər xəbərdar olan kimi qorxuya düşdülər və bir neçə ermənini onların hüzuruna göndərdilər ki, müsəlmanların gəlişlərinin səbəbini öyrənsinlər. Atlılar həmin ermənilərə bildirdilər ki, gəlmişik köçərilərin yollarını kəsənlərə layiqli cəza verək ki, bundan sonra bir də belə iş görməsinlər.
Ermənilər dedilər ki, biz onların yolunu kəsməmişik. Ola bilsin ki, köç tayfası bizim ermənilərlə dava ediblər və bunun nəticəsində bir-iki adam ölübdür. Xülasə, atlılar köçərilərin yolunu açdılar, onlar sərbəst gəlib oradan keçərək öz oymaqlarına tərəf yollandılar.
Həmin günün sabahı xəbər gətirdilər ki, erməni tayfası Əsgəran səngərlərinə girərək yolla gəlib-gedəni qəflətən güllə ilə vurub öldürür, yaxud yaralayır. Həmin saat, yəni xəbər gələn kimi qubernatorun əmri ilə bir dəstə kazak Abbas bəy Talıb bəy oğlunu götürüb Əsgərana tərəf yollandılar. Kazaklar Abbas bəy Talıb bəy oğlu ilə bərabər, erməniləri həmin səngərlərdən çıxarıb dağıtdılar. Ermənilər isə Əsgəran səngərlərindən çıxarıldıqdan sonra onlar Xanabad kəndinə hücum edirlər. Onlar kənddə Həsənağa Süleyman xan oğlunun mülkünü, böyük və gözəl imarətlərini darmadağın edərək, mal-dövlətini talan etmişlər.
Bundan sonra ermənilər Badara kəndinə hücum çəkdilər. Onlar həkim Mirzə Allahqulu oğlunun evini hər tərəfdən mühasirəyə alaraq od vurdular. Bu zaman Mirzə Allahqulu oğlu öz övladları Cahangir bəy və Kərim bəylə bu əhvalatdan xəbərsiz içəridə işlə məşğul idilər. Ermənilərin bir qismi isə içəri doluşaraq Mirzə Allahqulu oğlunu və övladlarını, eləcə də nökərlərini övrət-uşaqları ilə birlikdə qətlə yetirib mal-dövlətlərini talan etdilər..."

Uğur