“Beşiktaş” dünyada ən çox türk tərəfdarı olan “Traktorsazi“ ilə yarışacaq Güney Azərbaycan

“Beşiktaş” dünyada ən çox türk tərəfdarı olan “Traktorsazi“ ilə yarışacaq

Təbrizin "Traxtur" Futbol klubunun icraçı direktoru Mustafa Acorlu Azərbaycan komandası ilə Türkiyənin məşhur "Beşiktaş" takımı arasında yoldaşlıq görüşündən danışıb.
Mustafa Acorlu İstanbulda "Beşiktaş" klubunun ikinci başkanı Əhməd Nur Çebi ilə görüşdə gələcəkdə iki komanda arasında yoldaşlıq görüşləri və əməkdaşlığın digər sahələrini müzakirə edib. Müzakirələr zamanı iki komanda arasında qarşılıqlı olaraq Təbriz və İstanbul şəhərlərində yoldaşlıq görüşü keçiriləcəyi barədə qərar verilib.
Görüşlərin dəqiq vaxtı məlum olmasa da, ilk görüşün gələn ilin birinci 6 ayında keçiriləcəyi ehtimal edilir.
Mustafa Acorlu və Əhməd Nur Çebi klublar arası akademik əməkdaşlıq barədə də birgə qərara gəliblər. Bildirilir ki, "Traxtur" klubu akademiyasının istedadlı və seçilmiş oyunçuları "Beşiktaş" klubu akademiyasına daxil olacaqlar və bununlada onların Türkiyə və Avropanın mötəbər liqa yarışlarına yol tapması üçün şərait yaranacaq.
Bir neçə il öncə isə "Traxtur"la Türkiyənin "Qalatasaray" komandalarının Təbriz və İstanbul şəhərlərində yoldaşlıq görüşü keçiriləcəyi barədə qərar verilmişdir, lakin görüş İranın təhlükəsizlik qüvvələrinin təzyiqi nəticəsində ləğv edilmişdir.
Bu arada "Traxtur"un Portuqaliya vətəndaşı olan məşqçisi George Tavares komandadan ayrılacağı ilə bağlı xəbərdarlıq edib. Məşqçi bildirib ki, "klub ona olan borcunun hamısını ödəməzsə, o Təbrizə qayıtmayacaq."
George Tavares həmyerlisi Tuni Olivera "Traxtur" klubuna ikinci dəfə qayıtdıqdan sonra Azərbaycan komandasına cəlb olunub. O ötən mövsümdə qapıçıların məqçisi kimi "Traxtur" komandasında fəaliyyət göstərib.
Qeyd edək ki, son vaxtlar İran rejiminin Azərbaycan klubuna qarşı təzyiqləri xüsusi vüsət alıb. Gizli planın arxasında "Sepah" üzvləri dayanır. Ciddi maliyyə sıxıntısı və yeni oyunçu transferi qadağası ilə üzləşən klub bir çox böhranla sınağa çəkilir. Hadisələr komanda tərəfdarlarının xüsusi nigaranlığına səbəb olub.