“Urmiyə Azərbaycanın tarixi torpağıdır” Güney Azərbaycan

“Urmiyə Azərbaycanın tarixi torpağıdır”

Millət vəkili Güney Azərbaycan torpaqlarında "Kürdüstan" qurmaq istəyənlərə etiraz etdi

Güney Azərbaycanın qərb bölgələrinə kürdlərin iddiaları açıq müstəviyə keçir. Lakin soydaşlarımız İran hökumətinin də gizli dəstək verdiyi bu planlara qarşı sərt reaksiya verməkdədirlər.
Urmiyənin İran parlamentindəki millət vəkili Hadir Qazipur da jurnalistlərə bu barədə danışıb: "Çoxları Urmiyə ilə bağlı plan cızırdılar. Onlar arzuolunmaz partiyalar vasitəsi ilə Urmiyəni Kürdistan və ya bəzən də Ermənistan xəritəsində göstərirdilər. Lakin Urmiyə Azərbaycanın tarixi torpağıdır."
Nadir Qazipur bütün hallarda Urmiyədə sabitliyin təmin olunduğunu deyib.
Qeyd edək ki, Güney Azərbaycanın qərb bölgəsinə göz tikən kürd terrorçuları öz təxribatçı fəaliyyətini müxtəlif şəkildə davam etdirir. Son günlərdə Urmiyə şəhərinin universitetində fəaliyyət göstərən "Qurmanç mədəni-ədəbi mərkəzi" bəyanat yayaraq mühacir kürdləri mayın 29-da Qərbi Azərbaycan vilayətinin valiliyi qarşısında toplanmağa çağırıb. Keçmiş baş verənlər göstərib ki, onlar bütün vəziyyətlərdə öz təxribatçı iddialarını irəli sürməyə və imkan olarsa şəhərdə sabitliyi və təhlükəsizliyi pozmağa fürsət güdürlər. Baxmayaraq ki, bu dəfə Urmiyə gölünü bəhanə ediblər.
Halbuki bundan öncə "Qurmanç mədəni-ədəbi mərkəzi"nin "Urmiyə gölü 100% quruyur, sakit durmayın" adlı bəyanatında Qərbi Azərbaycan vilayəti "kürdlərin ana torpağı" və "Kürdüstanın bir parçası" kimi qələmə verilib.
Xatırladaq ki, PKK, PJAK və digər terrorçu təşkilatların dəstəyi və göstərişi ilə Güney Azərbaycan torpaqlarına göz tikən kürd terrorçuları son illər Qərbi Azərbaycan vilayətində olduqca aktivləşiblər. İran rejimi onların fəaliyyətinə gizli şərait yaradır. Artıq kimsəyə gizli deyil ki, kürd terrorçularının ardıcıl açıq-aşkar ərazi iddialarının arxasında İran rejiminin təhlükəsizlik qüvvələri və İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) dayanır.
Qeyd edək ki, ötən ilin sentyabrında Ruhani hökuməti Qərbi Azərbaycan vilayətinə kürd vali təyin edib.
Firidun Hümməti İlam vilayətindəndir və o əvvəllər Qərbi Azərbaycanın radio-televiziyasına rəis təyin edilib. Onun dövründə Qərbi Azərbaycan radio-televiziyasında veriliş və proqramların əksəri kürdcə yayılmağa başlayıb. Məlumata görə, belə bir şəxsin Qərbi Azərbaycana vali seçilməsi məclisdəki kürd millət vəkilləri və sözdə islahatçılara qulluq edən Urmiyadan olan şəxslərin lobbiçiliyi nəticəsində mümkün olub.
İran parlamentindəki millət vəkilləri və digər rəsmiləri artıq açıq şəkildə Qərbi Azərbaycan vilayətində "Şimali Kürdistan vilayəti"nin yaradılmasını təklif edib və bu istiqamətdə iş aparırlar. Məsələn, hələ yanvar ayında Mahabadın İran parlamentindəki millət vəkili Osman Əhmədinin Şimali Kürdistanın yaradılması təklifindən sonra Sənəndəcin keçmiş millət vəkili də oxşar mövqe sərgiləyib.
Keçmiş fəaliyyətlərində terror qruplaşmaları ilə yaxın əlaqədə olduğu kimsədə şübhə doğurmayan keçmiş millət vəkili Osman Əhmədi də Qərbi Azərbaycanın Şimali Kürdistan adlandırmağı təklif edib.
Bu arada Urmiyənin İran parlamentindəki kürd millət vəkili Abid Fəttahi də təxribatlara dəstək verib.
Bu kimi çıxışlar təbii ki, cavabsız qalmayıb və güneyli millət vəkilləri belə təxribat cəhdlərinə öz etizlarını bildiriblər.
Azərbaycanın qərb bölgəsinin milli-mədəni fəalları isə bir neçə dəfə Qərbi Azərbaycan vilayətinə, millətçi kimi tanınan kürd kükənli birisinin vali təyin edilməsi ilə bağlı bəyanatlar yayıb.