Təbriz-Tehran danışıqlarının son mərhələsi - 23-cü yazı  Güney Azərbaycan

Təbriz-Tehran danışıqlarının son mərhələsi - 23-cü yazı 

1946-cı ilin avqustun 1-də Azərbaycan nümayəndələri Tehrana gəlirlər. Avqustun 14-dək Azərbaycan nümayəndələri ilə Mərkəzi dövlətin müxtəlif məqamları arasında 12 görüş keçirilir. İlk görüş baş nazir Əhməd Qəvamla onun iqamətgahında keçirilir. Bu görüşdə Müzəffər Firuz, Silahlı qüvvələr naziri Əmir Əhmədi, ordu generalları Hidayət və Rəzmara iştirak edirlər. Bu görüşdə müqavilədə açıq qalmış hərbi məsələlər müzakirə edilir:
1. Zabitlik məktəbində oxuyan müdavimlər məsələsi;
2. Hərbi rütbələr;
3. Azərbaycanlı əsgərlərin Azərbaycanda xidmət məsələsi;
4. Ordu, fədai rəhbərlərinin məsələsi və s.
Növbəti görüş nigəhbanlığa (jandarmaya) aid olmuşdu. Bu görüşdə Kürdistan nümayəndəsi Qazi Məhəmməd də Güney Azərbaycan nümayəndəliyinə qatılmışdı. Danışıqlarda Qəvam və M.Firuzdan başqa general Gülepira və polkovnik Mübəşiri də iştirak etmişlər. Razılığa gəlinmişdi ki, Azərbaycanda jandarma idarəsinə rəis Mərkəzi dövlət, müavinliyə isə Azərbaycan Əncuməni tərəfindən namizəd göstəriləcək. Sonrakı görüşlər maliyə məsələsinə, Azərbaycan bankı məsələsinə, ərzaq probleminə, yolların çəkilməsi və təmiri məsələsinə aid olmuşdu. Məsələlər müzakirə olunsa da, əməli nəticələrdən əlamət belə görünmürdü. Buna görə nümayəndə heyəti (Caviddən başqa) avqustun 12-də geri - Təbrizə döndü. Doktor Cavid mərkəzi dövlətdən nə isə almağa müvəffəq olacağına inamı itirməyib bir neçə gün də müxtəlif dövlət məqamları ilə görüş və müzakirələr üçün vaxt itirdi. «Mən Tehranda qaldığım müddətdə 6-7 dəfə Qəvamla görüşdüm. Zəncana fərmandar və qoşun başçısı, Azərbaycana ordu və jandarm rəisi məsələlərini müzakirə etdik... Qəvamın «sola» (?) meyilliyindən istifadə edib Azərbaycana münasib adamların göndərilməsinə nail olmağa çalışırdım. Qazi Məhəmməd qoşunun Kürdüstandakı zorakılığından və özbaşınalığından danışarkən Qəvam hətta gözlərini yaşla islatdı». Firidun İbrahimi «Azərbaycan» qəzetində nəşr etdirdiyi «Timsahın göz yaşları» məqaləsində yazırdı ki, «timsah ovladığını yeməmişdən əvvəl sanki onun zavallı halına acıyırmış kimi yalandan göz yaşları axıdır».
ADF-ın yaradılmasının 1 illiyinin Təbrizdə, Azərbaycanın şəhər və rayonlarında ictimaiyyət tərəfindən təntənə ilə qeyd edilməsi mərkəzi hökuməti, o cümlədən şahı və Qəvamül- səltənəni bərk qıcıqlandırıb narahat etmişdi. Azərbaycanı hərbi yürüş yolu ilə susdurmaq üçün ABŞ və İngiltərədən lazımi kömək alacağına əmin olan Qəvamül-səltənə Tehrandakı Azərbaycan nümayəndəliyi ilə danışıqlarda sərtliyi artıraraq müxtəlif əsassız bəhanələri ortaya gətirirdi.
Güney Azərbaycanda İran qanunlarından kənar əməllər olduğunu, Tehran tacirlərinin guya Azərbaycanda incidildiyini, Zəngana göndərilmiş dövlət məmurlarının fəaliyyətinə maneəçilik törədildiyini, Təbriz radiosunun və qəzetlərin İran hökuməti əleyhinə material verməsini, Azərbaycan əsgəri paltarında Sovet hərbçilərinin guya Azərbaycan qoşununda qalması və s. və i.a. bu kimi çoxsaylı bəhanələri ortaya gətirib 13 iyun 1946-cı il müqaviləsində (qərardad) irəli sürülmüş maddələrin bir çoxunu həyata keçirməkdən açıqça boyun qaçırdığı bəlli oldu.
Danışıqlar aparmaq üçün Tehrana gəlmiş və Tehranın bəzi güzəştlərinə hələ də ümid bəsləyən doktor Cavidə Qəvam sərt tərzdə Azərbaycanda «... baş verən hadisələr sizin əməllərinizin nəticəsidir» - deməklə münasibətləri qəsdən gərginləşdirməyə və Azərbaycana basqın üçün əsas yaratmaq istəyirdi. Azərbaycan nümayəndəliyinə qarşı Qəvamül-səltənə əsassız bəhanələri onun Tehrandakı Sovet səfiri İvan Sadçikovla avqust-sentyabrda bir neçə dəfə görüşündən sonra daha da rəvac tapdı. 1946-cı ilin avqustunda «ABŞ-ın İrana kifayət qədər silah göndərəcəyi xəbəri şahı və Qəvamı Azərbaycana qarşı hərbi yürüşü tezləşdirməyi reallaşdırdı. Mərkəzi dövlətin xeyrinə əmələ gəlmiş əlverişli vəziyyət Qəvama Azərbaycan nümayəndəsi ilə danışıqları yersiz uzatmağa və nəticəsiz qurtarmağa imkan verirdi. Tehranda olan Azərbaycan valisi Cavid sentyabrın 22-də baş nazir Qəvamla görüşüb yaranmış vəziyyətdən söz açmış və danışıqların sürətləndirilməsini xahiş etmişdi. Qəvam onu çox soyuq qarşılamış və vəziyyətlə bağlı ona heç bir aydın cavab verməmişdi».
İki aya qədər çəkən Təbriz-Tehran danışıqlarının 3-cü mərhələsində də bağlanmış qərardadın həyata keçirilməsi yolunda heç bir irəliləyiş əmələ gətirmədi. Tehran yaranmış fürsətdən istifadə edib öz əlaltılarını müxtəlif adlar altında Azərbaycana yeritdi. Zəngan Mərkəzi dövlətin tabeliyinə keçdikdən sonra Azərbaycan xalqına qarşı hərbi cinayət etdiklərinə görə həbsə alınmış şahpərəstlər Tehrana göndərildi. Azərbaycan valisi doktor S.Cavid 1946-cı il sentyabrın 10-da demək olar ki, «əliboş» Tehrandan Təbrizə qayıtmalı oldu. Bundan sonra Tehranın bağlanmış müqaviləni kobud şəkildə bir tərəfli qaydada pozacağı bəlli oldu.
ABŞ və İngiltərənin yardımı və Sovetlərin kənara çəkilməsi ilə bağlı edilmiş xəyanət Məhəmmədrza-Qəvam rejiminə Azərbaycana qarşı münasibətləri sərtləşdirmək imkanı verdi. Azərbaycanla bağlaşmanın şərtlərini icra etməkdən boyun qaçırmaq üçün çoxsaylı bəhanələr ortaya atıldı. Azərbaycandakı milli demokratik hərəkata və onun rəhbərlərinə qarşı Tehran radiosunda və şahpərəst yönlü mətbuatda, eləcə də şah və Qəvamın çıxışlarında yalan və böhtan kompaniyası geniş vüsət aldı. Azərbaycandakı hərəkat guya Azərbaycanı ayırıb SSRİ-yə qatmağı (təcziyyə tələb), allahsızlığı təbliğ edən kommunistliyi burada yaymağı, ucdan tutma bütün varlıların əmlakını və sərvətini müsadirə etməyi və s. bu kimi böhtanlarla dolu təbliğatı genişləndirməyə başladılar. Onlar 21 Azər hərəkatına, Azərbaycan Milli Hökumətinə və Azrbaycan demokrat firqəsinə xalqın guya nifrət etdiyini və bu hərəkata xalqın zorla cəlb olunduğunu və s. söyləməklə Azərbaycandakı hərəkatın məzmununu təhrif edib, onu gözdən salmağa çalışırdılar.
İran müəlliflərindən biri, əsər və məqalələrində 1945-1946-cı illərdə Güney Azərbaycandakı xalq hərəkatına çox vaxt yaxşı münasibəti olmayan Pərviz Hümayinpur 1967-ci ildə Lozannada çap etdirdiyi «Azərbaycan məsələsi» adlı kitabında yazır: «Azərbaycandakı nehzətə xalq nifrət edirdi. Bu fikir əsassızdır, çünki mənim soruşduğum şahidlərin heç biri Azərbaycan xalqının bu mövqedə olduğunu söyləmir».
Şah qoşunlarının muxtariyyat istəyən Azərbaycan üzərinə basqın planı əslində Tehran-Moskva sövdələşməsindən sonra (1946-ci il aprel) hazırlanmışdı. ABŞ-dan alınmış maliyyə və hərbi yardım hesabına şah ordusunun hərbi təchizatı kifayət qədər yaxşılaşdırmış və o yeni silahlarla təchiz edilmişdi. Amerikalı general Corc Qreyl İrana ona görə dəvət olunmuşdur ki, o, İran ordusunun hərbi hazırlığını təkmilləşdirsin. İran polisini və jandarm qüvvələrini təlimatlandırmaq məqsədi ilə ABŞ-dan xüsusi müşavir və məsləhətçilər dəvət edildi. Amerikalı polkovnik Norman Şvarskof, Klareas Raydil, Stefan Timerman kimi yüksək rütbəli hərbiçilər Şahənşah ordusunu Azərbaycana qarşı hərbi hücumda təlimatlandırmışlar. İran ordusunun hücuma hazırlıq vəziyyətini yoxlamaq və öz təkliflərini şahənşah dövlətinə təqdim etmək üçün 1946-cı ildə amerakalı polkovnik təlimatçı Şvarskof bir neçə dəfə İrana dəvət edilmişdi. Şvarskof orduda və jandarm qüvvələri sırasında qulluq edənlərə çox etibar olunmadığını və imkan düşən təqdirdə onların qarşı tərəfə keçmək ehtimalını nəzərə alıb onların xidmət yerinin tez-tez dəyişməsini məsləhət görmüşdü.
Hər tərəfli hazırlıqdan sonra 1946-ci ilin sentyabr ayından başlayaraq Azərbaycan üzərinə hücuma başlandı. 15-ci məclisə seçki keçirtmək və ölkədə əmniyyət yaratmaq adı altında bütün əyalətlərə jandarm və ordu hissələri göndərildi. Tehran və bir çox əyalətlərdə hərbi vəziyyət elan edildi. Kütləvi yığıncaqlar, mitinq və nümayişlər qadağan olundu. «Hökumətin fəaliyyətinə dair tənqidi yazılarla çıxış edən bütün qəzetlər demək olar ki, bağlandı. Demokratik hərəkatın fəal xadimlərini həbs edib zindanlara saldılar». Baş Qərargahın rəisi general Cahanbaninin əmri əsasında ordu Sayınqala, Zəngan, Miyana, Saqqız, Sərdəşt və Gilan istiqamətində hərbi hücuma hazır vəziyyətə gətirildi. 1946-cı il avqustun axırlarında «sol» partiyalarla - ADF, İXP, KDF, Sosialist partiyası ilə birgə platforma yaratmağı ortaya atan Qəvamın başçılıq etdiyi İran Demokratik partiyası sentyabr ayında həmkarlığa çağırdığı partiyaları heç bir əsas olmadan satqın və xain adlandırmağa başladı və onlara qarşı təqiblər və cəza maşını işə salındı.
Qəvamül-səltənənin 1946-cı ilin yayında etdiyi siyasi manevrlər, «Sollar»a yaxınlaşdığına görə Məmmədrza şahı da Qəvamdan şübhələndirirdi. Şah Qəvam haqda şübhələrini ABŞ və İngiltərənin Tehrandakı kəşfiyyat işçilərinə də bildirmişdi. Şaha oyunun sonunu gözləmək və Qəvama qarşı təzyiqi bir qədər artırmaq məsləhət görülmüşdü. Şahın Qəvamdan şübhələnməsi təkcə onun «sol» partiyalarla vahid cəbhə yaratmağa meyillənməsi deyildi, həm də Iran hava yolları nəqliyyatını Sovetlərə uzun müddətə konsessiya vermək haqda qərarı təsdiq üçün məclisə təqdim etməyə tələsməsi idi. Və nəhayət, Qəvamın demokratik qüvvələrin ziyafət və qonaqlıqlarında iştirak etməsi və bu məclislərdə loyal xarakterli çıxış etməsi idi. 1946-cı ilin oktyabrında Qəvam hökuməti istefa ərizəsini şaha təqdim edərkən şahın daxili və xarici kəşfiyyatdan olan məsləhətçiləri hökümətin yenidən, lakin şərtlərlə Qəvama tapşırılmasını tövsiyyə etdilər. 1946-cı il oktyabrın 19-da Qəvamın şaha təqdim etdiyi yeni hökumətdə 3 tudəçi nazir vəzifəsindən uzaqlaşdırılmış və şahın çox da xoşu gəlmədiyi Müzəffər Firuz baş nazirin siyasi məsələlər üzrə müavinliyindən azad edilmişdi. Şahın Qəvam hökuməti qarşısında qoyduğu şərtlərdən biri də Azərbaycana qarşı hərbi əməliyyatı tezləşdirmək idi. Əslində şahla Qəvam arasında yaranmış «ziddiyətlər» zahiri xarakter daşıyırdı və Qəvama daha geniş əl-qol açmağa imkan verirdi.

Əkrəm Rəhimli