“Türk dünyasının strateji inteqrasiyası güclənən iqtisadi əməkdaşlığa əsaslanır” İqtisadiyyat

“Türk dünyasının strateji inteqrasiyası güclənən iqtisadi əməkdaşlığa əsaslanır”

“Müasir beynəlxalq münasibətlər sistemində regional inteqrasiya artıq yalnız siyasi yaxınlıqla deyil, ilk növbədə iqtisadi qarşılıqlı asılılıqla müəyyən olunur. Türk dünyasının strateji inteqrasiyasının əsas hərəkətverici qüvvələri də məhz ticarət, investisiya, nəqliyyat-logistika, enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişlənməsidir. Ortaya çıxan yeni reallıq göstərir ki, iqtisadi əlaqələr nə qədər dərin olarsa, regional inteqrasiya da bir o qədər dayanıqlı və davamlı olur. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) bu baxımdan əhəmiyyətli iqtisadi potensiala malikdir. 2026-cı ilin I rübünün nəticələrinə əsasən təşkilata üzv dövlətlərin ümumi ÜDM-i 673,6 milyard ABŞ dolları, xarici ticarət dövriyyəsi isə 326 milyard ABŞ dollarını ötüb. Təxminən 180 milyon nəfərlik bazar və Avropa ilə Asiyanı birləşdirən strateji coğrafi mövqe türk dünyasının geoiqtisadi əhəmiyyətini daha da artırır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov söyləyib.

İ.Hüseynov hesab edir ki, inteqrasiyanın əsas iqtisadi sütunlarından biri nəqliyyat və logistika bağlantılarıdır: “Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Şərqlə Qərb arasında yükdaşımaların sürətlənməsinə, tranzit gəlirlərinin artmasına və regional ticarətin genişlənməsinə xidmət edir. Bununla yanaşı, Türk İnvestisiya Fondu, rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlıq, elektron ticarət, süni intellekt və fintech sahələrində birgə təşəbbüslər iqtisadi inteqrasiyanı keyfiyyətcə yeni mərhələyə çıxarır. Məhz bunu nəzərə alaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə əməkdaşlıq çərçivəsində “Digital Economy of Turkic States: Global Trends and Regional Realities” (“Türk Dövlətlərinin Rəqəmsal İqtisadiyyatı: Qlobal Trendlər və Regional Reallıqlar”) adlı beynəlxalq kitab layihəsinə start verib. Layihədə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən, həmçinin dünyanın aparıcı universitetləri, beyin mərkəzləri və beynəlxalq təşkilatlarından alim və tədqiqatçılar müəllif və həmmüəllif qismində iştirak etməyə dəvət olunurlar”.

Onun sözlərinə görə, ingilis dilində nəşr olunacaq kitab türk dövlətlərində rəqəmsal transformasiya, süni intellekt, innovasiya, rəqəmsal infrastruktur, elektron hökumət, kibertəhlükəsizlik, rəqəmsal maliyyə, startap ekosistemi və insan kapitalının inkişafını vahid metodoloji çərçivədə müqayisəli şəkildə təhlil edəcək: “Nəşrin əsas məqsədi türk dünyasında rəqəmsal iqtisadiyyatın mövcud vəziyyətini qiymətləndirmək, ortaq çağırış və imkanları müəyyənləşdirmək, regional əməkdaşlıq istiqamətlərini təqdim etmək və qərarvericilər üçün praktik tövsiyələr hazırlamaqdır. Müəlliflər üçün metodoloji tələblər, kitabın strukturu və iştirak şərtləri ilə bağlı ətraflı məlumat layihənin konsepsiya sənədində təqdim olunub: https://ereforms.gov.az/book”.

TDAM rəhbəri həmçinin diqqətə çatdırıb ki, türk dünyasının strateji inteqrasiyası artıq yalnız ortaq tarix və mədəniyyətə deyil, güclənən iqtisadi əməkdaşlığa əsaslanır: “Ticarətin artması, investisiyaların genişlənməsi, nəqliyyat dəhlizlərinin inkişafı və rəqəmsal transformasiya TDT-ni tədricən Avrasiyanın mühüm geoiqtisadi əməkdaşlıq mərkəzlərindən birinə çevirmək potensialına malikdir. Bu isə türk dünyasının qlobal iqtisadi sistemdə mövqeyinin möhkəmlənməsinə və üzv dövlətlərin davamlı inkişafına yeni imkanlar yaradır”.

Röya İsrafilova