İranda Azərbaycan dilində telekanal açılır Güney Azərbaycan

İranda Azərbaycan dilində telekanal açılır

24 saat efirdə olacaq telekanalda ölkəmizdə çəkilən film və serialları yayımlanacaq

Tezliklə İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq. Bunu Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami dünən keçirilən mətbuat konfransında deyib.
İ.Zərqami bildirib ki, Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq.
O əlavə edib ki, televiziya kanalında əsasən Azərbaycanla İran arasındakı əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq: "Bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".
İ.Zərqaminin sözlərinə görə, İran "Azerspace-1" peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran "Azerspace 1"-dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur".
O, əlavə edib ki, səfəri çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunub.