Güney Azərbaycan Firdovsini boykot edir Güney Azərbaycan

Güney Azərbaycan Firdovsini boykot edir

Sevil Süleymani: "Firdovsi İranın deyil, fars kimliyinin simvoludur"

Bir müddət öncə Salmas şəhərinin bələdiyyəsi sosial tələb əsasında Firdovsinin heykəlini şəhər meydanından meydandan götürərək, həmin meydanı "inqilab meydanı" adlandırıb. Bələdiyyənin bu müsbət addımı şəhər əhalisi və azərbaycanlılar tərəfindən rəğbətlə qarşılandı.
Lakin fars şovinistləri və onların əlatıları sakit dayanmadılar. Onların heykəlin yerinə qaytarılması üçün dövlət orqanlarına etdikləri müraciətlər təmin edildi və Daxili İşlər Nazirliyinin müdaxiləsi ilə heykəl yerinə qaytarıldı.
Şəhər əhalisi rejimin şovinistlərin bu mövqeyilə razılaşmayaraq, bir daha etiraza cəhd göstərib. Belə ki, soydaşlarımızdan biri "Firdovsi meydanı" yazılmış tablonun üzərindən Firdovsinin adını silib və yerinə Füzuli yazıb.
Qeyd edək ki, bu olay Güney Azərbaycanda böyük rezonans doğurub. Sosial şəbəkələrdə paylaşılan məlumatlarda bildirilir ki, bundan sonra Güney Azərbaycan coğrafiyasında fars şovinizminə aid adlar, tablolar üzərindən silinəcək. Son məlumata əsasən bu proses Urmiyə şəhərində də davam etdirilir və bu şəhərdə Firdovsinin adı tablolar üzərindən silinir.
Xatırladaq ki, 10 gün öncə Güney Azərbaycanın daha bir önəmli şəhərində də oxşar hadisə baş verib. Azərbaycanlı gənclər Təbriz şəhərinin bir məhəlləsində Firdovsinin adını küçədəki tablosunun üzərindən silib.
Güney Azərbaycan milli hərəkatının hazırda mühacirətdə olan qadın fəallarından olan Sevil Süleymanı (güneyli hərəkatçı Əli Süleymaninin qızı) "Amerikanın səsi" radiosina bu aksiyaların mahiyyətindən danışıb.
O deyib ki, Firdovsiyə qarşı kampaniya sıradan bir hadisə deyil və fars şovinizminə etirazdır: "Firdovsi İranda millətçilik və irqçiliyin simvoludur... Onun heykəlinin qeyri-fars bölgələrdə yerləşdirilməsi o kimlikləri inkar etmək deməkdir".
Sevil Süleymaninin fikrincə, İran millətçiləri Salmas kimi qeyri-fars bölgələrə öz müstəmləkələri kimi baxdıqları üçün fars kimliyinin simvolu olan Firdovsinin adı və heykəlinin götürülməsindən narahat olublar: "Burada milləti təmsil edən tərəf heykəli meydandan götürən Salmas bələdiyyəsidir. Etiraz edənlərin heç biri millətin nümayəndəsi deyil. Bələdiyyənin götürdüyü heykəli indi hökümətin əmri ilə yerinə qaytarırlar".
Güneyli fəalın dediklərinə görə, Azərbaycanda yaşayan türklər öz şəhərlərində Firdovsinin heykəllərinin və tablolarının qoyulmasına qarşı çıxmaqla irqçilik və faşizmə qarşı çıxmış olurlar: "Bu heykəl irqçilik və faşizmi təmsil edir. Amma bu gün də Salmasda yenidən heykəlin götürülməsini istəyən güneyli fəalların əlində mədəni etirazlarını nümayiş etdirmək üçün hər hansı imkan yoxdur. Halbuki, Firdovsi heykəlinin qaytarılmasını istəyən pan-İranist qrupların arxasında dövlət orqanları və güclü media var".
Sevil Süleymani sonda xatırladıb ki, Salmasda Firdovsi heykəlinin yerləşdiyi meydanın rəsmi adı Firdovsi meydanı olsa da, şəhər əhalisi tərəfindən Şəhrbani Fələkəsi adlandırılır.