Xaqani Məmmədov Sabirabaddakı biabırçılıqdan danışdı... İdman

Xaqani Məmmədov Sabirabaddakı biabırçılıqdan danışdı...

"Region Liqanın bir neçə oyununda xoşagəlməz hallar yaşanıb. Digərləri kimi, Sabirabaddakı matçda baş verənləri də AFFA-nın İntizam Komitəsi araşdırıb qərar verəcək". Bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Region Liqanın VI tur çərçivəsində Sabirabadda yerli "Gənclik"lə Füzuli rayonunun eyniadlı komandası arasında keçirilən görüşdə insident yaşanıb. Meydan sahibi olan "Gənclik" komandasının qapısına penalti təyin edilməsinə etiraz edən azarkeşlər stadiona daxil olub və zərbənin vurulmasına imkan verməyiblər. Azarkeşlər Rəsul Babayevin başçılıq etdiyi hakimlər briqadasını meydandan qovublar.
Hadisə ilə bağlı danışan Xaqani Məmmədov referinin doğru qərar verdiyini söyləyib: "Hakimi təzyiqlə meydandan çıxarıblar. Biri var ki, qonaq komandanın qapısına penalti təyin edəsən... Amma Rəsul özündə cəsarət taparaq ev sahiblərinin əleyhinə 11 metrlik nöqtəni göstərib. Bu da azarkeşlərin xoşuna gəlməyib. Halbuki, yüz faizlik penalti idi". Baş hakimin protokoldakı qeydləri ilə tanış olmayan komitə sədri onunla bu gün görüşəcəyini bildirib: "Protokol, səhv etmirəmsə, həmin liqanı keçirən departamentə verilir. Bu üzdən baş hakimin protokolda nə yazdığını oxumamışam. Təbii ki, öz qeydlərini edib. Rəsulu çağırmışam, bu gün görüşüb, hadisə ilə bağlı söhbət edəcəm".
Region Liqa yeni yaradılmasına baxmayaraq, demək olar ki, hər tur qalmaqal yaşanır. Hakimi təhqir etmək, ona fiziki təzyiq göstərmək adi hala çevrilib. Məmmədov bunu rayonlarda uzun müddət futbolun olmaması ilə əlaqələndirib: "Region Liqanın yaradılması çox yaxşı haldı, gözəl ideyadı. Azərbaycanın bütün regionları bu turnirə cəlb olunub. Ancaq bir çox rayonlarda uzun müddət futbol olmayıb. Bu üzdən hələ də köhnə təfəkkürlə yaşayırlar. Hay-huyla, hakimə təzyiq göstərməklə qələbə qazanmağa çalışırlar. Amma bilmirlər ki, o vaxtlar çoxdan geridə qalıb".
Hakimlər Komitəsinin sədri liqadakı problemlərlə bağlı assosiasiya rəhbərliyi ilə görüşəcəyini də vurğulayıb: "Bu qalmaqalların tez-tez baş verməsi turnirin yeni yaradılması ilə əlaqədardı. Yəqin ki, bəzi tədbirlər görüləcək, belə qalmayacaq. Təkcə Sabirabadda yox, başqa rayonlarda da belə hallar yaşanır. Görürsən ki, azarkeşlər tribunada oturmurlar, aşağı düşüb meydan xəttinin yanında dayanırlar. Polisin də işini qeyri-kafi saymaq olar. Təbii ki, AFFA rəhbərliyi ilə görüşümüz olacaq. Mütləq bir tədbir görüləcək. Belə davam etsə, daha pis nəticə verə bilər".