Gəncə futbolunu “Xəzər”də batıraq? İdman

Gəncə futbolunu “Xəzər”də batıraq?

AFFA-nın baş katibi Elxan Məmmədovun son açıqlaması Premyer Liqada komanda sayının artırılması xəyallarının üstündən böyük ölçüdə xətt çəkdi. Bu da Məmmədov başda olmaqla, AFFA rəhbərliyini yenidən qınaq obyektinə çevirdi. Böyük əksəriyyət "Xəzər"in Premyer Liqaya qəbulunu israrla tələb edir. Bunun üçün subyektiv səbəblər də var. Say artırılması arzusu, komandanın bölgədə oynamaq ehtimalı, maliyyənin AFFA-dan deyil, cibdən ayrılması və klubda hörmət etdiyim şəxslərin çalışması. Hər şey necə də gözəl səslənir. Ancaq fikir verin, sonuncu meyarı saymasaq, digərləri ehtimallar üzərində qurulub. Hərçənd, sonuncunun da dəyişməyəcəyinə zəmanət yoxdu. Ehtimallarla iş görməyin acı nəticəsini isə yaxın keçmişdə az görməmişik.
Hamı kimi, mən də komanda sayının artırılmasını arzulayıram. Say 10 yox, hətta 14-16 olsun, "Xəzər" gəlsin, "Turan Tovuz" gəlsin, "Şüvəlan", "Sabah", MOİK və I diviziondakı nəticələri ilə neçə ildi bunu haqq edən "Qaradağ Lökbatan" da gəlsin. Cansıxıcı "Bakı birinciliyi" məni də bezdirib. Gəlsinlər, görsünlər, 5-10 turdan sonra "pul yoxdu" deyib qaçsınlar. Xahiş-minnətlə mövsümü 8-9 komanda ilə bitirək, dünyaya rəzil olaq. Bunumu istəyirik? Çox uzağa getməyək, "Araz Naxçıvan" nümunəsi hələ də gözümüzün qarşısındadı.
10-cu komanda tapılmadığı və 9 komandalı çempionat qəbul edilmədiyi üçün tələb olunur ki, Nizamnaməyə uyğun "Xəzər" gəlsin, "Kəpəz" çıxsın. Kim deyə bilər, "Xəzər" haranı təmsil edəcək: Bakı, Quba, Qusar, yoxsa Xaçmazı? Bilinmir. Kim deyə bilər, bu komandanın maliyyə durumu nəyi vəd edir? Bilinmir. Bazası, stadionu, uşaq futbolu...
Yaxşı, "Kəpəz"in Premyer Liqanı tərk etməsi ilə Azərbaycan futbolunun nələri itirəcəyini bilən varmı? Hazır bazanı, əla vəziyyətə gətirilən meydançanı, ən əsası azarkeşləri. Ölkənin ən böyük ikinci şəhərindən, 8 komanda arasında ev oyunları vaxtı əsl futbol atmosferi yaradılan yeganə stadiondan, Qərb zonasının Premyer Liqadakı tək təmsilçisindən, tarixi, futbol ənənəsi olan yerdən söhbət gedir. Siz isə deyirsiniz ki, Premyer Liqada olan 2 bölgə təmsilçisindən birinin də üzərindən xətt çəkək. Düzdü, normal iş görülsə, Gəncədən nə qədər istəsən vəlilər, yunislər, vidadilər, mahmudlar çıxar...
AFFA tərəfindən maliyyələşsə də, heç olmasa stabil büdcəsi, gecikmə ilə olsa da, maaş ala bilən futbolçuları var. Düzdü, "Kəpəz" turnir cədvəlinin son sırasında yer alır, hamıdan zəifdi. Amma komandalar (elə biz də) məhz Gəncəyə yollananda futbol oynadıqlarını hiss edirlər. Hər şeyi bir kənara qoysaq belə, "Kəpəz" azarkeşlərinə görə elitada oynamağa layiqdi. Heç kim də peşəkarlıqdan, Əsasnamədən, qayda-qanundan dəm vurmasın. Etiraf edək ki, Azərbaycan futbolunun reallığı bu yolla irəliləməyə imkan vermir...
P.S. "Xəzər"dəki yoldaşlar inciməsin, şəxsən mən "Kəpəz"in nəyin bahasına olursa-olsun, elitada qalmasının tərəfdarıyam. Ancaq real Azərbaycan futbolunun tələblərinə cavab verəcəklərsə, özlərinin də dedikləri kimi, "Xəzər", "Sabah" və digərləri buyurub çempionata rəng qatsınlar (apasport).