Kimisi qənim, kimisi xal mənbəyi İdman

Kimisi qənim, kimisi xal mənbəyi

Topaz Premyer Liqasının XXVI turu son 5 mövsümün çempionu "Qarabağ"ın öz meydanında "Neftçi"yə uduzması ilə əlamətdar olub. Cari mövsümdə mükafatı təmin edən komandalardan ən çox qazananlar da bəllidi. Söhbət çempionluğu rəsmiləşdirən "Qarabağ" və ilk "üçlük"də yer alacağı bilinən "Qəbələ" ilə matçlardan gedir. Digər 6 komandanın arxada qalan 26 turda bu iki komandaya qarşı oyunlarına baxsaq, liderlərin qənimi "Neftçi"di.
Azərbaycanın ən titullu klubu son dövrlərin iki ən yaxşı komandası ilə görüşlərdə daha çox – 10 xal əldə edib. Mövsümün ilk yarısında "Qarabağ"la "Qəbələ"yə qarşı keçirdiyi 4 oyunun hamısında uduzan "ağ-qaralar" qışdan sonra liderlərə qələbə sevinci yaşatmayıb. Tərlan Əhmədovun komandası son 2018-ci ildə mükafatçılarla üz-üzə gəldiyi 4 görüşdə 10 xal qazanıb. Bunlardan 4-ü "Qarabağ", 6-sı "Qəbələ" ilə görüşlərə təsadüf edir.
"Neftçi" kimi mükafatlar və avrokuboklara vəsiqə üçün mübarizə aparan "Zirə" bu göstəricidə 2-cidi. Qəsəbə klubu liderlərdən 6 xal alıb. Ayxan Abbasovun yetirmələri "Qarabağ"dan 1 xal qoparıbsa, "Qəbələ"ylə matçlarda 5 xal əldə edib. Çempionla bütün oyunlarda uduzan "Səbail" bu siyahıda 3-cüdü. Premyer Liqanın debütantı qazandığı 4 xalın hamısını "Qəbələ"dən alıb. Samir Əliyevin yetirmələri bu göstəricidə digər 3 komandanı qabaqlayır. "Neftçi", "Zirə" və "Səbail" kimi "Kəpəz" də liderlərlə 8 matçın hamısını keçirib. Qərblilər çempiona 4 dəfə uduzsa da, Qəbələdəki sensasiyalı qələbə ilə hesabına 3 xal yazıb.
Liderlərdən eyni qədər xal qoparan "Keşlə"nin hələ bir matçı var. "Neftçi" kimi mövsümün ilk yarısında bütün oyunlarda mükafatçılara uduzan keşləlilər qış fasiləsindən sonra məğlubedilməzə çevrilib. Yuri Maksimovun komandası "Qəbələ" ilə 2, "Qarabağ"la 1 dəfə heç-heçə edib və ağdamlılarla bir matçı qalıb. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşanların əsas xal mənbələrindən biri də "Sumqayıt"dı. Bürünc medal iddiasında olan Samir Abasovun yetirmələri 7 belə oyundan 5-də uduzublar. Sumqayıtlılar "Qarabağ" və "Qəbələ"nin hərəsindən yalnız 1 xal qoparıb və sonuncularla daha bir dəfə qarşılaşacaq.