“Almeyda Azərbaycan yığmasında oynayır, mən isə...” İdman

“Almeyda Azərbaycan yığmasında oynayır, mən isə...”

Yay fasiləsində "Qarabağ"dan ayrılaraq "Astana"ya keçən Pedro Enrike Qazaxıstanda sports.kz saytına müsahibə verib. Braziliyalı yarımmüdafiəçi "Qarabağ"dakı çıxışı barədə də danışıb.

- Sizi "Astana" ilə yanaşı, icarəyə götürmək istəyən başqa klublar da var idi. Niyə məhz "Astana"nı seçdiniz?
- Bir mövsüm "Qarabağ"da icarə əsasında oynadıqdan sonra PAOK-a qayıtdım. Mövsümün hazırlığına orda başladım. Ancaq sonra icarə əsasında "Astana"ya gəlmək variantı ortaya çıxdı. Baş məşqçi də məni tanıyır və seçimimdə bu amil böyük rol oynadı. Üstəlik, "Astana" Çempionlar Liqasında iştirak edir və irəliləmək şansı çoxdu.

- Baş məşqçi Roman Qriqorçukla yaxşı tanışsınız?
- Onu Azərbaycan çempionatından tanıyıram. Orda "Qəbələ" klubunu çalışdırırdı. Bundan başqa, Qriqorçuk "Çernomorets"də işləyəndə orda oynayan braziliyalı futbolçular mənim dostlarım idi. Onlardan da məlumat aldım. Onun çox yaxşı oyun fəlsəfəsi var. Ümid edirəm ki, baş məşqçi ilə hər şey qaydasında gedər.

- Həmyerliniz Riçard Almeyda ilə "Astana"da da bir araya gəldiniz. Onunla "Qarabağ"da birlikdə çıxış etmisiniz. Siz dostsunuz?
- Riçard çox yaxşı, yüksək texnikaya malik futbolçudu. Ağıllı futbol oynayır. Bunu sözgəlişi demirəm, amma biz çox yaxşı dostuq. Ümid edirəm ki, Riçard "Astana"da da əsl oyununu göstərəcək və onun üçün hər şey yaxşı olacaq.

- Almeyda Azərbaycan vətəndaşlığını alıb və oranın yığmasında oynayır. Buna münasibətiniz necədi?
- O, Azərbaycan millisində çıxış edir, ancaq mən 3 ildi bir yerdə uzun müddət qala bilmirəm. Azərbaycan pasportunu əldə etmək üçün 5 il orada oynamaq lazımdı. Hazırda mənim ürəyim Braziliya millisi ilə döyünür. Ancaq siz də bilirsiniz ki, ora düşmək çox çətindi. Orda yüksək səviyyəli futbolçular çıxış edir. Bu üzdən də "Astana"nın oyunlarına köklənəcəm.

- Azərbaycan klubunun Çempionlar Liqası tarixində ilk qolunun müəllifi oldunuz. "Astana"nın da tarixinə düşmək istəyirsiniz?
- Bəli, "Qarabağ"ın heyətində vurduğum qolu yaxşı xatırlayıram. Ümid edirəm ki, "Astana"da da bunu bacaracam. Ancaq qrupa düşmək üçün əvvəlcə təsnifat mərhələlərini keçməliyik.

- Hər iki ayağınızla yaxşı oynamağı bacarırsınız. Sizin üçün hansı cinahda oynamaq rahatdı?
- Açığı, mənim üçün fərqi yoxdu. Karyeram ərzində hər iki cinahda oynamışam. Ötən mövsüm "Qarabağ"da baş məşqçi gah sağ, gah da sol cinahda mənə şans verdi. Hazırda solda oynayıram. Ancaq sağ cinahda çıxış etmək də problem deyil.