Türkiyə yenidən qana boyandı Dünya

Türkiyə yenidən qana boyandı

Ankarada son beş ay ərzində üçüncü partlayış baş verib

Cavid

Türkiyə paytaxtı Ankarada, son beş ay ərzində üçüncü partlayış baş verib. Martın 13-ü axşamı Kızılay ərazisində avtomobildə yerləşdirilən bomba partlayışı nəticəsində azı 34 nəfərin öldüyü, 125 nəfərin yaralandığını bildirir.
Türkiyə səhiyyə naziri Mehmet Müezzinoğlu 30 nəfərin partlayış yerində, dördünün isə xəstəxanada öldüyünü bəyan edib. Ölənlərin ikisinin partlayışı təşkil edənlər olduğu ehtimal olunur.
Yaralıların 19-nun vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.
Partlayış Güven parkı yaxınlığında, Ankaranın əsas nəqliyyat qovşaqlarından biri və çoxsaylı mağaza olan yerdə baş verib.
Partlayış yerinə yaxın bir neçə avtomobil və bir avtobus tamamilə yanıb.
"Hürriyet" qəzeti partlayışın yerli vaxtla 18:40 radələrində baş verdiyini bildirir. İkinci partlayış təhlükəsi ehtimalına görə rayon təcili təxliyə edilib.
Hələlik heç bir qruplaşma partlayış üçün məsuliyyəti boynuna almayıb.
Türkiyə prezidenti Recep Tayyip Ərdoğan bəyan edib ki, terrorçu qruplaşmalar Türkiyə təhlükəsizlik qüvvələrindən məğlubiyyətə uğrayaraq mülki əhaliyə hücum edirlər.
Onun sözlərinə görə, bu hücumlar "bizim terrorçuluqla mübarizə əzmimizi daha da möhkəmləndirir".
"Hürriyet" həmçinin Ankarada yerli məhkəmə tərəfindən Facebook, Twitter və başqa sosial şəbəkələrin bağlanması qərarı qəbul olunduğunu bildirir.
Qadağa partlayış yeri və onun nəticələrini əks etdirən foto və video görüntülərin nümayiş etdirilməsinin yolverilməzliyi ilə əsaslandırılır.
Daha əvvəl sosial şəbəkələrdə bu qəbildən şəkillər yerləşdirilmişdir.
Bundan başqa, məlum olub ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerika vətəndaşlarını mümkün partlayış haqqında xəbərdarlıq edib.
Son məlumatına görə, Türkiyənin daxili işlər, səhiyyə və ədliyyə nazirləri Ankarada baş vermiş partlayışla bağlı birgə açıqlama veriblər.
Daxili işlər naziri Əfqan Ala bildirib ki, partlayışın hərəkətdə olan bomba yüklü maşınla törədildiyi artıq dəqiqləşib.
Onun sözlərinə görə, hadisə ilə bağlı başqa detallar da dəqiqləşib, hadisənin hansı terror təşkilatı tərəfindən həyata keçirilməsi barədə məlumatlar var, bunlar tam araşdırmalardan sonra açıqlanacaq.
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu isə bildirib ki, terror aksiyası nəticəsində hadisə yerində 30 nəfər həlak olub. Daha 4 nəfər isə xəstəxanaya çatdırlarkən yolda dünyasını dəyişib.
Hadisə zamanı yaralanmış 125 nəfər Ankaradakı 24 müxtəlif xəstəxanada yerləşdirilib: "Onlardan 7-si əməliyyata alınıb, 19 nəfərin isə durumu ağırdır".
O da qeyd olunur ki, partlayışın törədildiyi yer insanların olduqca sıx cəmləşdiyi, avtomobil tıxaclarının olduğu ərazidir. Bir qayda olaraq axşam saatlarında Qızıl Ay meydanının avtobus dayancağına yaxın ərazisində hər axşam işdən çıxıb evlərinə getmək üçün avtobus gözləyən minlərlə adam olur. Bu baxımdan terror aktı nəticəsində ölənlərin sayının çox olduğu şübhəsizdir. Hadisə yerindən yaralıları və cəsədləri daşımaq üçün yüzlərlə təcili tibbi yardım avtomobilləri göndərilib. Polis hadisə yerini təxminən 1 kilometr radiusda mühasirəyə alıb və jurnalistlər ərazidən kənarlaşdırılıb.
Xatırladaq ki, Anakarada bundan əvvəl törədilən terror aktından heç bir ay da keçməyib. Fevralın 17-də paytaxtın mərkəzində, silahlı qüvvələrin Baş qərargahının binası yaxınlığında törədilən dəhşətli terror aktı nəticəsində onlarla zabit və mülki şəxs həlak olmuşdu. Həmin terror aktına görə prezident Ərdoğan Bakıya fevralın 18-nə təyin olunuş səfərini təxirə saldı. Və dünən elan edilmişdi ki, Ərdoğan təxirə salınmış həmin səfərini martın 15-də həyata keçirəcək. Lakin daha bir dəhşətli terror aktı Ərdoğanın xarici səfər proqramlarına bu dəfə dəyişiklik edilməsinə səbəb ola bilər.
"Türkiyə terror təhlükəsinə qarşı özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək".
Bunu prezident Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktı ilə bağlə bəyanatında bildirib.
Dövlət başçısı deyib ki, Türkiyənin ordu və təhlükəsizlik orqanları bundan sonra da əzmlə terrora qarşı mübarizə aparacaq.
Ərdoğan deyib: "Vətəndaşlar narahat olmasın. Dövlətin bütün strukturları xalqla birlikdədir. Bu mübarizə öz səmərəsini mütləq verəcək. Terrorçular məhv ediləcəkdir".
Prezidentin sözlərinə görə, regionda yaşanan qeyri-stabil vəziyyət səbəbindən son illərdə Türkiyədə də terror aktlarının sayı artıb: "Ancaq əminəm ki, Türkiyənin bütünlüyünə, xalqın bərabərliyinə yönəldilən zərbələr nəticəsiz qalacaq. Çətin günlər geridə qalacaq".
Ankaradakı partlayışın arxasında PKK, yaxud ona bağlı qrupların dayandığı da iddia olunur.
Bu barədə nüfuzlu "Röyters" agentliyi xəbər yayıb. Agentliyin Türkiyə Təhlükəsizlik Qüvvələrinin rəsmilərinə istinadən yaydığı xəbərə görə, ilkin aradırmalar partlayışın arxasında PKK terror təşkilatının, yaxud ona bağlı qrupların olduğunu göstərir.
Türkiyə mətbuatı xəbər verir ki, terror aktını araşdırmaq üçün 12 prokuror işə cəlb olunub.

Aparılan ilkin araşdırma zamanı məlum olub ki, 2 terrorçu hadisə yerində ölüb.

Kamikadzanin qadın olduğu bildirilir.

Terror hadisəsi ilə bağlı digər bir xəbərdə isə bildirilir ki, terror aktı zamanı istifadə edilən avtomobil 2016-cı il yanvarın 10-da Şanlıurfada oğurlanıb.
Məlumata görə, sözügedən avtomobil bu il fevralın 26-da Ankaraya gətirilib. Ankara polisi isə 2 həftə öncə, fevralın 27-də bomba yüklü avtomobil barədə məlumatlı olub və hərəkətə keçib. Ancaq ələ keçirə bilməyib.
Türkiyə kəşfiyyatı isə sözügedən avtomobilin içərisinə yüklənmiş bombaların PKK tərəfindən İraq və Suriyada hazırlandığı barədə iddia irəli sürüb.
Türkiyə hökuməti martın 13-də Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı terrorla bağlı fövqəladə müşavirə keçirib.
Baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə keçirilmiş müşavirədə ordu generalları, hökumət üzvləri və təhlükəsizlik orqanlarının rəhbərləri iştirak ediblər.
Rusiya prezidenti Vladimir Putin Ankaradakı terror aktını qətiyyətlə pisləyib və çoxlu sayda insan ölümünə görə Türkiyə xalqına başsağlığı verib.
RİA-Novosti bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Rusiya prezidenti Ankaradakı qeyri-insani terakt nəticəsində həlak olanların ailələrinə, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə şəfa tapmalarını arzulayır", - deyə mətbuat katibi vurğulayıb.
BMT-nin baş katibi Pan Gi Mun da Ankarada 34 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı Türkiyə xalqına başsağlığı verib.
BMT-nin baş katibi terror aktını pisləyib.

"BMT Türkiyə hökumətini dəstəkləməkdə davam edəcək və türk xalqı ilə bu ağır zamanda həmrəyik"- deyə o, əlavə edib.