Ukrayna Rusiya ilə müharibə vəziyyətində Dünya

Ukrayna Rusiya ilə müharibə vəziyyətində

Ordu ölkənin şərq vilayətlərində antiterror əməliyyatlarına cəlb olundu

Cavid

Ukraynanın cənub-şərqi əyalətlərində yenidən gərginlik artıb. Regionda yerləşən bir neçə rayon və şəhərdə inzibati binalar yenidən rusiyayönümlü fəallar tərəfindən zəbt olunub, bəzi yerlərdə qarşıdurmalar baş verib, ölənlər var. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov isə ölkənin cənub-şərqində qarşıdurmalar törədən separatçılara qarşı xüsusi əməliyyatın keçirməsi barədə qərar qəbul edib.
Dünən gecə saatlarında ölkənin cənub-şərqinə yeridilmiş təhlükəsizlik qüvvələri ilə separatçılar arasında ara-sıra atışmalar baş verib. Lakin tərəflərdən heç biri qəti addımlar atmayıb.
Ukrayna Milli Təhlükəsizlik Şurasının qərarı ilə separatçılara qarşı ordudan istifadə edilir. Donetsk, Luqansk və Xarkov regionlarında Ukrayna ordusunun tank bölmələri, BTR-lər yeridilib. Habelə Milli Qvardiya bölmələri və daxili işlər naziri Arsen Avakovun bildirdiyinə görə, patriotlardan ibarət dəstələr separatçılara qarşı istifadə edilir.
Donetsk vilayətinin şimalındakı Kramatorsk şəhərində Ukrayna ordusunun BTR-ləri görünüb. Şəhər sakinlərinin bildirdiyinə görə, BTR-lərdəki hərbçilər əhaliyə xüsusi əməliyyatın başlayacağı barədə xəbərdarlıq edərək evlərindən çıxmamağa çağırıblar.
Luqanskda isə bütün yollar separatçılar və onların tərəfinə keçən milislər tərəfindən bağlanıb.
Regiondan deputat Lesya Orobets bildirib ki, Luqansk milisinin şəxsi heyətinin 50 faizi işdən çıxmaq haqda raport yazıb, qalan 50 faizi separatçıların tərəfinə keçib. Bütün silahlar, sursat separatçıların tərəfinə keçən milislərə paylanıb. Silah otaqları boşdur.
Donetsk vilayətinin Makeyevka şəhəri də separatçıların əlindədir. Hakimiyyət orqanlarının binalarını tutan separatçılar referendum keçirmək üçün ictimai komissiya yaradıblar.
Slavyansk şəhərində isə QRU xüsusi təyinatlılarının və yerli "özünümüdafiə dəstələrinin" qurduğu blok-postlardan birinə naməlum şəxslər hücum edib. Tanınma nişanı olmayan maşında hərəkət edən qara geyimli silahlılar blok-postda dayananlara avtomatdan atəş açıblar. Bəzi məlumatlara görə, azı 10 nəfər öldürülüb.
Həmçinin Slavyanskda administrasiya binası yandırılıb. Şəhərə doğru ağır zirehli texnikanın hərəkət etdiyi xəbərləri yayılıb.
Rusiyanın hərbi müdaxiləsindən ehtiyat edən Ukrayna bu ölkə ilə sərhəddə də atəş nöqtələri yaradır. Rusiya ilə sərhədə Ukrayna ordusunun 3 minə yaxın əlavə canlı qüvvəsi yeridilib.
Ukraynanın şərqində isə separatçıların mərkəzi hakimiyyətə qarşı etiraz aksiyaları davam edib.
Bölgədə nümayişçilərlə yanaşı naməlum maskalı silahlılar da peyda olub. Nümayişçilər ələ keçirdikləri binaların qarşısında barrikadalar qurublar. Son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində təhlükəsizliyi təmin etmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib.
Ukraynanın Donetsk vilayətində isə rusiyameyilli qüvvələrə qarşı müqavimət başlayıb. Bu barədə ukraynalı deputat Lesya Orobeç Facebook səhifəsində yazıb.
"Bölgədə müəyyən qruplar var ki, onlar Putinin "əli"nə keçmək istəmir, müqavimət göstərirlər. Onlar silahlıdırlar. Bu gün Donetsk vilayətində ən azı 10 "kolorados" (Rusiya diversant qrupunun adı) məhv edilib. Məlumata görə, naməlum silahlılar ruslara məxsus blokposta hücum edərək "kolorados"ları öldürüblər, bəzilərini isə möhkəm döyüblər", - deyə Leysa Orobeç bildirib.
Onun sözlərinə görə, hazırda Donetskdə demək olar ki, bütün blokpostlar "kolorados"lar tərəfindən ələ keçirilib.
Rusiya baş naziri Dmitri Medvedev sosil şəbəkədəki səhifəsində yazıb ki, Ukrayna vətəndaş müharibəsinin astanasındadır.
"Bu çox kədərlidir. Ukraynadakı faciənin səbəbi ondadır ki, bölgələrdə administrativ binalar ələ keçirilməyə başlayanda, legitim hakimiyyət qayda-qanunu qorumağa cəhd göstərməyib. Qeyri-legitim hakimiyyət isə özü pozduğu qayda-qanunu bərpa etməyə çalışır. Kiyevdə hakimiyyətə gəlmiş insanların əsl niyyəti indi üzə çıxıb", - deyə o vurğulayıb.
Bu arada isə məlumat yayılıb ki, Qara dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi ilə Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarəsi arasında insident yaşanıb.
Adının açıqlanmasını istəməyən ABŞ hərbçisi bildirib ki, Rusiya hərbi təyyarəsi 90 dəqiqə ərzində Qara dənizdə ABŞ-ın USS Donald Cook hərbi gəmisinin ətrafında dövrə vurub.
Hərbçinin sözlərinə görə, Rusiya təyyarəsi gəmidən 900 metr uzaqlıqda, dəniz səviyyəsindən 150 metr yüksəklikdə uçuşlar həyata keçirib. ABŞ hərbçisi Rusiya təyyarəsinin hücuma keçmək istədiyini iddia edir. Onun sözlərinə görə, təyyarə hərbi gəminin kapitanı tərəfindən edilən xəbərdarlıqdan sonra ərazini tərk edib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus USS Donald Cook gəmisi Krımın Rusiyaya birləşdirilməsindən sonra aprelin 10-da Qara dənizə çıxarılıb.
Ukraynanın keçmiş ədliyyə naziri Serqey Qolovatov sensasion bəyanatla çıxış edərək Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun və "Batkivşina"nın lideri Yuliya Timoşenkonun Kremlin agentləri olduğunu açıqlayıb. Onun sözlərinə görə, hər iki şəxs Vladimir Putinlə işləyərək, Ukraynanı məhv edir.
"Radanın sədri seçildiyi gündən Turçinovun Ukraynanın maraqlarını ayaqlar altına atır. Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, prosesə şəxsən Putin və onun dostu Medvedçuk nəzarət edir. Təbii ki, rəhbərlikdəki agentlər, Turçinov və Timoşenko vasitəsilə" - deyə Qolovatov vurğulayıb.
Qolovatov onu da bildirib ki, Putinin məqsədi Kiyevi ələ almaqdır və onu bu yolda heç kim saxlaya bilməyəcək.
Ukrayna hərbi qüvvələrinin tankları və ağır hərbi maşınlarıı Slavyansk və Donetsk vilayətlərinə doğru hərəkət ediblər. Bu barədə Slavyansk özünümüdafiə batalyonun komandiri, Slavyansk şəhərinin müvəqqəti meri Vyaçeslav Ponamoryov xəbər verib.
Onun sözlərinə görə, şəhərə ağır zirehli texnika yaxınlaşıb və o, qan tökülməsini istəmir: "Müxtəlif istiqamətlərdən hərbi texnikanın şəhərə doğru gəlməsi barədə xəbərlər daxil olur... Əsas odur ki, biz qan tökülməsini istəmirik. Danışıqlara köklənmişik". O bildirib ki, şəhərdə hüquq-mühafizə orqanlarını işi bərpa olunub. Hazırda onlar "ekstremistlərə qarşı şəhərin təhlükəsizliyini təmin edirlər".
Ukraynanın federallaşmasını istəyənlərin nəzarəti altında olan Kramatorsk şəhərinə (Donetsk vilayəti) də Ukrayna hökuməti hərbi texnika, o cümlədən BTR-lər göndərib. Burada isə vəziyyətin daha gərgin olduğu bildirilir. Hər an yeni hökumət tərəfdarları ilə Rusiyameylli qüvvələr arasında silahlı toqquşma baş verə bilər. Yerli sakinlər təşviş içərisindədir.
Ötən həftə, Rusiya ABŞ, AB nümayəndələrinin iştirakıyla Ukrayna ilə danışıqlar aparılmasını və danışıqlarda Ukraynanın cənub-şərqi əyalətlərinin təmsil olunmasını tələb etmişdi. Kiyev istənilən formatda danışıqlara razı olduğunu bildirmiş və Ukrayna böhranı ətrafında dialoqun aprelin 17-də baş tutacağı planlaşdırılır. Bu razılaşmanın gərginliyi azaldacağı ehtimal olunsa da, gözlənilənin tam əksi baş verdi.
Görünür, Moskva vəziyyətin daha da gərginləşməsində maraqlıdır. Lakin bunun səbəbi heç də Ukraynanın şərqini işğal etmək istəyi ilə bağlı deyil. Əslində Rusiya Ukraynanı özünə uyğun müqaviləyə razı salmaq və bununla uzun illər maneəsiz Avropaya qazın ixracını təmin etmək və Krımın Rusiyanın ərazisi kimi tanınmasına nail olmaq istəyir. Bu işdə Avropa ölkələrinin də Ukraynaya təzyiq göstərməsinə nail olmaq əzmindədir. Ukrayna rəhbərliyinin cənub-şərqdə əməliyyat keçirmə planına Moskvanın qarşı çıxması da başa düşüləndir. Belə ki, əməliyyatlara cavab olaraq Rusiya Ukraynaya silahlı müdaxilə edə bilməyəcək. Bu, artıq Ukraynaya açıq müharibə elan etmək anlamına gəlir. Donetsk böhranında Kiyevin qələbəsi Putinin ölkə daxilində özü üçün formalaşdırdığı "müzəffər sərkərdə" imicinin pozulmasına gətirib çıxaracaq.
Politoloq Qabil Hüsyenlinin sözlərinə görə, Rusiyaya təsir edəcək effektli tədbirlər görülməlidir: "Məsələn ABŞ-ın keçmiş müşaviri Zbiqnev Bjezinski Rusiyaya qarşı lokal xarakterli hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib. ABŞ öz gücünü Rusiyaya göstərməlidir. Rəsmi Vaşinqton Qara dənizdə hərbi dəniz donanmasının sayını çoxaltmalıdır. Bununla yanaşı şimaldan Baltik dənizində öz müttəfiqləri ilə birgə donanmasını gücləndirməlidir. Ukrayna ordusunun sürətlə modernləşdirilməsi və muzdlu qoşunların ora göndərilməsi məsələsinə də fikir verilməlidir. Dünyada mülki aviasiyanın muzdlu qoşunla təmin edilməsi heç kimə sirr deyil".
Politoloq hesab edir ki, NATO ölkələri özləri Rusiya ilə birbaşa toqquşmaya girmək istəmirlər. Siyasi şərhçi düşünür ki, problemdən çıxış yollarından biri də Ukrayna ordusuna ən müasir silahların verilməsini həyata keçirməkdir: "Qərb artıq telefon danışıqları praktikasını bir kənara qoyub praktiki addımlara başlamalıdır. Bura bir daha deyirəm, Ukrayna ordusuna muzdlu qoşunların gətirilməsi də həyata keçirilməlidir".
ADP sədri Sərdar Cəldəloğlu isə deyib ki, Rusiya BMT-dəki veto hüququndan məhrum edilməlidir: "Bu gün Rusiya və Kremlin siyasəti ilə bağlı səslənən fikirlərin böyük əksəriyyəti soyuq müharibə ruhundadır. Bunlar Rusiyaya qarşı təbliğat xarakteri daşıyır. Rusiyaya qarşı ictimai rəyi hazırlamaq, bütün dövlətləri özünümüdafiə vəziyyətinə gətirmək, Rusiyaya qarşı geniş bir cəbhə yaratmaq və s. başlıca məqsəddir. Təbii ki, bütün bunlarda Rusiyanın özünün də günahı var. Rusiya Ukrayna torpağını işğal edib. Ukraynanın suveren hüquqlarının təminatına, Ukrayna xalqının seçiminə imkan vemək istəmir. Bu baxımdan Rusiyanın özü anti-Rusiya cəbhəsinin formalaşmasına əsas verib. Rusiyanın İsveçə hücum edəcəyi, Finlandiyanı geri qaytaracağı, Alyaskanı alacağı və s. ilə bağlı fikirlər səsləndirilir. Halbuki, Rusiya bu gün təqdim edildiyi qədər də nəhəng və böyük bir dövlət deyil. Doğrudur, o vaxtiylə güclü dövlət olub, imperiya yaradıb. Lakin bu öz ərazilərinin genişliyinə, resurslarının bolluğuna, əhalinin sayının çoxluğuna əsaslanıb".