Fransa qan gölünə döndü Dünya

Fransa qan gölünə döndü

Terraktın məsuliyyətini İŞİD öz üzərinə götürüb

Cavid

Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində 84 nəfər ölüb, 120 nəfər xəsarət alıb. Verilən son məlumata görə, onlardan 24-ünün vəziyyəti ağırdır. Ölənlərin sayının artacağı da söylənilir. Terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürüb. Bu barədə Britaniyanın "The Daily Mail" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, onlarla insanın ölümünə, 100-dən çox insanın xəsarət almasına səbəb olmuş hadisəni İŞİD terror qruplaşması həyata keçirib.
"Nitsa şəhərində baş vermiş hadisədən sonra Fransada fövqəladə vəziyyət 3 ay müddətində uzadılacaq". Bunu Fransa prezidenti Fransua Olland xalqa müraciətində bildirib. Ölkə başçısı həmçinin xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu bildirib. Onun sözlərinə görə, Nitsadakı hücumun terror xarakterli olduğunu inkar etmək olmaz.
ABŞ prezidenti Barak Obama da Fransanın Nitsa şəhərindəki teraktla bağlı təcili bəyanatla çıxış edib. Obama bu cinayəti dəhşətli fakt adlandırıb. RİA Novosti isə bildirir ki, ABŞ hökuməti Fransaya istintaqın aparılmasında öz köməyini təklif edib. Bu arada yayılan məlumata görə, Fransanın Nitsa şəhərində terror aktı həyata keçirmiş şəxsin kimliyi məlum olub.
Bu barədə yerli "Nice Matin" nəşri xəbər yayıb. Nəşrin məlumatına görə, onlarla insanın ölümünə və xəsarət almasına səbəb olmuş yük avtomobilini yerli sakin, 31 yaşlı, Tunis əsilli şəxs idarə edib. "BFM TV" telekanalı isə yük avtomobilindən polisin güllələdiyi sürücünün şəxsiyyətini müəyyənləşdirən sənədin tapıldığını xəbər verib.
Fransa Müsəlmanları Şurası da Nitsada Bastiliya Qalasının Alınması Günü törədilən terror aktını pisləyib. Bu barədə "Le Figaro" nəşri məlumat yayıb. "Fransada dəhşətli terror aktı törədilib. Şura Nitsanın sakinləri ilə tam həmrəy olduğunu bildirərək, qurbanların yaxınlarına dərin hüznlə başsağlığı veririk və yaralılara Allahdan şəfa diləyirik", - deyə Şuranın bəyanatında bildirilir. Şura üzvləri terakt qurbanlarının ruhuna dua oxumağa çağırıb.
Fransanın Daxili Təhlükəsizlik İdarəsinin rəisi Patrik Kalvar Nitsadakı terakta münasibət bildirib. Le Fiqaro" xəbər verir ki, Kalvar bir müddət əvvəl nəqliyyat vasitələrinin istifadəsi ilə mümkün ola biləcək terror aktları barədə xəbərdarlıq edildiyini deyib. Onun sözlərinə görə, Fransa kəşfiyyatı İŞİD terrorçularının hücum taktikasını dəyişəcəyini bilirmiş: "Onlar minalanmış avtomobillərdən və partlayıcı qurğulardan istifadə edəcəklər".
Türkiyənin baş naziri Binəli Yıldırım da Fransanın Nitsa şəhərində həyata keçirilən terror aktına reaksiya verib. Baş nazir - "terror dünyanın hansı yerində olmasından asılı olmayaraq, bir insanlıq cinayətidir", - deyərək, Fransaya başsağlığı verib.
Rəsmi Bakı da Fransada baş verən terror aktını pisləyib. "Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik". Bu barədə bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb: "Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.
Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır. Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq".
BMT Təhlükəsizlik Şurası da Nitsadakı teraktı qınayıb. Bu barədə bəyanat BMT-nin rəsmi saytında yerləşdirilib. Bəyanatda Fransadakı terrorun vəhşi və alçaq addım olduğu bildirilib. BMT həmçinin terrorun bütün formalarını beynəlxalq təhlükəsizliyə təhdid adlandırıb. Digər bir məlumata görə isə Fransanın "Şarl de Qol" təyyarədaşıyan gəmisi İŞİD-lə mübarizə məqsədi ilə Aralıq dənizinin şərqinə göndəriləcək. Bu barədə Prezident Fransua Olland məlumat verib. Onun sözlərinə görə, gəmi bu ilin payızında Yaxın Şərqə göndəriləcək.
"Şarl de Qol" gəmisi payızda İŞİD-ə qarşı təşkil edilən əməliyyatlarda iştirak edəcək. Çünki keçən il yanvar və noyabr ayında Fransada törədilmiş terrora cavab verməliyik". Fransanın İraqda İŞİD-lə döyüşən nizami birliklərə daha çox dəstək verəcəyini deyən prezident Mosula canlı qüvvə göndəriləcəyini açıqlayıb. Fransız hərbçiləri əməliyyatlarda İraq ordusuna yardım edəcək. Qeyd edək ki, ötən ilin 13 noyabrında paytaxt Parisdə törədilən terror hücumlarından sonra Fransa "Şarl de Qol" gəmisini ilk dəfə bölgəyə göndərmişdi.