Qırıcılar və hərbi gəmilər Avropaya istiqamətlənib Dünya

Qırıcılar və hərbi gəmilər Avropaya istiqamətlənib

Qərb Rusiyanın müharibə hədələrinə qarşı tədbirlər görür

Kanada Ukraynadakı böhranla əlaqədar NATO "hava polisi"nin missiyasının gücləndirilməsi məqsədilə Polşaya CF-18 tipli 6 qırıcı təyyarəsini göndərməyə qərar verib. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Global News Kanadanın baş naziri Stiven Xarperə istinadla məlumat yayıb.
Məlumata görə, Kanada qırıcıları ABŞ, Böyük Britaniya, Danimarka, Polşa, Portuqaliya və Almaniya təyyarələri ilə birlikdə Şərqi Avropa ölkələri üzərində hava məkanının patrul reydləri həyata keçirəcək.
Xarperin sözlərinə görə, Kanada Avropada iştirakının gücləndirilməsi məqsədilə həmçinin NATO-nun Brüsseldəki qərargahına 20 zabit göndərəcək.
NATO isə Şərqi Avropadakı müttəfiqlərinə dəstək üçün Baltik dənizinə 5 hərbi gəmi göndərir. "Röyters"in xəbərinə görə, bu barədə Alyansın mətbuat xidmətinin açıqlamasında deyilir.
"NATO Baltik dənizinə gəmiləri Şərqi Avropadakı müttəfiqlərinin müdafiəsini gücləndirmək üçün göndərir", deyə açıqlamada bildirilir.
Qeyd olunan dəniz çevik qrupuna Norveç, Niderland, Belçika və Estoniya hərbi gəmiləri daxildir.