Yanukoviç Beynəlxalq Cinayət Məhkəməsinə verilir Dünya

Yanukoviç Beynəlxalq Cinayət Məhkəməsinə verilir

Rəsmi Kiyev Maydanda baş vermiş cinayətlərin araşdırılması ilə bağlı müraciət edib

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Yanukoviç dövründə Maydanda baş vermiş cinayətləri araşdıra biləcək.
APA-nın BMT Xəbərlər Mərkəzinə istinadən verdiyi məlumata görə, BCM katibi Ukrayna hökumətindən müvafiq məktub alıb.
Həmin məktubda BCM-ə 2013-cü ilin noyabrın 21-dən 2014-cü ilin fevralın 22-dək Ukrayna ərazisində törədilmiş cinayətlərin araşdırılması hüququnun verildiyi bildirilir.
Lakin BCM-ə bu hüququn tanıdılması o demək deyil ki, o, dərhal cinayətlərin araşdırılmasına başlaya biləcək. BMC prokuroru təqdim olunmuş məlumatın cinayət işinin qaldırılması üçün yetərli olub-olmayacağını müəyyənləşdirməli olacaq. Hətta araşdırma başlasa belə, prokuror əldə olunmuş dəlil-sübutların əsasında cinayətlərdə ittiham olunan şəxslərin həbsi üçün hakimlərdən orderin istənilib-istənilməməsinə dair qərar verməli olacaq.
Qeyd edək ki, BCM-in səlahiyyət çərçivəsinə yalnız ən ağır beynəlxalq cinayətlər aiddir.