İran “nüvə enerjisi ilə işləyən gəmiləri təkmilləşdirəcəyini” deyir Dünya

İran “nüvə enerjisi ilə işləyən gəmiləri təkmilləşdirəcəyini” deyir

Dünya müharibəsi təhlükəsinin yaranması tamamilə mümkündür
ABŞ-ı ötən il imzalanmış beynəlxalq nüvə sazişini pozmaqda ittiham edən İran prezidenti Həsən Ruhani rəsmilərə nüvə enerjisi ilə işləyən gəmilərin təkmilləşdirilməsi barədə əmr verib. Dünya dövlətləri İrana nüvə proqramına görə tətbiq edilmiş sanksiyaları təxirə salmaq barədə razılaşmışdı. Lakin Konqres bu yaxınlarda İrana qarşı sanksiyalarla bağlı öz qanunlarının uzadılmasına səs verib.
Prezident Barak Obamanın qanunları imzalayacağı gözlənilir, amma o deyir ki, bu beynəlxalq sazişə təsir göstərməyəcək. Obama təkid edir ki, Ağ Ev İranın nüvə proqramı ilə bağlı bütün sanksiyaların dayandırılmasına davam edəcək. Bəyanatla çıxış edən cənab Ruhani Konqresinin bu addımını sazişin pozulması kimi dəyərləndirib və bildirib ki, o, vəzifəli şəxslərdən "dəniz nəqliyyatı üçün nüvə yanacağı və nüvə reaktorlarının işlənib hazırlanması və istehsalının planlaşdırması" üzrə işə başlamağı istəyib. Prezident onu da qeyd edib ki, İran saziş üzərində nəzarət komitəsinə hüquqi şikayət edəcək.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı, İran razılşamasını ləğv etməklə hədələyib, amma onun siyasətinin nə olacağı aydın deyil. İran əvvəllər öz nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə gərginlik yaşadığı vaxtda da nüvə enerjisi ilə işləyən gəmilərin hazırlanması barədə çıxış edib. Lakin təhlilçilər deyirlər ki, strateji mənfəət olmadan bu səylər olduqca baha başa gələcək. "Express" qəzeti isə yazır ki, İranın müdafiə naziri Hüseyn Dehqan bəyan edib ki, ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra dünya müharibəsi təhlükəsinin yaranması tamamilə mümkündür.
Bununla yanaşı nazir əlavə edib ki, New Yorklu tikinti maqnatının əsas hərəkətverici qüvvəsi puldur və ola bilsin, yeni müharibənin ABŞ-a trilyonlarla dollar başa gələcəyi fikri onu qlobal münaqişəyə girməkdən çəkindirsin. Tehranda keçirilən təhlükəsizliyə aid konfransada cənab Dehqan deyib ki, "düşmənləri İranın əsl hərbi qüdrəti barədə yanlış təsəvvürlər aldada bilər". "Belə bir müharibə İsrailin sionist rejimin məhvi olmaqla yanaşı, həm də bütün regionun alovlanması ilə dünya müharibəsinə gətirib çıxara bilər" - deyib İranın müdafiə naziri.
"Express" yazır ki, böyük bir ehtimalla Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətəri nəzərdə tutan Dehqan deyib ki, sözü gedən potensial müharibə "Fars körfəzindəki şəhər-dövlətləri məhv edəcək, çünki bu ölkələr geniş xalq kütlələri tərəfindən dəstəklənmir.
Hüseyn Dehqan ABŞ-da prezident seçilmiş Tramp barədə deyib ki, "o bir biznesmendir və hər şeyin qiymətini dollarla hesablayır və buna görə də çətin, bizim ölkəmizə qarşı çıxsın". "Express" yazır ki, İranın qatı düşməni İsrail və Körfəz ərəb ölkələri Yaxın Şərq münaqişələrində qarşı duran tərəfləri dəstəkləyirlər. Donald Tramp prezident seçkisi kampaniyası zamanı İranı kəskin tənqid etmiş və bildirmişdi ki, ABŞ Tehranla bağlanmış nüvə sazişindən çıxacaq. Tramp bu müqaviləni Amerikanın tarixində "ən pis saziş" adlandırmışdı.