Türkiyə-İran müharibəsi qapıda Dünya

Türkiyə-İran müharibəsi qapıda

Türkiyə Suriya ilə sərhədə əlavə qüvvə yığıb. Ötən şənbə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada vuruşan türk əsgərlərinin irəliləməkdə olduğunu, tezliklə Raqqa şəhərinə doğru hərəkətə keçəcəklərini deyib. Bazar günü – dekabrın 25-də isə əlavə türk ordusu və tankları Suriyayla sərhədə doğru hərəkət edib. Sərhəd şəhərlərdə – Oğuzeli və Qarqamışda yeni artilleriya qüvvələri toplanıb. Bu haqda "Bloomberg" informasiya agentliyi yazır.
Hazırda Birləşmiş Ştatlar da kürd döyüşçülərlə birlikdə Raqqanın "İslam Dövləti" (İŞİD) yaraqlılarından alınması uğrunda əməliyyat aparır. Ərdoğan yeni seçilmiş ABŞ prezidenti Donald Trampı kürdləri əməliyyatlardan uzaqlaşdırmağa, Ankara ilə əməkdaşlığa səsləyib, belə olarsa, Türkiyənin Suriyadakı cihadçılara qarşı əməliyyatları genişləndirəcəyinə söz verib. O bu haqda D.Trampla inauqurasiyadan sonra danışmaq fikrində olduğunu söyləyib.
Türkiyəni narahat edən kürdlərin Suriyada əlavə ərazilərə yiyələnməsi, dövlət yaratması cəhdləridir. Kürdlər Suriyadakı münaqişədən yararlanaraq son 5 ildə orada xeyli yer tutub, üstəlik, İŞİD-lə mübarizədə ABŞ-ın yararlı müttəfiqinə çevriliblər. Bunun qarşısını almağa çalışan Ankara avqustdan Suriyada genişmiqyaslı əməliyyatlara başlayıb. "Biz Suriyada yeni hökumətin yaradılmasına imkan verə bilmərik", – Ərdoğan deyir. O, bunun ölkəsinin ərazi bütövlüyünə təhlükə olduğunu söyləyib.
İndi türk əsgərləri Suriyanın əl-Bab şəhəri ətrafında İŞİD-lə vuruşur. Ərdoğan əl-Bab məsələsinin bitmək üzrə olduğunu, əl–Babdan sonra Mənbic şəhərini tutacaqlarını deyib. Mənbic indi kürdlərdədir, onlar şəhəri İŞİD-dən yenicə azad ediblər. Ərdoğan adıçəkilən şəhərlərdən sonra türklərin Raqqaya üz tutacaqlarına söz verib, "ABŞ-la birləşə bilsək, biz Suriyanın şimalını terrordan təmizlənmiş təhlükəsiz zona elan edəcəyik", - deyib.
ABŞ Türkiyənin çağırışına, hələ ki, konkret cavab verməyib. "The Washington Times" yazır ki, ABŞ-ın İraq və Suriyadakı rəsmisi, general Stefan Tauzend bu günlərdə türk həmkarlarıyla Raqqa məsələsini müzakirə edəcəyini söyləyib. Pentaqonun sözçüsü Peter Kuk keçən həftə türklərlə amerikalıların Raqqa məsələsində sıx əməkdaşlığa tərəfdar olduğunu deyib, amma detallara varmayıb.
Türkiyə isə Suriya əməliyyatlarını davam etdirir. Keçən həftə türk ordusu əl-Bab yaxınlığında onlarla əsgərini itirib. Bazar günü isə ordu 12 yaraqlının öldürüldüyünü elan edib. Beynəlxalq insan haqları təşkilatları əməliyyatlardan sakinlərin əziyyət çəkdiyini, keçən həftə türklərin hava hücumları nəticəsində 90-a yaxın adamın, o cümlədən uşaqların həlak olduğunu deyirlər. "Yeni Şafak" qəzeti isə etibarlı mənbələrə istinadən yazıb ki, Bəşər Əsədin Hələbdən sonrakı hədəfi İdlibdir.
Qəzet yazır ki, Yaxın Şərqdə "şiə federasiyası" yaradılması planlaşdırılır: "Bu plana görə, məzhəb federasiyası Suriyanın şimalında Türkiyə sərhədindən başlayaraq, Hələb, İdlib, Hama və Humusa qədər ərazini əhatə edəcək. Əsəd, İran və Rusiyanın radikal qrupları bəhanə gətirərək, İdlibə hücum edəcəyi haqqında məlumatlar var. İddialara görə, İranın dəstəklədiyi qruplar Hələb və şəhərin ətrafına yerləşdirilir. Onlar İdlibə müdaxiləyə bəhanə yaratmaq üçün məzhəb qarşıdurması yaradacaqlar".
Qəzetin məlumatına görə, Türkiyə "Fərat qalxanı" əməliyyatı ilə ABŞ-ın Şimali Suriyada yaratmaq istədiyi "terror dəhlizi" (kürd dəhlizi) planının qarşısını aldı.
"Lakin Türkiyənin Yaxın Şərqlə bağlantısını kəsəcək ikinci belə bir layihənin İrana məxsus olduğu deyilir. Hələbdən sonra İdlibin hədəfə alınması Türkiyəni yeni köç dalğası ilə üz-üzə qoya bilər. İdlibin mərkəzində 500 min insan yaşayır, ümumilikdə isə şəhərin ətrafındakı əhalinin sayı 4 milyondur", - deyə qəzet bildirib.
Hərbi mənbələr, Əsədin Türkiyənin Hatay bölgəsi ilə sərhəd olan İdlibə hücum edəcəyi halda, Ankaranın ikinci cəbhəni aça biləcəyini deyir. "Hazırda İdlibə ediləcək mümkün hücuma qarşı hazırlıqlar görülür. Ankara hərbi müdaxiləyə ehtiyac yaranmaması üçün Suriyada müxalif qrupları bir mərkəzdə toplayır. İdlibin təhlükəsizliyi üçün Azad Suriya Ordusunun qrupları ora göndərilir", - deyə hərbi mənbələr vurğulayıblar.