Türkiyə və Yunanaıstan arasında gərginlik artır Dünya

Türkiyə və Yunanaıstan arasında gərginlik artır

"The Guardian" yazır ki, Türkiyə prezidentinin öz ölkəsinin Avropa İttifaqı (Aİ) danışıqlarından çıxacağı barədə danışmasından və Yunanıstanın müdafiə nazirinin ölkəsinin istənilən təxribarata cavab verməyə hazır olduğunu bəyan etməsindən sonra Egey və Aralıq dənizləri hövzəsində gərginlik yüksəlib. Məqalədə deyilir ki, aprelin 16-da Türkiyədə keçiriləcək referenduma görə Ankara ilə Aİ paytaxtları arasında gərginlik yaşanır. Türkiyənin Qərb müttəfiqləri bu referendumun nəticəsində Ərdoğanın gücünün artacağından narahatdırlar.
Türkiyə prezidenti bir sıra Avropa ölkələrində onu dəstəkləyən mitinqlərin qadağan olunmasından qəzəblidir. Bununla əlaqədar Ərdoğan bəyan edib ki, referendumdan sonra Türkiyə Avropa İttifaqı üzvlüyü üçün danışıqlardan çıxmaq məsələsini də referenduma çıxara bilər. O deyib ki, "millətimizin səbrinin hüdudları var".
Ötən həftə Ərdoğan, Avropa liderləri ona "diktator" dedikcə, o da onlara "nasist" deyəcəyini elan etmişdi. Bundan az əvvəl Yunanıstanın müdafiə naziri bəyan etmişdi ki, silahlı qüvvələr ölkənin suverenliyinə hədə yaranarsa, buna cavab verməyə hazırdır. Yunanıstanın Osmanlı imperiyasına qarşı azadlıq müharibəsinin 196-cı ildönümünə həsr edilmiş hərbi paradda Panos Kammenos demişdi ki, "yunan ordusu istənilən təxribata cavab verməyə hazırdır".
Bundan əvvəl iki NATO üzvü 1974-cü ildə Kiprə və 1996-cı ildə isə kimsəsiz adaya görə bir-birilə müharibə həddinə çatmışdılar. Kipr yunanlarının lideri Nikos Anastasiades CNN Greece telekanalına deyib ki, referendum ərəfəsində Türkiyədə fanatizm ab-havası yaranıb. Türkiyənin Aİ üzvlüyünə qəbulu məsələsi uzun müddət Kipr məsələsinə görə əngəllənib. Üstəlik adanın türk və yunan icmaları arasında birləşmə danışıqları hazırda kritik məqamına yetişib.
Bundan əvvəl, ötən iyulda Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca Yunanıstandan vətənə qayıtmaq istəməyən türk zabitlərə görə Ankara və Afina arasında təhqiramiz söz müharibəsi baş verib. Buna səbəb o olub ki, Yunanıstanın Ali Məhkəməsi qaçaq NATO zabitlərini Ankaraya təslim etməkdən imtina edib.
"The Guardian" yazır ki, Türkiyənin hərbi dəniz və hava donanması Yunanıstanın dəniz və hava sərhədlərini demək olar, gündəlik qaydada pozur. Məqalədə deyilir ki, udmağa çalışdığı referendum ərəfəsində Ərdoğan 1922-ci il tarixli Lozanna müqaviləsini şübhə altına almağa başlayıb. Bu müqavilə Türkiyəyə müdaxilə edən yunan ordusu türklər tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra imzalanmışdı.
Bu arada Türkiyənin millətçi MHP partiyasının lideri Dövlət Baxcalı deyib ki, Yunanıstan Türkiyənin bir sıra adalarını işğal altında saxlayır. "Kimsə bu tərbiyəsiz uşağa başa salmalıdır ki, bizim səbrimizlə oynamasın. Əgər yunanlar yenidən dənizə düşmək istəyirlərsə, ovlanmaq istəyirlərsə, buyursunlar, türk ordusu hazırdır. Kimsə Yunanıstan hökumətinə 1922-ci ildə nə baş verdiyini izah etməlidir. Yoxsa biz Egey üzərindən güllə kimi şığıyıb onlara tarix dərsi keçə bilərik" - deyib millətçi lider.
"The Guardian" yazır ki, yunan rəsmiləri Türkiyənin davakar ritorikalarından narahat edən həm də Ankaranın Aİ-dən uzaqlaşmaq perspektividir. Tramp "yunanları sevirıəm" desə də, onların narahatlığını azaldacaq heç bir addım atmayıb.