Trampı Putin maliyyələşdirib Dünya

Trampı Putin maliyyələşdirib

Donald Trampın milli təhlükəsizlik müşaviri deyir ki, prezidentin ötən həftə keçirilən görüş zamanı Rusiya səfiri və xarici işlər naziri ilə həssas kəşfiyyat məlumatlar bölüşməsi "tamamilə məqbul" idi. O bu sözləri hər iki partiyanın hadisə ilə bağlı tənqidlər səsləndirməsindən sonra deyib.
Prezident Donald Trampın İŞİD-in terror planları ilə bağlı məxfi məlumatları Rusiya rəsmiləri ilə bölüşdüyünə dair xəbərlərdən sonra, Ağ Ev Tramp admisnitrasiyasına dəyən zərəri ortadan qaldırmağa çalışır.
Trampın bu məlumatları ötən həftə Ağ Evdə Rusiya xarici işlər naziri və səfiri ilə keçirilən görüş zamanı bölüşdüyü bildirilir.
Milli Təhlükəsizlik müşaviri H.R MakMaster Trampın bu məlumatları ruslarla bölüşdüyünü etiraf etsə də, məlumatların böyük əhəmiyyət daşımadığını deyib.
"O, hər kəsin açıq mənbələrdən öyrənə bilməyəcəyi heç bir məlumat bölüşməyib."
MakMaster həmçinin bildirib ki, prezidentin bu məlumatları onlarla paylaşması tamamilə qanunauyğun idi.
"Prezidentin Amerika xalqının təhlükəsizliyini artırmaq üçün lazım gördüyü hər bir informasiyanı bölüşməsi tamamilə məqbuldur", o deyib.
Amma MakMaster Trampın bu məlumatı onlara bilərəkdən verdiyini ya da söz arası səhvən söylədiyini açıqlamayıb.
Tramp da Tvitterdə milli təhlükəsizlik və ya humanitar səbəblərdən məlumat paylaşmaq "haqqına sahib" olduğunu deyib.
Lakin bu cavab konqresmənlərin bir çoxunu qane etmir.
"Əgər bunlar doğrudursa, bu o deməkdir ki, prezident bizim gizli müttəfiqlərimizi ortaya çıxara, düşmənlərimizi cəsarətləndirə, ordumuzu və kəşfiyyat işçilərimizi təhlükəyə ata, ölkəmizi isə daha böyük riskə ata bilər", deyə Senatın demokrat lideri Çak Şumer bildirib.
Bir başqa narahatlıq da odur ki, bundan sonra müttəfiqlər ABŞ-la daha az həssas məlumatlarla bölüşəcəklər.
"Əgər bu vəziyyətdə prezident kəşfiyyat xidmətləri göstərən üçüncü tərəfin ABŞ-a verdiyi məlumatları başqaları ilə bölüşməyə qərar veribsə, bu, ABŞ-ın kəşfiyyat xidmətləri verən tərəflərlə münasibətlərini çətinləşdirə bilər"-deyə Kato İnstitutunun siyasi təhlilçisi Patrik Eddinton bildirib.
Trampın açıqladığı məlumatların mənbəyinin İsrail olduğuna dair xəbərlər yayıldı. Bu isə Trampın gələn həftə İsrail rəsmiləri ilə görüşünün naqolay keçməsinə səbəb ola bilər. Bu, Trampın vəzifəsinin icrasına başlayandan bəri ilk xarici səfəri olacaq.
İsrailə səfər yeni adminstrasiyanın imicini dəyişməyə yardım etmək məqsədi daşıyır. Amma indi yeni üzə çıxan bu qalmaqal Trampın səfərini kölgədə qoya bilər.
Bu arada "The Independent" yazır ki, ABŞ Konqresindəki respublikaçılar özlərini Donald Trampın impiçment oluna biləcəyi varianta hazırlamağa başlayıblar.
Son xəbərlərə görə, Tramp FTB-nin keçmiş direktoru Ceyms Komeydən keçmiş milli təhlükəsizlik müşaviri Flynnin Rusiya ilə əlaqələrini araşdıran təhqiqatı dayandırmasını xahiş edib. Bu isə artıq ədalətin qarşısının alınması deməkdir və cinayət əməli hesab olunur.
Respublikaçı konqresmen Justin Amaş "The Hill" qəzetinə deyib ki, əgər Trampın FTB direktoru Komeyə təzyiq göstərməsi xəbəri doğrudursa, impiçment prosesinə başlanmalıdır.
O da bildirilir ki, Tramp öz adamları ilə Rusiya arasındakı əlaqələrə dair təhqiqatın gedişinə təsir göstərmək istəyib.
Hazırda Tramp komandasının Rusiya ilə bağlarına dair araşdırma və Flynn-Moskva əlaqələri ayrı-ayrılıqda araşdırılır.
Flynn ötən fevralda Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla öz arasında olan söhbət barədə vise-prezident Mike Pence və başqa rəsmilərə yanlış məlumat verdiyi bəlli olduqdan sonra istefa vermişdi.
"The Telegraph" qəzeti isə yazır ki, respublikaçı liderlərdən Kevin Kartiy praymerilər zamanı etdiyi şəxsi söhbətlərdən birində "Putinin Trampa ödənişlər etdiyini" deyib.
2016-cı ilin iyun ayına aid səs yazısında Kevin deyib ki, "Putin Trampa pul ödəyir". Bu barədə məlumatı "The Washington Post" qəzeti verib.
Bu səs yazısında o zaman Nümayəndələr Palatasında ən yüksək vəzifəli respublikaçı olan Kevin deyib ki, namizəd Tramp Rusiya prezidenti tərəfindən maliyyələşdirilir.
"Məncə Putinin pul ödədiyi iki adam var: Rohrabacher və Tramp" - deyib Kaliforniyadan respublikaçı konqresmen Kevin. Onun 2016-cı il 15 iyunda dediyi bu sözlər yazılıb və "The Washington Post" həmin səs yazısına qulaq asdığını təsdiqləyir.
Dana Rohrabacher kaliforniyalı respublikaçıdır və Konqresdə Putin və Rusiyanın qızğın təəssübkeşi kimi tanınır.
Respublikaçı spiker Paul Ryan bu söhbəti yazanlardan onu sızdırmamağı xahiş edibmiş.
"The Washington Post" Kevinin adamları ilə əlaqə yaradıb, lakin onlar bu söhbətləri inkar ediblər.
Amma söhbətin lent yazısının olduğunu biləndə, onlar bunun "zarafat" olduğunu deyiblər.