Ağ Ev “dərin dövlət“ vahiməsi keçirir Dünya

Ağ Ev “dərin dövlət“ vahiməsi keçirir

"The İndependent" xatırladır ki, Donald Tramp onun kampaniyası ilə Rusiya arasındakı əlaqələrin araşdırılmasını "Amerika tarixində ən böyük əcinnə ovu" adlandırıb. Lakin Ağ Evdəkilərin bəziləri bundan da betərini düşünürlər: qəsd və ya konspirasiya! Trampın ən etibarlı adamı Steve Bannon da daxil Ağ Evin bir sıra müşavirləri bu nəticəyə gəliblər ki, "dərin dövlət" onların hakimiyyətinə son qoymağı qət edib. Bu barədə Ağ Evdəki mənbə Amerikanın nüfuzlu Politico məcmuəsinə bildirib.
Məqalədə deyilir ki, cənab Trampın FTB direktoru Ceyms Komeyni vəzifəsindən kənarlaşdırmasının ardınca Ağ Evdən bir neçə ziyanlı sızmalar baş verib. Trampın Rusiya rəsmiləri ilə görüşündən dərhal sonra sızan xəbərdə deyilirdi ki, prezident son dərəcə həssas kəşfiyyat informasiyasını rusiyalı qonaqlarla paylaşıb. Bunun ardınca son günlərdə belə xəbərlər yayılıb ki, Trampın kürəkəni Jared Kuşner Rusiya ilə kommunikasiyalar üçün məxfi kanal yaratmağa cəhd edib.
Hökumətin içərisindən bu qədər sızmaların baş verməsi Ağ Ev müşavirlərinin, kiminsə çox yaxınlıqdan onları izlədiyi barədə qənaətə gəlmələrinə səbəb olub. Trampın etibarlı media kimi seçimi olan Fox News telekanalının şərhçiləri bu qənaətin güclənməsinə kömək edirlər. Onlar inanırlar ki, Trampın hakimiyyəti Amerikanın "dərin dövləti" tərəfindən hədəflənib.
"Dərin dövlət" dedikdə dövlətin içərisində hakimiyyətdəkiləri devirməyə çalışan məxfi qüvvə nəzərdə tutulur. Məsələn, telekanalın aparıcısı Sean Hanniti Ağ Evdən ziyanlı sızmaların baş verməsinə görə "Obamadan qalan və bu prezidentin məhv edilməsinə qalxan dərin dövlət hökumət məmurlarını" ittiham edib. "Tramp administrasiyası bu təxribatçıları çox gec olmadan ifşa etməlidir" - deyib aparıcı.
Əvvəllər Bannonun redaktor olduğu sağ təmayüllü Breitbart News internet saytı da "dərin dövlət" nəzəriyyəsini inkişaf etdirməklə məşğuldur. Bu internet portalındakı məqalələrin başlığında tez-tez "Dərin Dövlət" sözlərini görmək olar. Amma belə görünür ki, bu nəzəriyyədən elə Bannonun özü mənfəətlənir. Axios xəbər verir ki, bir vaxtlar kənarda qalmış prezident müşaviri "dərin dövlətə", mediaya, demokratlara və müstəntiqlərə qarşı mübarizə üçün mafiyasayağı "hərbi konsiliyeri" yaradır. Hətta Konqresin keçmiş spikeri Nyut Gingriç də deyib ki, "nəhəng bürokratiya prezidentə hücum məqsədilə bilərəkdən məlumat sızdırır və istədiyini edir".
Axios yazır ki, indi nəhayət Trampın komandası özü üçün dərin dövlət, siyasi rəqiblər və əllərindəki hakimiyyəti sadəcə olaraq vermək istəməyənlərdən ibarət "vahid opponent" formalaşdırıb. "The İndependent" yazır ki, Tramp öz müşavirlərinin "dərin dövlətindən" əvvəl birbaşa opponenti olan media ilə mübarəzəyə diqqət verməlidir. "Mənim fikrimcə, bir çox sızmalar FakeNews mediasının toqquşdurduğu yalanlardan ibarətdir" - yazıb Tvitterdə Tramp. "Nə vaxt ki, saxta xəbərlər mediasında "mənbələr bildirir" sözlərini oxudunuz və heç bir ad tapa bilmədiniz, çox ola bilsin ki, bu mənbələr heç yoxdur və xəbərləri saxtakar xəbər yazanlar özləri düzəldiblər".