Trump Londonun müsəlman merinə sataşır Dünya

Trump Londonun müsəlman merinə sataşır

"The Telegraph" qəzeti yazır ki, Donald Tramp Londonda törədilmiş terror aktını bəhanə edərək şəhərin müsəlman meri Sadiq Xana "ilişmək" qərarına gəlib. Özü də o bunu terror hücumundan cəmi bir neçə saat sonra edib. ABŞ prezidenti Xanı onun "terror həyəcan üçün heç bir əsas vermir" sözlərinə görə qınayıb.
Amma burası da var ki, Tramp London merinin sözügedən cümləsini ümumi mətndən çıxarıb. Mer öz çıxışında London küçələrində bu günlər polis qüvvələrinin daha çox olacağını və bundan həyəcan üçün əsas olmadığını demişdi. Bundan başqa Tramp Londonda baş vermiş son terror hücumundan öz siyasətinə haqq qazandırmaq üçün də fürsətlənib.
O yazıb ki, Londonda baş vermiş hadisə onun 6 müsəlman ölkəsindən ABŞ-a səfərlərə qadağan qoyan sərəncamının düzgün olduğunu göstərib. Bundan başqa Tramp bazar günü təzə tvitlər də yazıb. "Biz siyasi ədəb-ərkan gözləməyi bir tərəfə qoymalıyıq və adamlarımızın təhlükəsizliyi işi ilə məşğul olmalıyıq. 7 nəfər ölüb və 48 nəfər yaralanıb və Londonun meri deyir ki, "həyəcan üçün əsas yoxdur" - yazıb Tramp.
Tramp yazıb ki, camaatın əlində odlu silah olsaydı, bıçaqla hücum edən terrorçuları dəf edərdilər. Amma Britaniya sosial media istifadəçiləri yazırlar ki, Britaniyada da ABŞ-da olduğu kimi odlu silahı əldə etmək asan olsaydı, terrorçular belə silahlardan istifadə edərdilər.
Trampın mesajına gəlincə isə, cənab Xanın sözçüsü ona dərhal cavab verib: "Mer hazırda adamlarla və polislə, təcili yardım xidmətləri və hökumətlə bu dəhşətli və xain hücumun nəticələrini aradan qaldırmaq üçün işləməklə bərk məşğuldur. Onun Donald Trampın məlumatsız və kontekstdən çıxarılmış qeydlərinə cavab verməkdən daha mühüm işləri var".
Donald Trampın bəyanatı Britaniya millət vəkillərini də qəzəbləndirib. David Lammi deyib ki, "bu sözlər dərindən xoşagəlməzdir və heç bir ölkənin başçısına yaraşmır. Bu, terror qurbanlarının xatirəsinə təhqiramiz yanaşmadır". And Ves sual edib, ki, belə demək mümkündürsə, müttəfiq hələ bizə məsləhət də verir. "Onun Londona dövlət səfəri ləğv olunmalıdır",- deyib millət vəkili.
"The Telegraph" yazır ki, Trampın bu qeydləri onunla London meri arasındakı gözügötürməzliyi bir daha qabardıb. Bu qarşılıqlı niftrət 2015-ci ildən başlayır. O vaxt Sadiq Xan Suriyada salamat zonalar barədə Trampın dediklərinə cavab olaraq bildirmişdi ki, ABŞ prezidenti deyəsən söhbətin nədən getdiyini anlamır. 2016-cı ildə isə Xan demişdi ki, Trampın din məsələlərindəki nadanlığı dünya üçün təhlükə yaradır.
Tramp da öz növbəsində London merini "qanmaz" adlandırmışdı. O hədələmişdi ki, belə şeyləri yaddan çıxarmır. Bu ilin yanvar ayında London meri Trampın Britaniyaya dövlət səfərinin ləğv edilməsinə çağırmışdı. Mart ayında London merindən qisasını atasının əvəzində Trampın oğlu almışdı. O, Sadiq Xanın keçmiş çıxışlarından birini eşələyib çıxartmışdı. Bu çıxışda Xan demişdi ki, terror hücumları "böyük şəhərlərin həyatında adi haldır".
Lakin bunun ardınca Xan demişdi ki, polis, ictimaiyyət və icmalar buna hazır olmalıdırlar. Məlum olurdu ki, atası kimi bala Tramp da London merinin sözlərini kontekstdən çıxarıb.