Fransada parlament seçkilərində Makronun partiyası qalib gəlib Dünya

Fransada parlament seçkilərində Makronun partiyası qalib gəlib

Fransa prezidenti Emmanuel Makronun mərkəzçi partiyası parlament seçkilərinin ilk mərhələsində qalib gəlib. Proqnozlar göstərir ki, prezidentin La Republique en Marce (Hərəkətdə olan Respublika) partiyası və Demokratik Hərəkat 577 üzvlük parlamentdə 445 yeri qazana bilər. Seçkilərin yekun nəticəsi bazar günü müəyyənləşəcək.
Makronun partiyası yalnız bir il əvvəl yaradılıb. Partiya namizədlərinin bəzilərinin heç bir siyasi təcrübəsi yoxdur. Bütün bülletenlər hesablandıqdan sonra məlum olub ki, La Republique en Marce (Hərəkətdə olan Respublika) partiyası və Demokratik Hərəkat 32,3 faiz səs qazanıb. Mərkəzçi-sağçı Respublikaçılar cəmi 16 faiz səs qazanıblar. Fransanın əvvəlki hakim partiyası Sosialistlər isə səslərin yalnız 7,4 faizini toplaya biliblər.
İfrat-sağçı Milli Cəbhə partiyası səslərin 13,2 faizini, ifrat solçu "Yenilməz Fransa" partiyası isə 11 faizini toplaya bilib. Amma seçki fəallığı kəskin aşağı olub. 2012-ci ildə keçirilən seçkilərin ilk mərhələsində fəallıq 57,2 faiz olub, lakin bu ilki seçkilərdə bu rəqəm 48,7-dir. Marine Le Pen partiyasının uğursuz nəticə göstərməsinə görə aşağı fəallığı ittiham edib. O deyib ki, "daha böyük partiyalara kömək edən Fransa seçki sistemində islahatlara ehtiyac var".
Almaniya Kansleri Angela Merkel isə cənab Makronu partiyasının "böyük uğuruna görə" təbrik edib. 39 yaşlı Emmanuel Makron ötən ay prezident seçkilərində Milli Cəbhə partiyasının lideri Marine Le Pen-i məğlub edib. O, seçki kampaniyası zamanı vəd etdiyi islahatları həyata keçirmək üçün parlamentdə çoxluğu qazanmalıdır. Makronun bir il əvvəl təsis etdiyi partiyanın namizədləri arasında tələbələr, təqaüdçülər və hətta bir torero (öküz döyüşdürən) da var. Fransada parlament seçkilərinin ilk mərhələsində qalib gəlmək üçün namizədlər səslərin azı 50 faizini toplamalıdır.