Rinat Əhmədov separatizmə qarşı çıxdı Dünya

Rinat Əhmədov separatizmə qarşı çıxdı

"Donetskdəki separatçılar fırıldaqçı və terrorçulardır"

Ukraynanın ən zəngin iş adamı, Donetsk vilayətindəki bir çox sənaye müəssisəsinin sahibi Rinat Əhmədov növbəti bəyanatla çıxış edib.
UNİAN agentliyinin məlumatına görə, R. Əhmədov onun çağırışı ilə mayın 20-də separatçılığa qarşı "Qolos Donbassa" aksiyasına qoşulanlara təşəkkürünü bildirərək yaxın vaxtlarda şərqdəki silahlıların buradan qovulacağını vurğulayıb: "Mən bilirəm ki, aksiyaya daha çox insan çıxmaq istəyib, lakin onları avtomatlar, pulemyotlarla qorxudublar, avtomobilləri dəyənəklərlə əziblər. Bir sözlə, vəhşi metodlarla hərəkət ediblər. Lakin mən əminəm ki, avtomat və pulemyotlarla xalqı yedizdirmək və güclü iqtisadiyyatın, layiqli iş və əməkhaqqının mövcud olduğu dövlət qurmaq mümkün deyil".
R. Əhmədov Donbassın səsinin getdikcə daha gur çıxacağını söyləyib: "Mənə sual verirlər ki, bundan sonra nə olacaq? Mübarizə, mübarizə və yenə də mübarizə! Öz xoşbəxtliyimiz və gələcək uğrunda mübarizə aparmalıyıq. Mən əminəm ki, "Donetsk Xalq Respublikası" insanları aldadır. Onlar fırıldaqçıdır və Donbassı girov götürərək terrorla məşğuldur. Əgər kimsə düşünürsə ki, onlar bizi uğura aparır, bu, səhvdir. Onlar səfalətə, aclığa, soyuğa və iflasa aparır. Onlar öz hərəkətləri ilə Donbassı müdafiə etmir, onu məhv edir".
Xatırladaq ki, mayın 20-də Donetsk vilayətindəki sənaye müəssisələri yerli vaxtla saat 12.00-da fit veriblər və fəhlələr separatçılığa qarşı xəbərdarlıq tətili keçiriblər.