Ukraynada sursat anbarı partladıldı Dünya

Ukraynada sursat anbarı partladıldı

Ukrayna ordusunun silah-sursat anbalarında daha bir partlayış baş verib. Virtualaz.org xəbər verir ki, Vinnitsa vilayətinin Kalinovka şəhəri ətrafında yerləşən nəhəng sursat anbarında bu gecə baş vermiş yanğın və bunun nəticəsində müxtəlif tipli mərmilərin detonasiyası hələ davam edir.
Müdafiə Nazirliyinin bu hərbi hissəsində 188 min ton (10 min şərti vaqon) sursat, o cümlədən "Smerç", "Uraqan" və "Qrad" raketləri saxlanılırdı.
Partlayış nəticəsində hadisə yerindən 50 kilometr radiusda hava məkanı bağlanıb, yaxınlıqda yaşayan 30 minə qədər insan evakuasiya edilib. 14 dəmiryol qatarının hərəkət marşrutu dəyişdirilib. Xəsarət alanlar var.
Baş nazir Vladimir Qroysman bildirib ki, hazırda yanğının səbəbləri ilə bağlı müxəlif versiyalar araşdırılır, lakin belə görünür ki, söhbət xarici amillərdən gedir. "Bunu səlahiyyətli orqanlar şərh edəcək. Hazırda ən başlıcası insanların təhlükəsizliyinin qeydinə qalmaq və hadisənin nəticələrini sürətlə aradan qaldırmaqdır"-baş nazir deyib. Qroysmanın sözlərinə görə, partlayışla bağlı bütün xidmətlər səfərbər olunub.
Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə özünün Facebok səhifəsindən bəyan edib ki, Kalinovka ətrafındakı sursat anbarı partladılıb və bu, Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Pyotr Poroşenkonun ad gününə "ikiüzlü hədiyyəsi"dir. "Putin bununla amerikalılara demək istəyir ki, Ukraynaya silah verməyə dəyməz, bu silahlar onun təhlükəsizliyini təmin etməyəcək. Məsələ bundadır ki, biz niyə ona Ukrayna üçün belə hədiyyələr hazırlamağa imkan veririk"-Saakaşvili bildirib.
Ukrayna silahlı qüvvələrinin Baş qərargahı da sursat anbarında baş vermiş partlayışın diversiya ola biləcəyini bəyan edib. Baş qərargah rəsmisi Boqdan Senik bildirib ki, bu versiya araşdırılır. Onun sözlərinə görə, sursat anbarı qapalı obyektdir və kənar şəxsin ora "elə-belə daxil olması" mümkün deyil.
Bu, Ukrayna ordusunun sursat anbarında son bir ildə törədilmiş üçüncü partlayışdır. May ayında Xarkov vilayətində Ukrayna ordusunun nəhəng sursat anbarı partladılıb və nəticədə silahlı qüvvələr sursat ehtiyatının az qala yarısından məhrum olub. Cəmi iki gün əvvəl Mariupol ətrafında sursat anbarı partlayıb. Və nəhayət Vinnitsa ətrafında törədilmiş bu partlayış Ukrayna ordusunun döyüş qabiliyyətinə sarsıdıcı zərbə vurmuş olacaq.
Xatırladaq ki, bu ilin avqustunda Azərbaycan ordusunun Xızıda yerləşən nəhəng sursat anbarında da yanğın və partlayışlar olub. Nəticədə müxtəlif tipli on minlərlə mərmi partlayıb, yaxud partlamadan ətrafa səpələnib. Bu hadisənin səbəbləri hələ açıqlanmayıb.