Merkel hakimiyyəti itirmək istəmir Dünya

Merkel hakimiyyəti itirmək istəmir

Erkən seçki ola bilər
"The Daily Mail" yazır ki, Almaniya bir seçkini yenicə başa vurub, lakin daha bir erkən seçki keçirmək məcburiyyətində qala bilər. Angela Merkelin mühafizəkar ittifaqının koalisiya yaratmaq istədiyi iki partiya miqrasiya və iqlim dəyişikliyi barədə heç cür razılığa gələ bilmirlər, bu isə onların eyni hökumət koalisiyasına daxil olmasını mümkünsüz edir. Kansler Merkel özünün Xristian Demokrat partiyası ilə Xristian Sosialist İttifaqı, Azad Demokratik Partiya və Yaşıllar arasında razılaşma əldə ediləcəyinə ümid edirdi. Lakin qaçqın böhranı, bərpa olunan enerji növlərindən istifadə və iqtisadiyyat kimi məsələlərdə razılığa gələ bilməyən koalisiyanın bərqərar olmaq şansları sürətlə azalır. 15 saat ərzində aparılan danışıqlar da heç bir fayda verməyib.
"The Mail" yazır ki, əgər partiyalar arasında razılaşma əldə olunmasa, almanları yeni erkən seçki gözləyə bilər, beləki xanım Merkel seçkidə məğlub etdiyi sosial-demokratlarla birlikdə müxalifətə keçmək fikrində olmadığını bildirib. Elə sosial-demokratların lideri Martin Şulz da Merkel-in partiyası ilə hakimiyyət bloku yaradılmasını bir daha istisna edib. Partiyalar arasında ixtilafın əsas mövzusu qaçqınlar və iqlim dəyişikliyi məsələsidir.
Yalnız Bavariyanı təmsil edən Xristian Sosialist İttifaqı ölkəyə qaçqın qəbul edilməsinə limit qoyulmasını istəyir, halbuki yaşıllar qaçqınların qohumlarına da ölkəyə gəlmək icazəsinin verilməsi üçün mübarizə aparır. Yaşıllar Partiyası habelə kömürdən və daxiliyanma mühərriklərindən istifadəyə 2030-cu ilədək son qoyulmasına çalışır. Azad Demokratlar Partiyası isə kömür və daxiliyanma yanacaqlarından istifadəyə son qoyulmasının ölkənin iş yerləri üçün yaradacağı təhlükədən narahatdır. Dörd partiya razılığa gəlinməsi üçün Merkelin qoyduğu möhlət müddətini artıq bir neçə gün də keçib. Dördpartiyalı hökumət Almaniyanın tarixində ən çoxpartiyalı koalsiya olmalı idi.
Yaşılların koalisiya danışıqlarına qoşulması üçün icazəni partiyanın bu ayın axırında keçiriləcək qurultayı verməlidir. Sorğular, əgər erkən seçkilər günü bu gün keçirilsə, indikinə bənzər vəziyyətin yaranacağını göstərir. ADP lideri Kristian Lindner bildirib ki, Kansler Angela Merkelin mühafizəkar Demokratik Xristian Birliyi/Sosial Xristian Birliyi bloku və Yaşıllara "etimadın əsası" yoxdur.
Bundan sonra nə olacağı, hələlik məlum deyil, amma xanım Merkel növbədənkənar seçkilər elan etmək hüququ olan prezident Frank-Walter Steinmeier ilə görüşəcək. Onun bloku sentyabrda seçkiləri qazanıb, lakin bir çox seçicilər əsas partiyaları tərk edib. İlk dəfə parlament yerləri qazandıqdan sonra sağ millətçi Almaniya üçün Alternativ partiyası ölkəyə "əcnəbilərin müdaxiləsi" ilə mübarizə vəd edib. Xanım Merkel danışıqların dayandırılmasından təəssüfləndiyini və bazar ertəsi Almaniya prezidenti ilə görüşəcəyini bildirib.
Erkən seçkilərdən başqa xanım Merkel Yaşıllar partiyası ilə azlıq hökuməti formalaşdıra bilər. Yaşıllar partiyası hələ ki, şərh verməyib. Almaniyanın gündəlik Frankfurter Allgemeine Zeitung qəzeti baş verənləri xanım Merkel-in 12 ilik hakimiyyəti boyunca "ən pis böhran" adlandırıb. Danışıqlarda iştirak edən tərəflər vergi, sığınacaq və ekoloji siyasət kimi mövzularda dərin fikir ayrılıqlarına sahibdirlər. Ən acı arqumentlər suriyalı qaçqınların ailələrini də gətirmək imkanına sahib olub-olmamaları ilə bağlıdır, BBC-nin əməkdaşı Cenni Hill deyir. Parlamentdə ikinci böyük partiya olan Sosial Demokratlar, xanım Merkel-in koalisiya hökumətinə qayıtmağı istisna edib.