ABŞ xəbər verməsəydi, Rusiya qan gölünə dönəcəkdi Dünya

ABŞ xəbər verməsəydi, Rusiya qan gölünə dönəcəkdi

Rusiya hüquq-mühafizə orqanlarının Dağıstanda keçirdikləri antiterror əməliyyatı və Sankt-Peterburqda 5 nəfərin həbs edilməsi göstərir ki, Suriyada məğlub edilmiş, pərən-pərən salınmış Rusiya vətəndaşı olan İŞİD-çilər yavaş-yavaş geri qayıdırlar.
Bunu açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O, qeyd edib ki, İŞİD-in səhra komandirlərinin böyük bir qismi çeçen, yaxud Dağıstan əsilli şəxslər olublar:
"Həmin səhra komandirlərinin başçılıq etdiyi qruplardakı döyüşçülərin böyük hissəsi Şimali Qafqaz ölkələrindəndir. Onların heç də hamısı sıradan çıxarılmayıb. Rusiya Suriyada qalib gəldiyini və bu səbəbdən qoşunlarını geri çəkmək məcburiyyəti qarşısında qaldığını desə də, bunlar daha çox təbliğati xarakter daşıyır. Əvvəla, İŞİD-çilərin böyük hissəsi Suriya və İraq ərazisinə səpələnib və orada yenidən təşkilatlanma prosesi keçirlər. Bir qismi isə Şimali Qafqaza qayıdıb. Mərkəzi Asiyaya qayıdanlar da var. Amma qayıdanlar arasında Şimali Qafqaz əsilli İŞİD-çilər üstünlük təşkil edirlər. Onlar pərakəndə salınsalar da, yenə də vahid konmandanlıq tərəfindən idarə edilirlər. Onlara döyüş tapşırıqları verilir. Bu döyüş tapşırıqlaır indiki halda bir qayda olaraq terror əməliyyatları şəklində özünü büruzə verir. Yəni, onlara konkret ölkələrdə terror əməliyyatlarının hazırlanması və həyata keçirilməsi təlimatı verilir".
Q.Hüseynli bildirib ki, hədəfdə olan ölkələri arasında ilk yerdə heç şübhəsiz, Rusiya dayanır:
"Çeçen, avar, ləzgi əsilli Rusiya vətəndaşları bu teraktlarda çox fəal iştirak edirlər. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi xəbər verməsəydi, Sankt-Peterburqda böyük terror aktı baş verəcək, şəhər qan gölünə çevriləcəkdi. Hətta, terror aktının bütün hazırlıqları başa çatıbmış. Bu nöqteyi-nəzərdən demək olar ki, İŞİD-çilər Rusiyanın Suriyadakı fəal əməliyyatlarının, xüsusilə aviasiyanın fəallığının əvəzini çıxmaq üçün Moskvanı ciddi surətdə hədəfə götürüblər".
Politoloq qeyd edib ki, Dağıstanda keçirilən əməliyyatlar ciddi məlumatlara əsaslanmırdı:
"Qabaqcadan bəlli qruplara, bəlli dəstələrə qarşı aparılan əməliyyata daha çox bənzəyirdi. Amma MKİ-nin məlumatı əsasında Sankt-Peterburqda aparılan əməliyyat fanatik İŞİD-çiləri aşkara çıxarmışdı. Bu proseslər hələ sona çatmayıb. Qarşıda Rusiyanı yeni terror təhdidləri gözləyir. Ona görə də Rusiyanın hüquq-mühafizə, kəşfiyyat orqanları daha böyük zəhmət çəkməli, daha ciddi surətdə çalışıb terror təşkilatçılarını zərərsizləşdirməli olacaqlar".