“ABŞ-ın göndərdiyi silah-sursat PKK/PYD-nin silah arsenalının böyük hissəsini təşkil edir” Dünya

“ABŞ-ın göndərdiyi silah-sursat PKK/PYD-nin silah arsenalının böyük hissəsini təşkil edir”

Abdullah Ağar: "Terrorçular silah-sursat təchizatında ən azı 7 metoddan istifadə ediblər"

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-də Afrində başladığı əməliyyat davam edir. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, məhv edilən terrorçuların sayı 100-ə çatıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində "Zeytun budağı" hərəkatı çərçivəsində Burseya dağının ətəyindəki Sakarya yüksəkliyini azad edib. Yüksəklik uzun sürən döyüşlərdən sonra terrorçulardan təmizlənib. Döyüşlər zamanı 4 ASO döyüşçüsü həlak olub, xeyli suriyalı müxalif yaralanıb.
Prosesin bu cür gedişi təbii ki, PYD və YPG terror təşkilatlarının əsil sahiblərini narahat etməyə bilməz. Bu səbəbdən diplomatik gərginlikər də müşahidə olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla yanvarın 25-də baş tutan qalmaqallı telefon danışığı ilə bağlı açıqlama verib. O, telefon danışığı zamanı ABŞ tərəfini türk ordusunun Menbiçə girəcəyi ilə bağlı xəbərdar etdiyini deyib.
Tramp və Ərdoğan arasında dialoq belə baş tutub:
Ərdoğan: - Menbiçə girəcəyik.
Tramp: - Bizim orada əsgərlərimiz var.
Ərdoğan: - Əsgərlərinizi təhlükəsiz bölgəyə apararsız.
Qeyd edək ki, telefon danışığından sonra Ağ Evin yaydığı bəyanat Ankaranın etirazına səbəb olmuşdu.
NATO və Avropa Birliyinin qurucu üzvləri arasında olan Belçikanın isə YPG terror təşkilatına gizli dəstək verdiyi aydınlaşıb. Belçika kəşfiyyatı mütəxəssislərinin Brüsseldə YPG terrorçuları ilə görüşdüyü və onlara təlim keçdiyi bildirilib. Bununla bağlı Belçikada həftəlik yayımlanan "Knak" dərgisi məlumat verib. Nəşrin məlumatına görə, Belçika 2016-cı ildə YPG terrorçularına Şimali İraqda tibbi yardım göndərib, daha sonra isə təlim keçib. Belçika kəşfiyyatının 8 yüksək rütbəlisi YPG ilə əməkdaşlıqdan narahatlığını ifadə edərək, istefa verdiklərini açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, biz Münbiçə torpaqları əsl sahiblərinə təhvil vermək üçün gələcəyik: "Biz Amerikaya terror təşkilatlarına dəstək verməyin dedik . İndi Afrin əməliyyatında, həmd olsun, zərərsizləşdirilən terrorçuların sayı 1000-ə çatır. Şəhidlərimiz də var. Amma bizim şəhidlərimizin bir də inancı var. İşimizi diqqətli yerinə yetiririk. Afrindəki bu əməliyyatlar qərarlı bir şəkildə davam edəcək. İdlibə kimi davam edəcək. "Nə zaman bitirəcəksiniz?" sualını verənlərə deyirəm ki, siz Əfqanıstandakı, İraqdakı hərbi əməliyyatları nə vaxt bitirəcəksiniz? 18 il tamam oldu, hələ də oralardasınız. Bizim 911 kilometr sərhədimiz var. Terrorçularla döyüşdə 100-dən çox şəhid verdik. Bunu eşidirmi Amerika? Görürmü? Bizə çox şey danışdılar, amma düzünü demədilər. Cənab Obama da düz danışmadı, Tramp da eyni yolla gedir. "Münbiçdən çıxacağıq" dedilər. Çıxın da. Kimləri gətirdiniz ora? PYD-ni, ,YPG-ni, PKK-nı. Yerləşdirirsiniz, hələ üstəlik "Münbiçə gəlməyin" deyirsiniz. Biz Münbiçə torpaqları əsl sahibinə qaytarmaq üçün gələcəyik. Bu bölgədə bir şey ediləcəksə, gəlin NATO-da bir yerdə olduğunuz Türkiyə ilə birgə edin".
Qeyd edək ki, ABŞ Müdafiə naziri Ceyms Mattis jurnalistlərin suallarını cavablandırarkən, Türkiyə Silahlı Qüvvələrinin Münbiç əməliyyatına başlayıb-başlamayacağına aid suallardan yayınmışdı.
Onu da əlavə edək ki, ABŞ Suriyadakı PYD/PKK terror təşkilatına İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə silah-sursat yardımı göstərməkdə davam edir. Vaşinqton Afrininin İŞİD-ə qarşı mübarizə üzrə koalisiyanın təsir dairəsinə daxil olmadığını bildirsə də, son olaraq ABŞ ordusuna aid zirehli texnikalardan ibarət konvoy Şimali İraq kürd muxtariyyətinin nəzarətində olan Fişhaburdan Qamışlıya keçib. İddiaya görə, konvoy Afrində Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı mübarizədə istifadə olunacaq. Lakin ABŞ PYD/PKK terrorçularının yeganə silah-sursat təchizatçısı deyil.
Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar PYD/PKK-nın silah arsenalının necə yarandığını yazıb.
"ABŞ-ın 5 mindən yuxarı TIR, eyni zamanda, minlərlə təyyarə və vertolyotla göndərdiyi silah-sursat PKK/PYD-nin silah arsenalının böyük hissəsini təşkil edir, amma bu, hamısı deyil", - o bildirib.
Mütəxəssisin sözlərinə görə, terrorçular silah-sursat təchizatında ən azı 7 metoddan istifadə ediblər:
1. Beynəlxalq açıq və qapalı silah bazarları.
2. Yerli silah bazarları (Məsələn, Kərkükdəki silah bazarından zirehli avtomobil belə almaq mümkündür).
3. Terror təşkilatları arasında əməkdaşlıq nəticəsində alınan silahlar.
4. Münaqişə bölgələrində digər terror təşkilatlarından əldə edilən hərbi qənimətlər.
5. Qeyri-sabitlik səbəbiylə, başda İraq və Suriya ordusuna məxsus anbarlarından qarət edilən silahlar.
6. PYD/PKK-nın regional, ya da yerli oyunçularla əməkdaşlığı nəticəsində əldə etdiyi silahlar (Məsələn, Almaniya 2014-15-ci illərdə 50 ədəd MİLAN tank əleyhinə raket kompleksi, 500 raket və onlardan istifadə olunması barədə təlim vermişdi. Daha sonra bunların yarısı PYD/PKK-ya satıldı).
7. Beynəlxalq oyunçular tərəfindən verilən silah və sursat".

Əli