“Afrində PKK-nın sonunun çatdığı aydındır” Dünya

“Afrində PKK-nın sonunun çatdığı aydındır”

Taha Dağlı: "Rusiya PKK-dan sonra Afrində Türkiyə ilə böhran yaşamaq istəmir"


Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrində "Zeytun budağı" hərəkatını davam etdirir. Əməliyyatların 33-cü günündə 49 terrorçu məhv edilib. Bununla da əməliyyatlar başlandığı gündən bu yana öldürülən terrorçuların sayı 1829-a çatıb.
Afrində isə PYD terror qruplaşmasının Türkiyə sərhədi ilə bağlantısı qopmaq üzrədir. Türkiyə ordusunun Afrin istiqamətində irəliləməsi nəticəsində Kilislə sərhəddə yerləşən ərazi terrorçulardan tamamilə təmizlənib.
Məlumata görə, uğurla davam etdirilən Afrin əməliyyatı nəticəsində PYD-nin nəzarətində Türkiyə ilə sərhəddə yalnız Hatay və Qaziantep istiqamətində 10 kilometrlik bir sərhəd xətti qalıb. Türkiyə Silahlı Qüvvələri və ASO bu bölgələrdə nəzarəti ələ keçirdikdən sonra terror qruplaşmasının Türkiyə sərhədi ilə əlaqəsi tamamilə kəsiləcək.
PYD terror qruplaşması Hələbin mərkəzində nəzarət etdiyi mövqeləri isə Bəşər Əsəd rejiminə təhvil verib.
Bu addımın PYD-YPG-Əsəd ittifaqının Afrinlə bağlı razılığı əsasında atıldığı iddia edilib.
Məlumata görə, Hələbdə nəzarəti Əsəd rejiminə təhvil verən PYD terrorçuları Afrin istiqamətində yola düşüb.
Qeyd edək ki, YPG-PYD terror qruplaşmalarının Afrinlə bağlı Əsəd rejimi ilə razılıq əldə etdiyi, bu razılıq əsasında Suriya ordusunun Afrinə daxil olacağı bildirilmişdi.
Rusiyalı ideoloq Aleksandr Duqin "Aydınlıq" qəzetinə açıqlamasında söyləyib ki, Suriya ordusunun Afrinə girməsinin hansı nəticələr verəcəyi Türkiyədən asılıdır. "Bu məsələni diqqətli şəkildə dəyərləndirməliyik. Bununla bağlı yaxın zamanlarda Putinlə Ərdoğan müzakirə aparmalıdır. Fikrimcə, Putin Əsədlə əlaqələrin qurulması istiqamətindəki təkilifini yeniləyəcək. Kürdlər bu məsələdə daha ağıllı davranırlar. Ona görə ki, Türkiyənin qarşısında dayana bilməyəcəklərini anlayırlar. Bunun üçün də Əsədin yanına keçirlər. Amerikalılardan başqa hər kəsin bu tərəfdə olması gərəkdiyini düşünürəm. Eyni tərəfdə olsaq, bu məsələni həll edə bilərik. Əgər bunu etməsək, ABŞ imperializminin silahına çevriləcəyik.
Hazırda Suriyada Rusiya, İran və Əsəd bir tərəfdə, Amerika və Səudiyyə Ərəbistanı başqa bir tərəfdə yer alır. Qətər və Türkiyə öz geosiyasi maraqlarını qorumaq üçün ABŞ koalisiyasından ayrılıblar və dolayısı yolla Rusiyanın müttəfiqlərinə doğru yönəliblər. Onların hansı tərəfdə yer alması Əsədlə bağlı verdikləri qərardan asılı olacaq. Əgər Ərdoğan Əsəd ilə görüşməsə, o zaman kürdlərin həm ABŞ-ın Suriyada qalmasını istəyib, həm də Əsədin yanında yer alacaqlarını görəcəyik. ABŞ Əsədi devirə bilməyəcəyini anlayanda oyunun qaydalarını dəyişdirməyə çalışacaq. Ərdoğan Əsədlə görüşməməklə zaman itirir", – deyə o bildirib.
"Hebertürk" isə yazır ki, Əsəd qüvvələrinin Afrinə girməsindən sonra Türkiyə ordusuna "vur" əmri verilib. Qəzetin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinə göndərilən əmrdə "hərəkət edən istənilən hərbi hədəf dərhal vurulsun" yazılıb.
Bəşər Əsədə bağlı qüvvələrin PYD/YPG ilə razılığa gəlməsi və hökumətə bağlı yeni birliyin Afrinə çatması haqda yayılan xəbərlərdən sonra Türkiyə "Zeytun budağı" əməliyyatında sürəti artırıb. Hədəfdə Afrinin qısa müddət ərzində mühasirəyə alınması var.
Qeyd edək ki, Əsəd ordusu Afrinin mərkəzinə daxil olmağa çalışsa da, Türkiyə ordusunun xəbərdarlıq atəşindən sonra geri çəkilmişdi.
Türkiyəli jurnalist Taha Dağlı Afrində baş verən son hadisələri şərh edərkən deyib ki, Suriya Prezidenti Bəşər Əsəd rejimin YPG terrorçuları ilə Afrin məsələsində razılığa gəlməsi ilə bağlı bir neçə gündür informasiyalar yayılmaqdadır. Onun sözlərinə görə, Əsədin bu həmlələrində əsas məqsəd "Zeytun budağı" hərəkatının qarşısını almaqdır: "Əsəd və onu idarə edən Rusiya və İranın Türkiyənin "Zeytun budağı" hərəkatına baxış bucaqları fərqlidir. Rusiya bu əməliyyatlara əngəl törətmədi. İran isə narahatlığını ilk mərhələdə ifadə etdi. Ancaq hər iki tərəf Əsədə bağlı qüvvələri Afrinə göndərməklə "Zeytun budağı" hərəkatını dayandıra bilməyəcəklərinin fərqindədirlər. Türkiyə bu cür qruplara görə geri çəkilməyəcəyini ilk cəhddə göstərdi. Dünən Afrinə girməyə çalışan Əsəd qüvvələrindən ibarət qrup məhv edildi".
O bildirib ki, rusların Dəməşqlə dialoq çağırışı Afrinə milis qüvvələri göndərməklə əlaqəlidir:
"Rejimə sadiq milislərin Afrinə girməyə çalışdığı gün Rusiya Ankaranı sərhəd təhlükəsizliyi üçün Dəməşqlə dialoq qurmağa çağırıb. Afrində PKK-nın sonunun çatdığı aydındır. Rusiya PKK-dan sonra Afrində Türkiyə ilə böhran yaşamaq istəmir. Çünki ortada İdlib məsələsi var. Bu məsələdən çıxış yolu isə Ankara ilə Dəməşqi yaxınlaşdırmaqdır. Əsas məqsəd isə terrorçulardan azad edilən bölgələri Əsədin nəzarətinə verməkdir".
Tahanın sözlərinə görə, Afrində suriyalı müxaliflərin olması Rusiya üçün arzuolunmazdır:
"Zeytun budağı" hərəkatına qədər Rusiyanın Afrində hərbi varlığı mövcud idi. Əməliyyat başlandığı gündən Rusiya əsgərlərini Afrindən geri çəkdi. PKK buna sərt reaksiya göstərdi. Ancaq Rusiya Azad Suriya Ordusunun da Afrində varlığından çox narahatdır. Moskvanın fikrincə, Afrini ancaq Dəməşq rejimi idarə etməlidir".
Türkiyəli jurnalist Rusiyanın ötən ilin iyulunda PKK-ya xəbərdarlıq etdiyini də deyib:
"Afrin əməliyyatından bir neçə ay əvvəl Rusiya PKK/PYD silahlılarına xəbərdarlıq etmişdi. Moskva bildirmişdi ki, Türkiyə bu bölgəyə əməliyyat təşkil edəcək və Rusiya buna səssiz qalacaq. Bundan sonra Rusiya PKK-dan Afrindən geri çəkilməyi və nəzarəti rejim qüvvələrinə verməyi istəmişdi. İyulda edilən xəbərdarlığa terror təşkilatı "yox" cavabı vermişdi.
Türkiyə Afrində əməliyyatlarını uğurla davam etdirir. PKK bir neçə gün öncə Əsəd ilə azılığa gəlib və Türkiyəni bölgədən çıxarmaq istəsə də, buna nail olmadı. Əgər PKK bölgədən çəkilsə və Əsəd rejimi nəzarəti ələ alsa, Türkiyə bu vəziyyətdə Suriyadan zəmanət istəyəcək. Bu isə uzun müddət tələb edir. Afrinin Əsəd rejiminin nəzarətində olmasına zəmanət verilsə, Türkiyə Suriya torpaqlarından geri çəkiləcək".
Politoloq Qabil Hüseynli deyib ki, Əsəd Afrində Türkiyə ilə mübarizə apara biləcək hərbi potensialda deyil, bu oyunun baş rejissoru böyük ehtimalla, Rusiya və ya Rusiyanın müəyyən dairələri, yəni rus generalları idi. Politoloq Əsədə bağlı azsaylı Suriya qüvvələrinin bir neçə artilleriya zərbəsi fonunda Afrindən geri çəkilməsinin Rusiyanın razılığı ilə baş tutduğunu bildirib: "Bildiyiniz kimi, Astana formatı çəriçivəsində Moskva və Ankara Suriya və Türkiyə qoşunlarının bir-birilə müharibə apara bilməyəcəyinə dair razılaşıb. Hesab edirəm ki, Ərdoğanla Putin arasında baş tutan telefon söhbətində əldə edilmiş bu razılıq yada salınıb. Hətta Putinin Türkiyədən əməliyyatları daha qısa müddətdə başa çatdırmağı xahiş etdiyini də istisna etmirəm".
Politoloq Türkiyə qoşunlarının Suriyada manevr imkanlarının daha da artdığını düşünür: "Hazırda Afrin uğrunda ağır döyüşlər gedir. Bu döyüşlərdə həlledici məqam yetişə bilər. Türk qoşunları Afrinin mərkəzinə doğru irəliləyir, mülki əhalinin çoxu artıq şəhəri tərk edib, yerdə qalanlar sadəcə terrorçulardır. Putin Türkiyənin incik sala biləcək hərəkətlərə yol vermək fikrində deyil. Moskva üçün Türkiyənin hərəkətləri əhəmiyyətlidir. Çünki burada bir antiamerika elementləri var və bu, Moskvaya sərf edir. Ona görə də Rusiya Türkiyənin Afrində hərbi əmliyyatlar aparmasına normal baxır".
Q.Hüseynlinin fikrincə, Türkiyə Afrin hərəkatını yaxın bir neçə gündə başa çatdıracaq və bu bölgəni terrorçulardan tamamilə azad edəcək:
"Hazırda Türkiyənin bölgədə irəliləməsi üçün heç bir ciddi hərbi və siyasi maneə yoxdur. Türkiyə qoşunları sərbəst surətdə Afrin əməliyyatlarını başa çatdıracaq, daha sonra isə ərazisindəki qaçqınların Suriyaya köçürülməsi prosesinə start verəcək və bununla da bütün dünyaya Suriya torpaqlarında gözü olmadığını sübut edəcək".
Qeyd edək ki, ötən gün Bəşər Əsədə sadiq qüvvələr Suriyanın Afrin şəhərinə daxil olsa da, Türkiyə ordusunun artilleriya zərbəsindən sonra geri çəkilmişdi.

Əli