Qaşıqçının arxasınca gələn Səudiyyə casusları Dünya

Qaşıqçının arxasınca gələn Səudiyyə casusları

Səudiyyəli jurnalist Camal Qaşıqçının müəmmalı şəkildə Baş Konsulluq binasından yoxa çıxması ilə bağlı yeni görüntülər yayılıb.
Türkiyə mətbuatı Qaşıqçının yoxa çıxdığı zaman Türkiyəyə gələn 15 nəfərlik sui-qəsd qrupunun təhlükəsizlik kameralarına düşən görüntülərini əldə edib.
Görüntülərdə 15 nəfərlik dəstə üzvləri iki ayrı təyyarə ilə Türkiyəyə gələrək, ayrı-ayrı qruplar halında hava limanında qeydiyyatdan keçib. Daha sonra həmin şəxslər İstanbuldakı müxtəlif otellərə yollanıblar. Camal Qaşıqçının Baş Konsulluq binasına daxil olmasından bir qədər sonra isə sözügedən dəstə üzvlərinin içərisində olduğu maşınlar da Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliyinə gəlib. Binanın girişindən yeraltı dayanacağa daxil olan maşınlar təxminən 2 saat sonra binanı tərk edib.
Türk ekspertlər Camal Qaşıqçının binadan ayrılan maşınlardan birində olması ehtimalını istisna etməyib. Ekspertlərin fikrincə, Camal Qaşıqçının qaçırılması üçün ölkəyə gələn dəstənin türk hüquq-mühafizə orqanlarının məsələdən xəbər tutmasından sonra planları dəyişib, qaçırılma əməliyyatı sui-qəsdə çevrilib.
Səudiyyədən gələn 15 nəfərlik dəstə elə həmin gün kiçik qruplar halında Türkiyəni tərk edib. Türkiyə polisinin onların hərəkət etdiyi marşrut üzərində yeni məzar olub-olmadığını araşdırdığı da qeyd olunur.
"Nyu York Tayms" nəşri kimliyi açıqlanmayan türk rəsmilərə istinadla informasiya yayıb ki, kral ailəsinin qərarı ilə Qaşıqçı İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülüb.
Mənbə Qaşıqçının sui-qəsdinin sürətli və qarışıq bir əməliyyat şəklində tamamlandığını, jurnalistin iki saat ərzində öldürüldüyünü bildirib. Onun sözlərinə görə, Səudiyyədən gələn sui-qəsd qrupu sadəcə bu cinayət üçün gətirdiyi mişarla Qaşıqçını öldürərək parçalara ayırıb.
Qeyd edək ki, Qaşıqçının Türkiyəyə gəldiyi gün sui-qəsd qrupunda olduqları iddia edilən 15 Səudiyyə vətəndaşı da çarter reysi ilə Türkiyəyə gəlib. Bu şəxslər hadisədən bir neçə saat sonra Türkiyəni tərk ediblər. İddia edilir ki, həmin şəxslər Qaşıqçının nəşinin parçalarını diqqət çəkmədən konsulluq binasından çıxarıblar.