FİFA yenidən Azərbaycana etimad göstərib İdman

FİFA yenidən Azərbaycana etimad göstərib

Tarixdə ilk dəfə Azərbaycanın FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməsi, ölkəmizin beynəlxalq idman arenasında yüksək nüfuzunun növbəti əyani təsdiqidir.

Bunu xalqcebhesi.az-a BJJ ( Ciu-Citsu) Azərbaycanın Prezidenti Aqil Acalov 15 yaşadək (U-15) oğlanlar arasında futbol üzrə ilk FIFA Dünya Çempionatı və Festivalının (FIFA U-15 World Cup and Festival) Bakıda keçirilməsinə mübasibətində deyib.

O, qeyd edib ki, FIFA-ya üzv 189 ölkədən 3 mindən çox futbolçunun və rəsmi şəxsin qatıldığı, minə yaxın oyunun keçiriləcəyi bu nəhəng turnir Azərbaycanın mötəbər qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını bir daha dünyaya nümayiş etdirir:

"Ölkəmiz idman sahəsində böyük uğurlara imza atıb, bir sıra beynəlxalq idman yarışlarının Bakıda keçirilməsi ölkəmizə olan inam və etibarın göstəricisidir.

Bu mötəbər turnir də ölkəmizin beynəlxalq nüfuzunu təsdiqləyən əsas göstəricilərdən biridir, FIFA-nın yüksək etimadıdır. Dünya futbolunun ali qurumu olan FIFA-nın tarixdə ilk dəfə təşkil olunan gənclər mundialını məhz Azərbaycana həvalə etməsi dövlətimizin idman siyasətinə qlobal səviyyədə verilən böyük dəyərdir. FIFA prezidenti Canni İnfantinonun şəxsən Bakıya gələrək açılışda iştirak etməsi və ölkəmizdə yaradılan şəraiti yüksək qiymətləndirməsi bu etimadın bariz nümunəsidir".

A Acalov onu da vurğulayıb ki, Prezident İlham Əliyevin “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı”na uyğun olaraq, turnir yüksək səviyyədə keçirilir: "Azərbaycanın mövcud müasir idman infrastrukturu, müasır futbol stadionları belə irimiqyaslı tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün imkan yaradır. Bu baxımdan, ölkəmizin ilk FIFA U-15 dünya çempionatı və festivalına ev sahibi seçilməsi təsadüfi deyil. Bu qurumun ölkəmizə olan diqqət, etibar və etimadın göstəricisidir".

Xatırladaq ki, çempionat 24–30 oktyabr 2026-cı il tarixlərində baş tutan bu mötəbər turnir futbol tarixində ilk dəfə təşkil olunur.

Cavid