Putin Avropa ölkələrini hədələdi Dünya

Putin Avropa ölkələrini hədələdi

"ABŞ raketləri hara yerləşdirilsə, ora hədəfimizə çevriləcək"

Rusiya prezidenti Vladimir Putin deyib ki, əgər Birləşmiş Ştatlar Avropada ortamənzilli raketləri yerləşdirsə, onda Moskva bu raketlərin olduğu ölkələri hədəfləməli olacaq.
Azadlıq radiosunun verdiyi xəbərə görə, Putin bu bəyanatı oktyabrın 24-də, prezident Donald Tramp ABŞ-ın ortamənzilli raketlərə dair 1987-ci il müqaviləsindən çıxmaq niyyətini açıqlayandan sonra verib. Vaşinqton Rusiyanı bu müqavilənin şərtlərini pozmaqda ittiham edir.
İngiliscə qısaldılmış adı INF olan bu müqavilə Birləşmiş Ştatlara və Rusiyaya yerdən atılan ballistik və qitələrarası raketlərin istehsalını və yerləşdirilməsini qadağan edir. Bu raketlərin uçuş məsafəsi 500 kilometrlə 5500 kilometr arasında dəyişir. INF imzalandıqdan sonra ABŞ və SSRİ, əksəriyyəti Avropada olmaqla 2700 raketi ləğv etmişdilər.
Tramp və Ağ Evin oktyabrın 22-23-də Moskvada Putin və başqa Rusiya rəsmiləri ilə görüşmüş milli təhlükəsizlik müşaviri Con Bolton, habelə NATO müttəfiqləri Rusiyanın yerləşdirdiyi raketin bu müqaviləni pozmasından narahatlıq ifadə ediblər. Putin ümid etdiyini bildirib ki, ABŞ müqavilədən çıxdığı təqdirdə Avropada ortamənzilli raketləri yerləşdirməyəcək:
"Əgər bunlar Avropada yerləşdirilsə, biz təbii ki, müəyyən cavab verəcəyik".
Putin İtaliyanın baş naziri Giuseppe Conte ilə görüşündən sonra keçirilən mətbuat konfransında daha sonra deyib:
"Buna razı olan Avropa ölkələri anlamalıdırlar ki, onlar öz ərazilərini mümkün cavab zərbəsi təhlükəsi qarşısında qoyurlar. Bunlar aşkar məsələlərdir. Mən başa düşə bilmirəm ki, biz Avropanı niyə belə bir ciddi təhlükə qarşısında qoymalıyıq. Mən buna bir səbəb görmürəm. Mən təkrar etmək istəyirəm ki, bu, bizim seçimimiz deyil. Biz bunu istəmirik".
NATO-nun baş katibi Jens Stoltenberg oktyabrın 24-də deyib ki, o, hərbi alyans üzvlərinin, Vaşinqton və Moskva arasında ortamənzilli raketlərə dair müqavilənin pozulmasına dair iddialara cavab olaraq öz ərazilərində yeni nüvə silahlarını yerləşdirəcəklərini zənn etmir:
"Biz əlbəttə bunun NATO müttəfiqlərini, Rusiyanın yeni raketlərindən təhlükəsizliyimizi və Rusiyanın davranışınınecə təsirləndirə biləcəyini qiymətləndirəcəyik. Lakin mən düşünmürəm ki, NATO müttəfiqləri Rusiyanın yeni raketinə cavab olaraq öz ərazilərində daha çox nüvə silahı yerləşdirəcəklər".
Putin Rusiyanın INF müqaviləsini pozması barədə Trump-ın iddialarını rədd edib və ümid etdiyini bildirib ki, o bu məsələni Trump-la hər ikisinin iştirak etdiyi Paris yadetmə mərasimində müzakirə edəcək. Orada noyabrın 11-də Birinci Dünya Müharibəsinin başa çatmasının 100-cü ildönümü qeyd olunacaq.
Putin deyib: "Biz amerikalı partnyorlarımızla heç bir qaraqışqırıq olmadan işləməyə hazırıq. Ən əsası bundan sonra qəbul olunacaq qərarlardır".