Avrasiya İqtisadi İttifaqının qapısını döyən İranın məqsədi nədir? Dünya

Avrasiya İqtisadi İttifaqının qapısını döyən İranın məqsədi nədir?

Tehranın geoiqtisadi planında Azərbaycanın xüsusi yeri var
Bu ayın əvvəlində regional təşkilatın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sammitində İranla Avrasiya İqtisadi İttifaqı (AİB) arasında azad ticarət haqqında müvəqqəti razılaşma təsdiqlənib. İranda müvafiq qanuni prosedurlar tamamlandıqdan sonra müqavilənin 2019-cu ilin əvvəlindən etibarən qüvvəyə minməsi gözlənilir.
"Strateq" "Əl-Monitor"a istinadən yazır ki, İranın xarici tərəfdaşlarla sərbəst ticarət üzrə ən böyük müqaviləsi kimi, həmin sənəd İran və Aİİ-yə üzvü olan ölkələr arasında tam miqyaslı azad ticarət zonası yaradılmasına yönəldilib. Müqavilə çərçivəsində iki tərəfin ticarətdə ixrac-idxal rüsumlarının azaldılması və ya aradan qaldırılması nəzərdə tutulur. Bununla yanaşı, bir il ərzində müvəqqəti müqaviləyə əsasən, tam üzvlük və sazişin davam etdirilməsi barədə danışıqlar başlayacaq və 2020-ci ilə qədər yekunlaşdırılacaq. Bu müddət ərzində uğursuzluq halında, iki tərəf sazişin davamı və ya dayandırılmasına dair qərar qəbul edəcək.
Aİİ-nin ümumi daxili istehsalının 84%-ini təşkil edən Rusiya məlum orqanın aparıcı üzvüdür. İran son illərdə Rusiyanın geosiyasi tərəfdaşına çevrilib və indi də geoiqtisadi tərəfdaş olmağa çalışır. ABŞ "Joint Action Plan" adlı Birgə Tərəfdaşlıq Planından (JCPOA) çıxandan İrana qarşı tətbiq etdiyi sanksiyaların yenidən icrası ilə, Tehran Moskva ilə işini genişləndirməyə çalışır və iqtisadi diplomatiyasında bunun prioritet olduğunu vurğulayır. Bu məqsədlə İran həm də Rusiyaya qeyri-neft ixracını artırmaq və əməkdaşlığı gücləndirməyə qərarlıdır.
Ancaq xüsusilə Rusiyanın geoiqtisadi tərəfdaşına çevrilməsi və ümumilikdə Aİİ-nin yaxın dostu olmaq üçün İran çətin və uzun müddətli bir proseslə üzləşir. Ölkənin 2018-ci ilin mart-noyabr ayları üzrə xarici ticarət statistikası ittifaqa üzv ölkələrə ixracatın 236,3 milyon dollar olduğunu göstərir. Eyni dövrdə İran 807 milyon dollar məbləğində mal idxal edib ki, bunun da 723 milyonu Rusiyanın payıdır.
Aİİ üzvü olan ölkələr, İranın ümumi ixracatının 1%-ini və İranın idxal etdiyi malların ümumi həcminin 3%-ini təşkil edir. Rusiya İranın 22-ci ticarət tərəfdaşı olub, İranın idxal ölkələri siyahısında o, 9-cu sıradadır. Rusiyadan idxal 2017-ci ilin eyni dövrünə nisbətən 76%-lik sıçrayışla üzləşib. İran, həmçinin Aİİ ölkələrindən idxalını ikiqat artırıb. Böyük pay Rusiya Federasiyasına məxsusdur – 75%. Rusiya, eyni zamanda, İran mallarının əsas bazarı olub. Aİİ-nin İrana ümumi ixracının 1%-lik payında Rusiya 49%-lik yer tutur. İran xam neftinin 56%-i qonşuları üçün nəzərdə tutulub. Ancaq bu qonşuların üçü, Aİİ üzvü İranın ümumi xarici ticarətində kiçik paya sahibdir.
Bundan əlavə, Aİİ-nin liderliyinə baxmayaraq, Rusiyanın İranla ticarətində son on ildə (21 mart 2008-20 mart 2018) əhəmiyyətli artım müşahidə edilməyib. Əksinə, eyni dövrdə, Əfqanıstanın İranla ticarətinin həcmi iki dəfə artıb. Bu rəqəmlər göstərir ki, İran-Aİİ ticarət sazişi yalnız ikitərəfli ticarətin çətin yolunda ilk addımdır. Digər tərəfdən, İran da Şimal-Cənub Nəqliyyat Dəhlizində böyük rol oynaya biləcək və iki nəhəng regional iqtisadiyyat, yəni Rusiya və Hindistan arasında əlaqə yaratmaq üçün şimalda və Avrasiya regionunun cənubunda olan ölkələrlə münasibətlərini inkişaf etdirir.
Geoiqtisadi vəziyyətinə istinadən İran da Hindistan-Aİİ iqtisadi əlaqələri üçün ev sahibi və yardımçı rol oynamağa hazırlaşır. İran, Hindistan və Rusiya birgə nüfuzları ilə nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsində ümumi maraqlara malikdir. Tehran səlahiyyətlilərinin sözlərinə görə, ruslar layihənin dəmiryolu tikintisini inkişaf etdirmək üçün artıq 3 milyard avro (3,4 milyard dollar) ayırıb.
Rəsmi Dehli İranın cənub-şərqində strateji Çabahar limanını inkişaf etdirmək üçün 500 milyon dollarlıq öhdəlik götürüb. Layihənin digər tərəfdaşı – Azərbaycan Rəşt-Astara dəmir yoluna 500 milyon dollar investisiyanı təsdiqləyib və bu, Qəzvin-Rəşt dəmir yolunun işə düşməsindən əvvəl icra olunacaq. Strateji dəhliz İran-Rusiya və İran-Aİİ ticarətinin həcminə böyük təkan verəcək.
İran və Hindistan imtiyazlı ticarət sazişi üzrə danışıqlar aparır, Aİİ ilə olduğu kimi. Hindistanla Aİİ arasındakı saziş üfüqdədirsə, Tehran, İran-Rusiya qarşılıqlı əlaqələrini asanlaşdırmaqla, Aİİ üzv ölkələri ilə əlaqələri daha da genişləndirmək və geoiqtisadi statusunu artırmaq üçün yeni imkanlar tapacaq.
Makroiqtisadi səviyyədə İranın Aİİ ilə ticarət razılaşması, Şimali-Cənubi Nəqliyyat Dəhlizinin sürətləndirməyə istiqamətli səylər və Çabahar limanının inkişafına xüsusi diqqət yetirilməsi İranın ümumi Şərq yanaşması daxilində edilir. Vaşinqtonun JCPOA-dan çəkilməsindən sonra bu, İranın xarici siyasətində daha böyük sürət qazanıb və Rusiya, Hindistan və Çinlə əlaqələr genişləndirilib. Şübhəsiz, Rusiya və Aİİ-nun geoiqtisadi tərəfdaşı olma prosesi bir gecədə tamamlana bilməz. Bununla birlikdə, Şərqə doğru yanaşmanın artan dəyərini tanıyaraq, Tehran hədəfə çatmaq üçün səylərini artırmağa davam etdirəcək.