Avropa ordusuna doğru ilk addım Dünya

Avropa ordusuna doğru ilk addım

Almaniya baş naziri Angela Merkellə Fransa prezidenti Emmanuel Makron bu gün ölkələri arasındakı Yelisey müqaviləsinin 56-cı ildönümündə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsini nəzərdə tutan yeni saziş imzalayıblar.
İmzalanma mərasimi Almaniyanın Axen şəhərində baş tutan "Almaniya-Fransa əməkdaşlığı və inteqrasiya sazişi"ndə iki ölkə arasında xarici siyasət və təhlükəsizlik sferasının vacib məsələləri üzrə birgə məsləhətləşmələrin keçirilməsi, mədəniyyət və gənclər siyasətində əməkdaşlığın genişləndirilməsi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.
Lakin Merkel bəyan edib ki, Fransa ilə imzalanan bu sazişin ən mühüm töhfəsindən biri, sənədin ümumavropa ordusunun yaradılması istiqamətində ilk addım olmasıdır.
"Sazişin ikinci bəndi sülh və təhlükəsizlik mövzularına həsr edilib. Ümumi təhlükəsizliyimiz üçün Almaniya və Fransa olaraq ölkələrimizə silahlı hücum edildiyi halda, bütün gücümüzlə yardımlaşacaq və hücumların qarşısını birlikdə alacağıq. Və bura hərbi yolla kömək də daxildir. Artıq biz ümumi hərbi mədəniyyət formalaşdırmalıyıq. Ümumi müdafiə sənayesi, ümumi silah satışı siyasətini inkişaf etdirməliyik. Və beləliklə də, bir Avropaordusunun yaradılması üçün iki ölkənin üzərinə düşən vəzifə yerinə yetiriləcək" – Merkel vurğulayıb.
Makron isə öz növbəsində bildirib ki, bu gün Almaniya ilə Fransanın başlıca vəzifəsi "xalqlarımızı dünyadakı mənfi dəyişikliklərdən qorumaq üçün Avropanı bir qalxana çevirməkdir."