Avropanı Putinin peyki olmaq təhlükəsi gözləyir Dünya

Avropanı Putinin peyki olmaq təhlükəsi gözləyir

Zbiqnev Bzejinski: "Baş nazir Devid Kemeron dərk etməlidir ki, London Rusiyanın çirkli maliyyə əməliyyatlarının gerçəkləşdirildiyi Las Veqasa çevrilib"


"Təyyarəni vuran şəxslər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında dayanmalı, onların himəyəçisi isə qurbanlara görə hesab verməlidir". Bu fikirlərlə CNN telekanalına müsahibəsində, ABŞ-ın sabiq prezidenti Cimmi Karterin müşaviri, məşhur geostrategiyaçı ekspert Zbiqnev Bzejinski çıxış edib.
Bzejinski bəyan edib ki, bu məsələdə ilk növbədə Rusiya prezidentinin məsuliyyətini nəzərdə tutur: "Təyyarənin onun başkəsənləri tərəfindən və onun verdiyi silahla vurulduğunu, bu addımın həyata keçirmək istədiyi planlardan kənara çıxdığını, bu cinayət əməlini törədənlərin beynəlxalq tribunala veriləcəyini deməyə Putinin hələ ki, imkanı var".
Bzejinskinin qənaətinə görə, Putin Ukraynaya hərbi müdaxiləni də dayandıra bilər: "Putin bu addımları ata bilər. Yox əgər atmazsa, bu o deməkdir ki, Rusiya prezidenti bütün beynəlxalq birliyi qarşısına alıb". Ekspert bildirib ki, bütün dünya tarixi bir məqamın yetişdiyini başa düşməlidir: "Əgər vahid cəbhədə hərəkət etsək Putini dayandırmaq mümkün olacaq". Avropanın Rusiya qazından və kapitalından asılılığı ilə bağlı vəziyyəti şərh edən Bzejinski bildirib ki, Avropa liderləri ayrı-ayrılıqda öz missiyalarını anlamağa başlayıblar: "Merkelden öncəki kansler Avropanın Rusiya enerji daşıyıcılarından asılılığının yaradıcılarından biridir və kansler Merkel də bu həqiqətlə qarşı-qarşıya qalmalıdır: Avropa Rusiyanın peykinə çevrilmək istəyirmi? Prezident Olland qəbul etməlidir ki, Rusiyanı ən müasir silahlarla təchiz edə bilməz. Baş nazir Devid Kemeron anlamalıdır ki, London Rusiyanın çirkli maliyyə əməliyyatlarının gerçəkləşdirildiyi Las Veqasa çevrilib".
Bzejinski bəyan edib ki, liderlər ictimaiyyət qarşısında məsuliyyətlərini başa düşürlər və dərk edirlər ki, dünya üçün həllidici an gəlib çatıb.
Rusiyadakı vəziyyətə toxunan ekspert qeyd edib ki, onun bu ölkədəki və hətta Putinin ətrafındakı insanların narahatlığı ilə bağlı ciddi şübhələri var: "Rusiyanın dünyadakı statusu kəskin şəkildə dəyişir, ölkə iqtisadi uçuruma doğru gedir, onu Çinin peykinə çevrilmək təhlükəsi gözləyir, Rusiya özünü dünyadan təcrid edir. Hesab edirəm ki, Putinin hələ də indiki istiqaməti dəyişmək şansı var".

XC