Müharibə davam edir Dünya

Müharibə davam edir

Putinin işğalçılıq siyasəti Qərb mətbuatında

Cavid

Ukraynanın baş naziri Arseniy Yasenyuk Rusiyanın Minskdə imzalanan atəşkəs razılaşmasını pozmaqda davam edəcəyi təqdirdə Ukraynanın döyüş vəziyyətini elan etmək məcburiyyətində qala biləcəyini bəyanlayıb. Yasenyuk yerli telekanala verdiyi müsahibədə Ukraynanın müharibə istəmədiyini vurğulayaraq, keçən həftə imzalanan və Qərb ölkələri tərəfindən dəstəklənən atəşkəsin kağız üzərində qalacağı təqdirdə Ukraynanın müharibə elan etməkdən başqa çarəsi olmayacağını bildirib.
Baş nazir müharibə elan olunmasının hazırki vəziyyətdə həm mənfi, həm də müsbət cəhətləri olduğunu bildirib: "Müharibə elan etməyin əsas üstünlüklərindən biri budur ki, ölkədə bütün sektorlar müharibə səbəbiylə işlək vəziyyətə gətirilir. Onsuz da bizdə müharibə davam edir. Bəli elan edilməmiş, amma müharibədir".
Digər tərəfdən Yasenyuk müharibə elanının böhranın diplomatik həlli yolunu bağlayacağını və bu vəziyyətdə belə bir qərarın Qərb ölkələri tərəfindən dəstəklənməyəcəyini əlavə edib.
Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer isə deyib ki, Kiyev və Moskva arasında Rusiyanın bütün qoşunlarının və texnikasının Ukrayna ərazisindən çıxarılmasına dair razılaşma var: "Rusiya və Ukrayna arasında əldə olunmuş razılaşmaya əsasən, Rusiyanın Ukrayna ərazisində bu vaxtadək qalan bütün əsgərləri və texnikası çıxarılmalıdır. Beynəlxalq ictimaiyyət bunu diqqətlə izləyəcək".
Frank-Valter Ştaynmayer əlavə edib ki, Rusiya Donbasda atəşkəsin tətbiq olunmasına dair Minsk razılaşmasının icrasında öz töhfəsini verməyə borcludur.
Maydan hərəkatının tanınmış fəallarından olan Vladimir Parasyuk isə deyib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin xarici düşməni kimi Rusiyanı müəyyənləşdirməlidir.
"Biz dərk etməliyik ki, heç bir antiterror əməliyyatları yoxdur, ölkədə müharibə gedir. Müəyyən etmək lazımdır ki, bizim düşmənimiz kimdir. Biz burada hansısa separatizm haqqında danışırıq. Antiterror gücləri qərargahı deyir ki, Rusiya tərəfindən hücum var. Deməli, Rusiya bizim düşmənimizdir. Poroşenko çıxıb deməlidir ki, Rusiya bzim düşmənimizdir və torpağımızı işğal etmək istəyir", - V.Parasyuk bildirib.
O həmçinin bildirib ki, Müdafiə Nazirliyinin rəhbəri dəyişdirilməlidir: "Bizə məsuliyyətli və əhali arasında böyük mənəvi etibarı olan bir insan lazımdır. Bizdə koordinasiya sıfır səviyyəsindədir. Könüllü batalyonların istənilən komandirini bu vəzifəyə irəli sürmək olar. Nəticə yüz dəfə daha yaxşı olacaq".
Bu arada Rusiya jurnalistləri Ukraynanın şərqindəki separatçıların maliyyələşdirilməsi ilə bağlı bir araşdırma aparıb.
UHİAH saytının verdiyi məlumata görə, aparılan araşdırma Luqansk və Donetsk "xalq respublikaları"nın maliyyələşməsi sxemini ortaya qoyur. Araşdırmaların nəticəsinə görə, separatçıların maliyyələşdirilməsinə Müqəddəs Böyük Vasiliy Fondu və rusiyalı biznesmen Konstantin Malofeyev başçılıq edir.
Qeyd edək ki, Konstantin Malofeyev barəsində Ukraynada həbs qərarı çıxarlıb. O. Həmçinin Avropa Birliyi və Kanadanın sanksiyaları siyahısına düşüb. Adıçəkilən fond da "Donetsk Xalq Respublikası" separatçı qurumu ilə birgə çalışır. Fondun baş direktoru Zurab Çavçavadze və "DXR"in "baş nazir"i Aleksandr Boroday 17 iyunda əməkdaşlıq haqqında razılaşma imzalayıb.
"Bu təşkilat humanitar yardımın göstərilməsi üzrə fəaliyyəti öz üzərinə götürməyi təklif etdi və mən razılaşmanı imzaladım", - Boroday bildirmişdi.
Malofeyev isə "Novorossiya" adlandırılan humanitar fondla əməkdaşlıq edir. "Novorossiya" informasiya agentliyinin məlumatına fond birbaşa "DXR"in keçmiş "müdafiə naziri" İqor Strelkova tabedir.
Moskva Karnegi Mərkəzinin "Daxili siyasət və Rusiya institutları" proqramının rəhbəri, rusiyalı politoloq Liliya Şemsov Polşanın "Viadomosi" portalına açıqlamasında bildirib ki, Qərb Putinlə yola getməyə hazırdır: "Qərb Şərqi Ukraynanı qurban verməyə, sülh razılaşması qarşılığında Rusiyanın təsir sahəsini genişləndirməyə və qarşıdurmadan qaçmağa hazırdır. Putinin zorakı metodları artıq öz effektivliyini sübut edib. Rusiya prezidenti Ukraynadan sınaq olaraq istifadə edir və yoxlayır ki, o, nə qədər uzağa gedə bilər, Qərbin reaksiyası necə olacaq".
Rusiyalı politoloqun sözlərinə görə, Putin həm də Qərbin real "qırmızı xətt"inin haradan keçdiyini yoxlamaq istəyir: "Problem ondadır ki, Qərb belə bir xətti çəkməyəcəksə, o halda Putinin təcavüzü də davam edəcək. Onun hədəfi yeni dünya nizamını inşa etməkdir. Sülh danışıqları Ukrayna və Qərbə Putinin son layihəsini qəbul etməyə məcbur etmək cəhdidir. Sülh danışıqları bir ticarətdir. Putin təklif edir: biz atəşi dayandırırıq, amma siz Şərqi Ukraynanın böyük şəhərlərindən çıxırsınız. Və Qərb bu vəziyyəti müzakirə edəcək. Əslində bu, Ukraynanın ikinci parçalanmasıdır. Birinci parçalanma isə Krımın tutulması idi".
L.Şemsov qeyd edir ki, muxtar "Novorossiya" Ukraynanı vurmaq üçün kifayət qədər güclüdür: ""Novorossiya" Avropa Birliyi və NATO-ya üzvlük üzrə Ukraynanın şanslarını alt-üst edəcək və ölkəni müflisləşdirəcək. Putinin də istədiyi elə budur. Açıq əlamətlər var ki, Putin öz hədəfinə nail olacaq. O, demək olar ki, sülh təkliflərinin Qərb tərəfindən qəbul olunacağına əmindir. Çünki Qərb Ukraynaya görə özünü fəda etmək və mümkün müharibəyə pul xərcləmək niyyətində deyil. Əksinə, Qərb nəyin bahasına olursa-olsun, real qarşıdurmadan qaçmaq istəyir. Fakt olaraq Malayziyanın "Boinq-777" sərnişin təyyarəsinin vurulmasını göstərmək olar. Qəzada Qərb vətəndaşları həlak oldu və bu hadisə dönüş anı ola bilərdi. Amma olmadı. "Putin növbəti dəfə Qərbin acizliyindən əmin oldu".
L.Şevsov Rusiyanın Ukraynaya təcavüzü fonunda Polşanın vəziyyətindən danışıb: "Ən azından Polşada siz sakit yata bilərsiniz. Ən yaxın illərdə Polşa Rusiyanın təsir sahəsi ola bilməz. Çünki keçmiş SSRİ ilə müqayisədə Putində sadəcə güc yoxdur".
L.Şevsov Ukrayna hadisələrindən sonra Kremlin yeni strategiyanı həyata keçirməyə başladığını bildirib:
"Bu strategiya ondan ibarətdir ki, Rusiya bundan sonra özünü "mühasirəyə alınmış qala" kimi aparacaq. Kreml düşmən axtarışı əsasında öz xalqını səfərbər edir. Nəhayət, Rusiya yeni qalaktikanın mərkəzi roluna iddia edir. Hansı ki, onun ətrafında əlaltıları fırlanmalıdır. Çətin ki, Rusiyanın qonşuları özlərini rahat hiss edə bilərlər. Axı onların başı üstündə dayanan nüvə dövlətidir. Yeni Putin doktrinasının əsas elementi ondan ibarətdir ki, Rusiya supergüc olmalıdır. Rusiya qayıdıb və onun maraqlarının öz sferaları var".
Moskva Karnegi Mərkəzinin eksperti Qərb-Rusiya qarşıdurması fonunda Kremlin Cənubi Qafqazda da qeyri-sabitlik yarada biləcəyini istisna etmir: "Faktiki olaraq, Rusiya Dnestrtyanı ərazi amili ilə Moldovanın parçalanması təhlükəsini saxlayıb. Məhz Dnestryanı ərazi amili Moldovanı zəiflədir. Amma Avropa Moldovanın təhlükəsizliyinə təminat vermək və onun Avropaya inteqrasiyasına şərait yaratmaq istəyir. Kreml başqa regionlarda, həmçinin Cənubi Qafqazda münaqişəli zonalardan istifadə edə bilərmi? Hesab edirəm ki, Kreml bunu heç vaxt planlarından çıxarmayıb. Putin doktrinası bu gün postsovet məkanında qeyri-stabilliyin yaradılmasına hesablanıb. Belə bir vəziyyət isə Moskvaya arbitr rolunu oynamağa imkan verir".